CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulmasına görə cərimələr sərtləşdirilir

© Azerbaijan Highway State Agencycərimə
cərimə - Sputnik Azərbaycan, 1920, 23.02.2024
Abunə olmaq
Gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində müəyyən edilmiş xüsusi rejimin pozulmasına görə fiziki şəxslər 150 manatdan 250 manatadək cərimə ediləcək.
BAKI, 23 fevral - Sputnik. Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulmasına görə cərimələr sərtləşdirilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində müəyyən edilmiş xüsusi rejimin pozulmasına görə fiziki şəxslər 150 manatdan 250 manatadək cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, vəzifəli şəxslər 350 manatdan 600 manatadək, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək cərimə ediləcək.
Qüvvədə olan Məcəlləyə əsasən, gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində müəyyən edilmiş xüsusi rejimin pozulmasına görə fiziki şəxslər 40 manatdan 80 manatadək cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə 15 günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 350 manatdan 500 manatadək, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək cərimə edilir.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı tədbirlərin və müvəqqəti məhdudiyyətlərin həyata keçirilməsi nəzərdə tutula bilər:
müvafiq icra hakimiyyəti orqanlarının, eləcə də yerli özünüidarə orqanlarının səlahiyyətlərinin tam və ya qismən dayandırılması;
vətəndaşların hərəkət sərbəstliyinə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həmin əraziyə daxil olmalarına və orada yaşamalarına məhdudiyyətlər qoyulması, gediş-gəlişi nizama salan xüsusi rejimin müəyyən edilməsi;
ictimai asayişin, dövlət mühafizəsi altında olan obyektlərin, habelə əhalinin həyat fəaliyyətini və nəqliyyatın işini təmin edən obyektlərin mühafizəsinin gücləndirilməsi;
ayrı-ayrı maliyyə-iqtisadi fəaliyyət növlərinin həyata keçirilməsinə, o cümlədən malların, xidmətlərin və maliyyə vəsaitlərinin yerdəyişməsinə məhdudiyyətlər qoyulması;
gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində xüsusi rejimin müəyyən edilməsi və s.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0