Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

DİM-in audioqurğuları nasaz olub: 52 min şagirdin buraxılış imtahanından şikayət - VİDEO

© Sputnik / Murad Orujovİmtahan, arxiv
İmtahan, arxiv - Sputnik Azərbaycan, 1920, 04.03.2024
Abunə olmaq
DİM problemin yarandığını təsdiqləyərək vaxt itkisinin nəzərə alındığını, şagirdlərə əlavə vaxt verildiyini bildirib.
BAKI, 4 mart — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) martın 3-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanında xarici dildən dinləmə mətninin səsləndirilməsi zamanı audioqurğuda texniki nasazlığın yaranması iddialarına cavab verib. DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünən 52 mindən artıq şagird imtahan verib. Odur ki, səsgücləndiricilərin işləmədiyini söyləmək doğru deyil:
"Qayda belədir ki, dinləmə qurğusunda hansısa texniki problem olarsa, o, yerindəcə həll edilir. Ehtiyat qurğu vasitəsilə dinləmə mətninin səsləndirilməsi təmin olunur və vaxt itkisi varsa, o da əlavə vaxt verilməklə kompensasiya olunur".
Valideynlər isə Sputnik Azərbaycan-a bildiriblər ki, ingilis dili üzrə dinləmə mətninin səsləndirilməsi zamanı audioqurğuda texniki nasazlıq əksər imtahan zallarında aradan qaldırılmayıb. Hətta əksər şagirdlərin narazılığına məhəl belə qoyulmayıb.
@sputnik.azerbaycan ‼️Valideynlər "Dövlət İmtahan Mərkəzi"ndən şikayət edirlər: buraxılış imtahanlarında səs qurğuları nasaz çıxdı. #imtahan #buraxılışimtahanı #dövlətimtahanmərkəzi #valideyn #uşaq #tələbə #xeber #baku #baki #kəşfetazərbaycan #azerbaycantiktok ♬ оригинальный звук - Sputnik Azərbaycan
Valideyn Elşad Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, övladı dünən Saray qəsəbəsi, 2 saylı orta məktəbdə buraxılış imtahanı verib. 4733 saylı imtahan zalında xarici dil üzrə dinləmə mətninin səsləndirilməsi zamanı audioqurğuda texniki nasazlıq yaranıb. Şagirdlər səsi eşidə bilmədiklərini desələr də, problem aradan qaldırılmayıb.

"DİM abituriyentlərin taleyi ilə oynayıb. İmtahan başlayanda audioqurğunu açıb qutudan çıxardıblar. Bir gün öncədən bu avadanlıqlar yoxlanılmayıb. Bu, DİM-in səhlənkarlığıdır, əziyyətini abituriyentlər çəkiblər. Abituriyentlər bu problemlə bağlı narazılıqlarını bildirsələr də, texniki nasazlıq aradan qaldırılmayıb və itirilən vaxt kompensasiya edilməyib".

E.Məmmədlinin sözlərinə görə, ümumiyyətlə, Saray qəsəbə 2 saylı məktəbdə 4733, 4734, 4735 saylı imtahan zallarının hamısında bu problem olub:
"Mən DİM-ə şikayət etmişəm. DİM də deyir, protokolda ayrı şey yazılıb. Protokola özləri istəyəni yaza bilərlər, reallıq isə odur ki, dinləmə qurğusu işləməyib və yenisi gəlməyib. Ona görə də, mən şikayət etmişəm. 10 bal belə abituriyentlər üçün həlledici rol oynayır. DİM-in səhlənkarlığı nəticəsində abituriyentlər bal itkisi ilə üz-üzə qalıblar" - Elşad Məmmədli bildirib.
DİM-dən isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, qeyd olunan müraciət imtahan rəhbərinin və imtahanın gedişi haqqında zal nəzarətçisinin protokolu əsasında araşdırılıb. Zal nəzarətçisindən və imtahan rəhbərindən şifahi izahatlar alınıb. Araşdırma nəticəsində məlum olub ki, həmin zalda dinləmə mətninin səsləndirilməsi zamanı audioqurğuda texniki nasazlıq aşkarlanıb və təlimata uyğun olaraq şagirdlərə digər tapşırıqlara davam etmələri söylənilib, audioqurğu yeni qurğu ilə əvəz edilərək dinləmə mətninin səsləndirilməsi uğurla icra edilib. Vaxt itkisi nəzərə alınaraq şagirdlərə əlavə vaxt da verilib.
Qeyd edək ki, DİM-in sosial şəbədəki rəsmi səhifələrində dinləmə mətninin səsləndirilməsi zamanı audioqurğuda texniki nasazlıqla bağlı çoxsaylı valideynlər narazılıqlarını bildiriblər. Hətta bəziləri bu texniki nasazlıq üzündən müxtəlif məktəblərdə abituriyentlərə 30 dəqiqə əlavə vaxt verildiyini bildirib.
Təhsil üzrə ekspert Kamran Əsədov da Sputnik Azərbaycan-a açıqlamasında bu problemin aradan qaldırılmalı olduğunu söyləyib. Onun sözlərinə görə, 2008-ci ildən tətbiq edilən kurikulum standartlarından biri də şagirdlərin dil bacarağının dinləmə ilə yoxlanılmasıdır. Mətnin səsləndirilməsi zamanı audioqurğuda texniki nasazlıq üzündən abituriyentlər bir neçə bal itirirlər. Problemin həlli üçün abituriyentlərə qulaqcıq verilməlidir:
"Bir dinamiklə mətnin səsləndirilməsi zamanı zalın sonunda əyləşən abituriyentlər mətni eşidə bilmirlər. Buna görə narazılıqlar var. Budəfəki problem isə mütləq araşdırılmalıdır. Apellyasiya şikayətləri ilə hüququ pozulan şagirdlərin hüququ bərpa olunmaldır".
Ekspert onu da əlavə edib ki, bu avadanlıqlar imtahan başlamamışdan öncə mütləq yoxlanılmalıdır.
Xəbər lenti
0