CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Su anbarını yudurtmayan MTK-ları hansı cəza gözləyir? Rəsmi açıqlama

© Sputnik / Evgeniy Odinokov / Mediabanka keçidSu kranı
Su kranı - Sputnik Azərbaycan, 1920, 01.03.2024
Abunə olmaq
Qurum nümayəndəsi bildirib ki, qəza hallarında suyun keyfiyyətində problemlər müşahidə oluna bilər.
BAKI, 1 mart — Sputnik. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti suyun keyfiyyəti ilə bağlı səsləndirilən iradlara münasibət bildirib. Cəmiyyətin baş texnoloqu Cəmil Babayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, suyun tərkibində 3,9% bakterioloji göstəricilərin qeydə alınması norma çərçivəsindədir.
"Suyun keyfiyyətini təyin etmək üçün 110 anlayış var. Suyun keyfiyyəti tək bir göstərici ilə təyin olunmur. "İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət" AZS 929:2023 dövlət standartının tələblərinə əsasən bu göstərici 5 faizi keçməməlidir. Fiziki-kimyəvi göstəricilərin isə kənaraçıxması mərkəzləşdirilməmiş su mənbələrində suyun ümumi codluğunun yüksək olması ilə bağlıdır. Müəyyən qədər kənarlaşma insan orqanizminə davamlı istifadə zamanı təhlükə yaratmır".
C.Babayev deyib ki, "Azərsu" ASC-nin işi suyu satmaqdır. Yaşayış binalarında əhaliyə verilən suyun keyfiyyətinə isə MTK-lar cavabdehdir. Qurum nümayəndəsi həmçinin bildirib ki, qəza hallarında suyun keyfiyyətində problemlər müşahidə oluna bilər. Amma digər hallarda əhaliyə verilən suyun keyfiyyət göstəriciləri normaya uyğundur.
Qeyd edək ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda dinləmədə deputat Məlahət İbrahimqızı bildirib ki, Bakıda binalarda olan su çənlərinin təmizlənməsinə nəzarət edilmir.
© Photo : APAMəlahət İbrahimqızı, millət vəkili
Məlahət İbrahimqızı, millət vəkili - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Məlahət İbrahimqızı, millət vəkili
Deputat bildirib ki, bu çənlər təmizlənir, təmizlənmir, bilinmir:

"Əksəriyyət artıq hündürmərtəbəli binalarda yaşayır. Hamı təsdiq edər ki, kranı açanda qum gəlir. Mən heç öz həyətimizdə çənin təmizlənməsini görməmişəm. Bununla bağlı qurumlar koordinasiyalı fəaliyyət göstərməlidir".

Deputat İltizam Yusifov isə deyib ki, emal etdiyimiz, xərc çəkdiyimiz təmiz içməli suyu insanlara çatdıra bilmirik:
"Binalarda su çirkli çənə tökülür və insanlar qumlu, çirkli su içir. Bu gün 600 min tondan artıq içməli suyu insanlar alır. Evlərdə qablaşdırılmış sulardan əhali istifadə edir. Biz içməli təmiz su emal ediriksə, bu, əhali üçün çox böyük xərcdir. Texniki suyun içməli sudan ayrılması məsələsi diqqətə alınmalıdır. Bu, böyük xərc tələb edən prosesdir. Biz bundan əvvəl çoxmənzilli binalarda müəyyən format müəyyənləşdirməliyik ki, yağış sularından istifadə edərək texniki suyla bunu əvəzləmiş olaq. Bu, həm də daha az xərc tələb edər".
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Kommunal Gigiyena bölməsinin müdiri Eldar Abdullayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, MTK-lar sahibkarlıq subyektidir. Yaşayış binalarının su anbarları isə MTK-ların balansındadır.

"Bizim qurum su anbarlarını təmizləmir. Anbarları MTK-lar müvafiq şirkətlərlə müqavilə bağlayaraq ildə ən azı bir dəfə təmizlətməlidirlər. Azərbaycanda "İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət" AZS 929:2023 dövlət standartı qüvvəyə minib. Yeni standartın tələbinə görə MTK-lar ildə bir dəfə su anbarını yudurtmalıdır. Əgər bunu etməyibsə, laborator müayinələr zamanı çirklənmə aşkarlanıbsa, İnzibati Xətalar Məcəlləsinin 265-ci maddəsinin 265.2 bəndinə əsasən "İçməli suyun keyfiyyətinin sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlməməsinə görə" üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir" - E.Abdullayev bildirib.

© Sputnik / Ilham MustafayevEldar Abdullayev
Eldar Abdullayev - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Eldar Abdullayev
O, əlavə edib ki, yaşayış binalarının sakinləri binanın komendantından anbarın hansı tarixdə yuyulub-təmizlənməsi barədə məlumatı tələb edə bilərlər:

"Əgər MTK su anbarını ən azı ildə bir dəfə təmizlədibsə, sakinlərə bunu əks etdirən müqavilə sənədini təqdim etməlidir".

Apardığımız araşdırma zamanı məlum oldu ki, su anbarlarının yuyulması qiymətləri 500 manatdan başlayır. Su anbarının ortalama tutumu adətən 300-500 kubmetr arasında olur. Bu həcmdə anbarların yuyulması isə 700-800 manat arasında dəyişir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0