Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Münhen gündəliyi: Ermənistan bəhanə axtarır, Azərbaycan isə xaosun davam etməsini istəmir

Münhen görüşü - Sputnik Azərbaycan, 1920, 20.02.2024
Abunə olmaq
Asim Mollazadənin fikrincə, Ermənistan tərəfi Münhen görüşündə əldə olunmuş razılıqlardan hansısa bəhanə ilə yayınmağa çalışacaq.
BAKI, 20 fevral — Sputnik. Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla ikitərəfli görüşü olub. Görüş Almaniya Kansleri Olaf Şoltsun təşəbbüsü ilə baş tutub.
Liderlərin ikitərəfli görüşünün yekunları ilə bağlı verilən açıqlama hər hansı bir irəliləyişin əldə olunduğunu deməyə əsas vermir. Çünki Ermənistan baş nazirinin Almaniyadakı erməni icması ilə görüşdə səsləndirdiyi fikirlərə Azərbaycan XİN-in verdiyi reaksiya tərəflərin sülh sazişi ilə bağlı tutduğu mövqelərdə qaldığını göstərir.
Azərbaycan XİN bildirir ki, Ermənistan Baş naziri Nikol Paşinyan beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirir.
Münhen görüşü ilə bağlı millət vəkili Asim Mollazadə və politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a fikirlərini bölüşüblər.
Millət vəkili Asim Mollazadənin sözlərinə görə, Azərbaycan sülhə hazırdır: "Bizə təcili sülh lazımdır. İstəyirik ki, bölgədə sabitlik olsun. Ermənistan rəhbərliyi isə hər dəfə bir bəhanə taparaq sülh prosesini pozur. Rəsmi İrəvan ikitərəfli danışıqlardan yayınır və üçüncü tərəflərin iştirak etməsini istəyir. Həm Moskva, həm Brüssel, həm də Vaşinqtonda üçtərəfli görüşlər keçirilib, ancaq Ermənistan bu görüşlər çərçivəsində əldə olunmuş razılıqlardan yayınıb. Münhendə keçirilmiş görüş barədə də onu deyə bilərəm ki, Ermənistan tərəfi bu görüşdə əldə olunmuş razılıqlardan hansısa bəhanə ilə yayınmağa çalışacaq".
Deputatın fikrincə, Ermənistan iki ölkə arasında münasibətlərin nizama salınmasında qərarlı deyil:
"Biz bunu həm də şərti sərhəddə Ermənistan Silahlı Qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulmasında görürük. Düzdür, indi Ermənistan tərəfi atəşkəsin pozulmasını müxalif qüvvələrin üstünə atmaq istəyir, ancaq bu, onun özünün ziyanınadır. Bu göstərir ki, Ermənistan tərəfində özbaşınalıq hökm sürür. Revanşistlərin Ermənistanda hakimiyyəti ələ keçirməsi region üçün yaxşı heç nə vəd etmir".
Politoloq İlyas Hüseynov hesab edir ki, Münhendə liderlər arasında keçirilmiş son görüş sülh prosesi ilə bağlı dinamikliyin artırılması baxımından önəm kəsb edirdi.
Politoloq bildirir ki, Almaniya lideri bu görüşdə vasitəçi kimi yox, tərəfləri görüşdürən və dialoqa zəmin yaradan şəxs kimi çıxış edib:
"Bu, Azərbaycanın dəstəklədiyi formatdır. Çünki Azərbaycan rəsmiləri dəfələrlə erməni rəsmilərinə ikitərəfli danışıqlar təklif ediblər. Münhen görüşünün nəticəsi olaraq XİN rəhbərlərinə tezliklə görüşmək tapşırılıb, o cümlədən delimitasiya komissiyasının işi də bu görüşdən sonra baş tuta bilər. Danışıqlar təhlükəsizliyin və sülhün təmin edilməsi nöqteyi-nəzərdən önəmlidir."
Politoloqun fikrincə, ümumilikdə bölgədə sülh çox kövrəkdir və Azərbaycan tərəfinin qənaətincə, kənar vasitəçilərin prosesə qoşulması prosesə ziyan vurur. Bu vasitəçilik ümumi prosesin dondurulmasına, ayır-ayrı geopolitik aktorların öz mənafeləri prizmasından prosesin inkişafına gətirib çıxarır.
"Azərbaycan prezidenti inaqurasiya mərasimində də bildirdi ki, yerindən duran prosesdə vasitəçi olmaq istəyir. Sülh prosesi ilə bağlı irəliləyişə nail olmaq olar. Bizim üçün regional sabitliyin qorunması lazımdır və Ermənistan da bunu anlamalıdır ki, sülhün alternativi yoxdur. Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi regional təhlükəsizlik arxitekturasının gücləndirilməsinə yönələ bilər" - politoloq əlavə edib.
Xəbər lenti
0