Bakı-Sumqayıt qatarlarında sərnişin sıxlığının səbəbi açıqlandı
16:03 26.02.2024 (Yenilənib: 16:09 26.02.2024)
© Official website of President of Azerbaijan RepublicBakı-Sumqayıt qatarı
© Official website of President of Azerbaijan Republic
Abunə olmaq
Sədr bildirib ki, layihənin həyata keçirilməsi üçün böyük məbləğdə investisiya qoyuluşu tələb olunur.
BAKI, 26 fevral — Sputnik. Sumqayıt və Bakı arasında dəmir yolunda kifayət qədər sərnişin sıxlığı var. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, ötən ilin əvvəlində günlük 24 min sərnişin daşındığı halda, bu rəqəm indi 30 mindən çoxdur. Sərnişin qatarlarındakı sıxlıq bununla bağlıdır.
O deyib ki, qatarların gecikməsi dünyanın hər yerində baş verir:
"Soyuq və qeyri-normal hava şəraitində belə problemlər yarana bilir. Bununla bağlı əsas səbəb dəmiryolu infrastrukturunun çox köhnə olmasıdır. Bakı dairəvi dəmir yolunda elektrik sistemi ötən əsrin 20-ci illərində qurulub. Modernizasiya olunsa da, yolun əsaslı və yenidən təmirə ehtiyac var. Hazırda bunun layihəsi hazırlanır. Yolun tamamilə yenidən qurulması planlaşdırılır. Elə bir plan fikirləşirik ki, həm sərnişinlərin gündəlik hərəkətinə mane olmayaq, həm də bu xəttin tam yenidənqurulmasını həyata keçirək. Qatar intensivliyinin aşağı salınması zəruri olacaq. Layihənin həyata keçirilməsi üçün böyük məbləğdə investisiya qoyuluşu tələb olunur. Bunun hesablanması aparılır. Dəmiryolu infrastrukturunun sağlamlaşdırılması üzərində çalışırıq".
O, həmçinin bildirib ki, cənub istiqamətində dəmiryolu xətti saatda 20 km sürətlə hərəkət etməyə imkan verdiyi üçün, bu, sərnişindaşıma üçün məqbul hesab edilmir. Cənub istiqamətində dəmiryolu xətti texniki olaraq yalnız yükdaşıma üçün yararlıdır.
ADY sədri qeyd edib ki, cənub istiqamətində dəmiryolu xəttinin sərnişindaşınma üçün açılması gündəmdə deyil. Bu yol yalnız əsaslı yenidənqurma işlərindən sonra sərnişindaşıma üçün bərpa oluna bilər. O, həmçinin ara stansiyaların sökülməsi məsələsinə də aydınlıq gətirib:
"Bu, optimallaşdırmadır. Optimallaşdırma həyata keçirilərkən yaxın məsafədə olan stansiyalar birləşdirilir və ya ləğv edilə bilər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.