Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan və Türkiyə ikiqat vergitutmanı aradan qaldırır

© Sputnik / Murad OrujovAzərbaycan manatı
Azərbaycan manatı - Sputnik Azərbaycan, 1920, 23.02.2024
Abunə olmaq
Ekspert bildirib ki, bəzən eyni fəaliyyətə görə hər iki ölkədə vergi ödəməli olurdun. Bunun qarşısını almaq üçün müvafiq sazişə ehtiyac var idi. İndi isə eyni fəaliyyətə görə bir ölkədə vergi ödəniləcək.
BAKI, 23 fevral — Sputnik. Azərbaycan və Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır.
Bununla bağlı "Azərbaycan və Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş" imzalanıb.
Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a deyib ki, bəzən eyni fəaliyyətə görə hər iki ölkədə vergi ödəməli olurdun:
"Bunun qarşısını almaq üçün müvafiq sazişə ehtiyac var idi. İndi isə eyni fəaliyyətə görə ancaq bir ölkədə vergi ödəniləcək. Məsələn, Türkiyədə fəaliyyət göstərən bəzi Azərbaycan şirkəti öz gəlirinə görə həm Türkiyədə həm də Azərbaycanda vergi ödəyirdi. Bundan sonra isə onlar ancaq Türkiyədə gəlir vergisi ödəyəcək. Başqa sözlə, bir fəaliyyətə görə iki dəfə vergi ödəməyə ehtiyac olmayacaq".
Bu addım bir sıra məhsulların istehsal xərclərini azalda bilər
Ekspert bildirib ki, artıq Azərbaycan bir sıra ölkələr ilə ikiqat vergitutmanı aradan qaldırıb:
"İndi Türkiyə ilə də ikiqat vergitutma aradan qaldırılıb. Bu addım Türkiyə ilə ticari-iqtisadi münasibətlərin, sənaye korporasiyalarının genişlənməsinə böyük töhfə verəcək. İqtisadi münasibətərin liberallaşdırılması gələcəkdə ölkələrarasında korporasiyanı artıracaq, imkanları genişləndirəcək, bütün iqtisadiyyata müsbət təsir göstərəcək. Bu addım eyni zamanda bir sıra məhsulların istehsal xərclərini azalda, onların qiymətinə müsbət təsir göstərə bilər".
Yeni saziş Azərbaycan iqtisadiyyatına Türkiyə investisiyalarının cəlb edilməsi baxımından əhəmiyyətlidir
Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələr beynəlxalq iqtisadi əlaqələrin inkişafında xüsusilə mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu müqavilələr bir dövlətin sərmayəçilərinin digər dövlətdə fəaliyyətləri zamanı vergitutmanın prinsiplərini müəyyənləşdirməklə, həmin sərmayəçilərə əlverişli şəraitin yaradılması, bununla da xarici sərmayələrin cəlb edilməsi və xarici iqtisadi fəaliyyətin təşviqi baxımından böyük önəm daşıyır.
Azərbaycan müstəqillik dönəmindən bu günə kimi 56 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq saziş imzalayıb ki, bunlardan 54-nün tətbiqinə başlanılıb.
Xidmətdən bildirilib ki, Türkiyə və Azərbaycan arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş 1994-cü ildə imzalanıb:
"Ötən dövr ərzində ölkələr arasında artan iqtisadi əlaqələr, beynəlxalq vergitutma tendensiyasında baş verən əsaslı dəyişikliklər, hər iki ölkə tərəfindən ikiqat vergitutmanın aradan qaldırılması haqqında model konvensiya layihələrinin yenidən hazırlanması yeni saziş layihəsi üzrə danışıqların aparılmasını zəruri edib. Bununla bağlı, cari ilin 7-9 fevral tarixlərində Türkiyənin Ankara şəhərində Azərbaycan və Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında yeni saziş layihəsi üzrə danışıqlar baş tutub".
Sənədi nazirlər imzalayıblar
Qeyd edilib ki, danışıqların nəticəsi olaraq fevralın 19-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş" imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek imzalayıblar.
"İmzalanmış yeni saziş həm Azərbaycan iqtisadiyyatına Türkiyə investisiyalarının cəlb edilməsi həm də bir dövlətin müəssisələrinin və fiziki şəxslərinin digər dövlətdə iqtisadi fəaliyyətlə məşğul olduqları zaman onlar üçün əlverişli vergi mühitinin yaradılması baxımından əhəmiyyətli hesab edilir" - məlumatda diqqətə çatdırılıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də Türkiyədə rəsmi səfərdə olub.
Xəbər lenti
0