Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın valyuta bazarı: dollara tələb niyə kəskin şəkildə artıb?

© Sputnik / Murad OrujovDollar və manat
Dollar və manat - Sputnik Azərbaycan, 1920, 04.03.2024
Abunə olmaq
Deputat bildirib ki, bu il hərraclarda 1,3 milyard dollar satılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. Bazarın valyuta təklifinin artırılmasına və şaxələndirilməsinə ciddi ehtiyac var.
BAKI, 4 mart — Sputnik. Fevralın son hərracında dollara tələb müqayisəli olaraq azalsa da, valyuta bazarı üçün ötən ay heç də asan olmadı.
Deputat Vüqar Bayramov bildirib ki, təkcə fevral ayında valyuta hərraclarında 870,6 milyon dollarlıq sifariş qeydə alınıb ki, bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,6 dəfə çoxdur: "Bu ilin ilk 2 ayında isə hərraclarda 1,3 milyard dollar satılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur".
"5 hərracın hər birində tələb 100 milyon dollardan çox olub"
Deputatın sözlərinə görə, sonuncu hərracda 80 milyon dollarlıq sifariş ondan xəbər verir ki, valyuta bazarındakı volatillik bu ay optimallaşdırıla bilər: "Ondan əvvəlki 5 hərracın hər birində tələb üç rəqəmli, yəni 100 milyon dollardan çox olub. Bununla belə, mart ayında da bayram, qeyri-iş günlərinin sayını və potensial idxal həcmini nəzərə alsaq dollara tələbin kəskin azalmayacağı istisna deyil".
"Tələbin kəskin artmasının digər iqtisadi və psixoloji səbəbləri var"
O qeyd edib ki, Mərkəzi Bank fevral ayında dollara tələbin artmasını daha çox mövsümi faktorlar ilə bağlı olduğunu bəyan edib: "Mövsümi faktorlar həmin dövrə uyğun olaraq daha çox təbii yaranan səbəblər kimi nəzərdə tutulsa da əvvəlki illərin fevral aylarında valyuta bazarında hər zaman sakitlik müşahidə olunub. Bu isə ondan xəbər verir ki, fevralda valyutaya tələbin kəskin artmasının digər iqtisadi və psixoloji səbəbləri var. Belə ki, 2023-cü ilin fevralında hərraclarda cəmi 326,5 milyon dollar, 2022-ci ilin eyni ayında 371,3 milyon dollar və 2021-ci ilin həmin ayında isə 437,4 milyon dollar satılıb. Bu ilin fevralında isə bu rəqəm 870,6 milyon dollar olub. Göründüyü kimi, 2024-cü ilin fevral ayında müşahidə edilən kəskin artım əvvəlki 3 ilin ferval aylarında qeydə alınmayıb".
"İdxalın artması da dollara tələbi yüksəldir"
"Azərbaycanda idxalın artması da dollara tələbi yüksəldir. Belə ki, 2023-cü ildə idxal 17,3 milyard dollara çatıb. İdxal isə valyuta tələbi deməkdir. Tələbi optimallaşdırmaq üçün isə bazarın valyuta təklifinin artırılmasına və şaxələndirilməsinə ciddi ehtiyac var" - deputat əlavə edib.
"Valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir"
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankından bildirilib ki, son hərraclarda valyutaya tələbin aktivləşməsi mövsümi xarakter daşıyır: "Bu, əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədardır. Ümumilikdə isə qeyd etmək lazımdır ki, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bu meyillərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir".
"Dollar-manat məzənnəsi 2026-cı ilədək dəyişməyəcək" - Proqnoz
Əlavə edək ki, Azərbaycan Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq məqsədilə 2017-ci ildən milli valyutanın ABŞ dollarına qarşı məzənnəsini 1,7 manat səviyyəsində müəyyən edib.
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi də 2026-cı ilə qədər USD/AZN məzənnəsinin 1,7 səviyyəsində qalacağını proqnozlaşdırır. Agentliyə görə, karbohidrogen qiymətlərində kəskin azalma olarsa və uzun müddət aşağı səviyyədə qalarsa hökumət manatın məzənnəsinə düzəlişlər etməyi düşünə bilər.
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.
Xəbər lenti
0