Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Ölkədə müəllim çatışmazlığı yaranıb: Tarix müəllimi kimya fənnini tədris edərsə...

© iStock.com / Drazen ZigicMüəllim
Müəllim - Sputnik Azərbaycan, 1920, 04.03.2024
Abunə olmaq
Eksklüziv
Bir müəllimin öz fənni ilə yanaşı digər fənləri tədris etməsi problemi ötən gün Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində öz əksini tapıb.
BAKI, 4 mart — Sputnik. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) hansı halda müəllimin öz fənni ilə yanaşı digər fənləri tədris etməsinin mümkünlüyünü açıqlayıb. MÜTDA-dan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, məktəbdə fənn müəllimi olmazsa, digər ixtisaslı müəllimlərin həmin fənni tədris etməsinə icazə verilir:

"Ümumtəhsil müəssisəsində hər hansı fənn üzrə müəllim çatışmazlığı yaşanırsa, Elm və Təhsil Nazirliyi tərəfindən həmin yer vakant olaraq müsabiqəyə çıxarılır. Mövcud qanunvericiliyin tələblərinə əsasən, məktəbin yerləşdiyi ərazinin relyef şəraitindən asılı olaraq, müsabiqə iştirakçılarına xüsusi həvəsləndirmə tədbirləri də şamil olunur. Bu və ya digər səbəbdən qeyd olunan vakant yerə təyinat aparılması mümkün olmadıqda, məktəbə ən yaxın məsafədə yerləşən digər məktəbdən eyni fənn müəlliminin tədrisə cəlb olunması üçün addımlar atıla və ya məktəbdaxili yaxın ixtisaslı digər fənn müəllimlərinin vakant olan fənnin tədrisinə cəlb olunması mümkün ola bilər".

Qeyd edək ki, bir müəllimin öz fənni ilə yanaşı digər fənləri tədris etməsi problemi ötən gün Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsində öz əksini tapıb.
Ombudsmanın məruzəsində qeyd edilib ki, əvəzçilik qaydasında və müddətli əmək müqaviləsi ilə ixtisaslı müəllimlərin cəlb olunmasına baxmayaraq, ölkənin bəzi ucqar kənd və qəsəbələrində yerləşən orta ümumtəhsil məktəblərində kadr çatışmazlığı müşahidə edilməkdədir. Belə ki, ixtisaslı müəllimlər öz fənləri ilə yanaşı, ehtiyac olduğu təqdirdə digər fənləri də tədris edirlər ki, bu da təhsilin keyfiyyətinın aşağı düşməsinə, eyni zamanda şagird və valideynlərin ciddi narazılığına səbəb olur:

"Vətəndaşın əsas şikayəti müvafiq fənnin digər ixtisaslı kadr tərəfindən tədris edilməməsi ilə bağlıdır. Bir sözlə, istinad edilən qanunvericilik aktının müvafiq müddəası qeyd olunan problemin həlli yolu kimi çıxış edə bilməz. Belə halların davamlı olmasını və təhsil hüququna neqativ təsirini nəzərə alaraq, kənd rayonlarında, xüsusilə ucqar yaşayış məntəqələrində yerləşən ümumi təhsil müəssisələrinin ixtisaslı kadrlarla təmin edilməsinə, bu məqsədlə kadrların işə cəlb olunmasının stimullaşdırılması məsələlərinə diqqət artırılmalıdır".

Təhsil üzrə ekspert Elçin Əfəndi Sputnik Azərbaycan-a açıqlamasında əksər ucqar kənd məktəblərində bu problemin yaşandığını bildirib. Onun sözlərinə görə, ucqar dağ kəndlərində müəyyən fənlər üzrə vakansiya yaransa da, həmin fənn müəllimləri orada işləməyə həvəs göstərmirlər. Səbəb dərs saatlarının az olması və əməkhaqqının azlığıdır:
© Sputnik / Nigar İskenderTəhsil eksperti Elçin Əfəndi
Təhsil eksperti Elçin Əfəndi  - Sputnik Azərbaycan, 1920, 03.03.2024
Təhsil eksperti Elçin Əfəndi

"Ona görə də, belə məktəblərdə kortəbii surətdə tarix müəllimi biologiya fənnini, fizika müəllimi isə Azərbaycan dili fənnini tədris edir. Əgər bir məktəbdə tarix müəllimi yoxdursa, coğrafiya müəllimi tarix fənnini tədris edə bilər. Kimya müəllimi biologiya fənnini, riyaziyyat müəllimi informatika fənnini, fizika müəllimi riyaziyyat dərsini tədris edə bilər. Ən azı, fənlər arasında yaxınlıq olmalıdır ki, müəllim həmin fənni tədris edərkən çətinlik çəkməsin, dərsi şagirdə izah edə bilsin. Amma təəssüf ki, bu kimi məqamlar ucqar dağ kəndlərində var. Ona görə də çıxış yolu vakant fənn müəllimləri ştatları üzrə dərs saatlarını artırmaqdır".

E.Əfəndi həmçinin bu kimi halların tədrisin keyfiyyətini aşağı saldığını da söyləyib.
"Bir fənn müəlliminin bir neçə fənni tədris etməsi sadəcə o dərs saatlarının boş qalmamasını təmin edir. Amma həmin fənlər üzrə şagirdlərə keyfiyyətli təhsil verilmir" - ekspert fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0