CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərbi xidmətə çağırışda hansı qanunsuzluqlara yol verilib? Prokurorluq araşdırma aparıb

© Sputnik / Rahim MuradovSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin emlemi , arxiv
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin emlemi , arxiv  - Sputnik Azərbaycan, 1920, 04.03.2024
Abunə olmaq
Həmin materiallardan 12-si üzrə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb və 13 şəxs məhkəmə məsuliyyətinə verilib.
BAKI, 4 mart - Sputnik. Hərbi xidmətə çağırışla bağlı yol verilən qanun pozuntularının aşkar olunaraq qarşısının alınması və profilaktikası, habelə bu sahədə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər aidiyyəti dövlət qurumları ilə birgə davamlı olaraq kompleks tədbirlər həyata keçirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, bu məqsədlə prokurorluq orqanlarına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim olunan məlumatlar və vətəndaş müraciətləri əsasında vəzifəli şəxslərin, qanunazidd əməllərin törədilməsində vasitəçilik, habelə digər formada iştirak etmiş şəxslərin barəsində araşdırma aparılıb.
Belə ki, 2023-cü il ərzində prokurorluq orqanlarında qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları üzrə ümumilikdə 78 material üzrə araşdırma aparılıb (onlardan 15-i SHXÇDX-dən daxil olub, 63-ü isə vətəndaş müraciəti üzrə araşdırılıb). Həmin materiallardan 12-si üzrə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb və 13 şəxs məhkəmə məsuliyyətinə verilib.
Habelə 15 material üzrə digər prokuror təsir tədbirləri tətbiq olunub, qalan materiallar üzrə isə hazırda araşdırma davam etdirilir. Qeyd olunan dövr ərzində qanun pozuntularından çəkindirmək məqsədi ilə SHXÇDX-nin 3 vəzifəli şəxsinə xəbərdarlıq elan edilib, aşkar olunmuş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə isə qurumun 16 əməkdaşı barəsində təqdimat verilib.
2024-cü ildə prokurorluq orqanlarında bu kateqoriya məlumatlarla bağlı 18 material üzrə araşdırma aparılaraq (onlardan 7-si SHXÇDX-dən daxil olub, 11-i isə vətəndaş müraciəti üzrə olub), 1 halda cinayət işi başlanıb, digər materiallar üzrə isə hazırda araşdırma davam etdirilir.
Hərbi xidmətə çağırışla bağlı törədilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri aidiyyəti dövlət orqanları ilə birgə bundan sonra da davam etdirilərək nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin olunacaq.
29.02.24, 23:30
Dövlət Xidmətinin 100-dən çox əməkdaşı məsuliyyətə cəlb olundu
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində müvafiq işlər görülüb.
Dövlət Xidmətindən verilən məlumata görə, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq 2023-cü ildə 78 əməkdaş, 2024-cü ilin müvafiq dövründə isə 58 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. 2023-cü ildə 15 fakt üzrə 22 nəfər, 2024-cü ildə isə 6 fakt üzrə 26 nəfər barəsində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Bundan başqa, xaricdə ali təhsil almaları ilə bağlı saxta sənəd təqdim etməklə və digər yollarla müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınan şəxslərin hərəkətlərinə prosessual qiymət verilməsi üçün xidmətin yerli qurumlarında toplanmış çoxsaylı materialların aidiyyəti istintaq orqanlarına göndərilməsi təmin edilib.
Qeyd edək ki, bu kimi tədbirlər "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqlarının icrasını təmin etmək məqsədilə həyata keçirilir.
Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların 9100 Çağrı Mərkəzinə və ya info@seferberlik.gov.az elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0