Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Məktəb şagirdlərin məktəbdənkənar davranışına görə məsuliyyət daşımır - Dövlət agentliyi

© Sputnik / Irina AdamovaMəktəbli, arxiv şəkli
Məktəbli, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.02.2024
Abunə olmaq
MÜTDA-dan bildirilib ki, pilot şəkildə tətbiq olunan yeni şagird davranış qaydalarına respublikanın 300 məktəbi qoşulub, onlardan 62-si paytaxt məktəbidir.
BAKI, 24 fevral — Sputnik. "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" nın tətbiq olunduğu məktəblərdə nəticə müsbətdir. Ona görə də, növbəti tədris ilindən bu qaydaların tətbiq edildiyi pilot məktəblərin sayı artırılacaq".
Bu sözləri Sputnik Azərbaycan-ın sorğusuna Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) verilmiş cavabda bildirilib. MÜTDA-dan onu da qeyd ediblər ki, pilot şəkildə tətbiq olunan yeni şagird davranış qaydalarına hələ ki, respublikanın 300 məktəbi qoşulub. Onlardan 62-si Bakı məktəbidir. Növbəti ildən bu məktəblərin sayı daha da artırılacaq. Çünki, pilot şəkildə 300 məktəbdə tətbiq olunan yeni şagird davranış qaydaları ilə bağlı qiymətləndirmələrin nəticələri bu məktəblərin sayının artırılmasını məqsədəuyğun hesab edir.
Qeyd edək ki, Bakıda 156 saylı məktəbin şagirdləri arasında baş verən zorakılıq hadisəsi "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" məsələsini yenidən aktuallaşdırıb. Hadisənin baş verdiyi 156 saylı məktəb özü də bu qaydaların tətbiq edildiyi pilot məktəblərdəndir.
MÜTDA-dan isə bildirilib ki, hadisə məktəbdə baş vermədiyindən bunu məktəbdə tətbiq edilən pilot layihənin uğursuz olması ilə əlaqələndirmək düzgün deyil. Çünki, məktəb şagirdlərin məktəbdənkənar davranışlarına görə məsuliyyət daşımır.
Amma qeyd edək ki, məktəb təlim-tərbiyə ocağı sayıldığından orada təhsil alan şagirdlərin məktəbdənkənar davranışları belə məktəbdə tərbiyə işlərinin zəif olmasından xəbər verir.
Xatırladaq ki, Xəzər rayonu 156 nömrəli tam orta məktəbin şagirdinin həmcinsinə qarşı etdiyi zorakılıq halı ilə bağlı videogörüntülər sosial şəbəkələrdə rezonansa səbəb oldu. 156 saylı məktəbin şagirdi öz məktəb yoldaşının alnına təhqiredici söz yazmaqla yanaşı onun başına yumurta vuraraq saçlarını kəsib. Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb.
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ayrıca "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın hazırlanması müsbət haldır.
"Hazırda respublikanın 4430 ümumtəhsil müəssisəsində 1,6 milyon şagird təhsil alır. Şagirdlərin davranış qaydaları 2011-ci ildə qəbul olunmuş orta ümumtəhsil müəssisələrinin nümunəvi nizamnaməsi və təhsil haqqında qanunla tənzimlənir. Burada şagirdlərin davranış qaydaları ümumi şəkildə öz əksini tapsa da, Elm və Təhsil Nazirliyi xüsusiləşmiş formada "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nı hazırlayaraq təsdiqləyib. Pilot layihədə şagirdlərə davranışlarına görə, cəzalandırma və rəğbətləndirmə nəzərdə tutulub. Bunun bütün məktəblərdə tətbiqi müsbət haldır. Amma zaman-zaman bu davranış qaydalarının dəyişməsi vacibdir. Çünki fərqli məktəblərdə fərqli psixologiyaya malik uşaqlar təhsil alır" - K.Əsədov bildirib.
© Sputnik / Murad OrujovKamran Əsədov
Эксперт в области образования Кямран Асадов - Sputnik Azərbaycan, 1920, 23.02.2024
Kamran Əsədov
Ekspert deyib ki, bəzi məktəb direktorları "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın tətbiq edildiyi pilot məktəb olmaqdan çəkinir:

"Çünki, pilot layihədə olmaq elə də asan deyil. Yeniliklərin ilk tətbiq edilməsi o deməkdir ki, bunun nümunəsi yoxdur. Yeniliyin tətbiqini məktəb direktorları ona görə arzu etmirlər ki, bunu hansı formada reallaşdıracaqlarını bilmirlər. Qiymətləndirmə ilə bağlı təcrübə olmadığından, bir neçə sənəd arasında uyğunsuzluq yaranır. Bu səbəblərdən orta məktəblər bu tip yeniliklərə açıq olmur".

K.Əsədov deyir ki, bəzən "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın tətbiq olunduğu məktəblərdə də şagirdlər arasında arzuolunmaz hadisələr baş verir. Ekspertin sözlərinə görə, buna səbəb qaydaların kağız üzərində qalması, şagirdlərin davranışlarına nəzarətin zəif olmasııdır.
Xatırladaq ki, 2022-ci ildə hazırlanan "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" sənədində bir sıra qadağalar nəzərdə tutuıub. Həmin layihəyə görə, şagirdlər məktəbə ağıllı saat, digər elektron cihazlar, mobil telefon gətirə, amma dərs zamanı onlardan istifadə edə bilməzlər.
Belə ki, məktəblərdə pilot tətbiqi üçün nəzərdə tutulmuş qaydalara görə, şagirdlər hər bir fənn üzrə dərslərin 96 faizdən çoxunda iştirak etməlidirlər. Buraxılmış dərs saatları üçün valideyn tərəfindən məktəbə yazılı izahat və tibbi arayış təqdim olunmalıdır. Şagirdlər dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal ilə dərsə gələ bilməzlər. Qaydalarda birmənalı qarşılanmayan məqamlar da yer alıb. Belə ki, şagirdlər tədris binasının koridorlarında qaçmamalı, dəhliz və pilləkənlərin sağ tərəfi ilə hərəkət etməlidirlər. Məktəb daxilində yüksək səslə danışmamalıdırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakıda məktəblilər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.12.2023
TƏHSİL
Azərbaycanda pilot məktəblərdə şagirdlərə dərsə mobil telefon gətirməyə qadağa qoyuldu
Xəbər lenti
0