Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lənkəranda azyaşlı niyə ölüb? ÜST Azərbaycana qızılca barədə tövsiyələr verdi

© iStock.com / StockPlanetsQızılcaya yoluxmuş uşaq, arxiv şəkli
Qızılcaya yoluxmuş uşaq, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.02.2024
Abunə olmaq
ÜST-ün Azərbaycan nümayəndəliyi bildirib ki, qızılca 5 yaşdan kiçik uşaqlar üçün xüsusilə təhlükəlidir. Bu xəstəlik onlarda pnevmoniya, ensefalit (beyin iltihabı), daimi karlıq və ölümlə nəticələnə bilər.
BAKI, 19 fevral — Sputnik. Lənkəranda ölən azyaşlıda yüksək hərarət olsa da, qızılcanın heç bir əlaməti müşahidə olunmayıb.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Lənkəran rayon Veravul kənd tibb məntəqəsinin baş həkim əvəzi İqbal Abdulov söyləyib. O, deyib ki, Xədicə Qurbanlı anadangəlmə serebral iflicdir:
"Uşağa serebral iflic olduğu üçün qızılcaya qarşı peyvənd vurulmayıb. Belə uşaqlarda valideynlər peyvəndlərdən çox vaxt imtina edirlər. Uşaqda yüksək hərarət olsa da, səpmə müşahidə olunmayıb. Ona dəqiqləşdirilməmiş meninqoensefalit diaqnozu qoyulub".
Qeyd edək ki, Lənkəran rayonunda azyaşlı qız qızılcadan ölüb. Rayonun Veravul kənd sakini, 2018-ci il təvəllüdlü Xədicə Qurbanlı yüksək hərarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə nəticəsində uşağa dəqiqləşdirilməmiş meninqoensefalit və qızılca diaqnozu qoyulub. Zəruri yardımlar göstərilsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Son vaxtlar, qızılca xəstəliyi alovlanandan uşaqlar arasında onlarla ölüm faktı qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi Sputnik Azərbaycan-ın sorğusuna cavabda ölkəmizdə qızılca ilə bağlı artım olduğunu təsdiqləyib.
Nümayəndəlik Azərbaycanda qızılcaya yoluxma və ölüm halları ilə bağlı statistikanın yerli qurumlarda olduğunu bildirib.
Cavabda qeyd olunub ki, 2023-cü ilin yanvar-oktyabr ayları arasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionundakı 53 üzv dövlətin 40-ı tərəfindən 30 000-dən çox qızılcaya yoluxma halı bildirilib:
"2022-ci il ərzində qeydə alınmış 941 yoluxma halı ilə müqayisədə bu, 30 dəfədən çox artım deməkdir. Bütün dünyada olduğu kimi Azərbaycanda da qızılcaya yoluxma hallarında artım müşahidə olunur".
ÜST-ün Azərbaycan nümayəndəliyi qızılca xəstəliyinin artması əsasən 2020-2022-ci illər ərzində regionda peyvənd əhatəsində geriləmə ilə əlaqələndirib:
"COVID-19 pandemiyası bu dövrdə immunizasiya sisteminin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərdi və nəticə olaraq peyvənd olunmamış və yarımçıq peyvənd olunmuş uşaqların sayı artdı. Ümumilikdə, regionda 1,8 milyondan çox körpə 2020-2022-ci illər arasında qızılca peyvəndini qaçırmış oldu".
ÜST-ün Azərbaycan nümayəndəliyindən o da qeyd olunub ki, qızılca 5 yaşdan kiçik uşaqlar üçün xüsusilə təhlükəlidir. Bu xəstəlik onlarda pnevmoniya, ensefalit (beyin iltihabı), daimi karlıq və ölümlə nəticələnə bilər. Qızılcadan qorunmaq üçün ən effektiv yol peyvənd olunmaqdır. QPM və ya QM peyvəndinin 2 dozası bu xəstəlikdən 97% qoruyur. Əgər uşağa qızılcaya qarşı QPM peyvəndi vaxtında vurdurulmayıbsa, gecikmədən uşağı tibb müəssisəsinə aparıb peyvənd etdirmək lazımdır.
Qızılca peyvəndi 60 ildir ki, istifadə edilir. Peyvənd yüksək dərəcədə effektiv və tamamilə təhlükəsizdir. Unutmaq lazım deyil ki, virus peyvənd olunmamış və ya qismən peyvənd olunmuş insanlar vasitəsi ilə yayılır və infeksiyaya elə bu insanlar yoluxur.
ÜST qızılca və digər peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılmasının qarşısının alınması üçün uşaqları vaxtında və profilaktik peyvənd təqviminə uyğun peyvənd etdirməyi tövsiyə edir.
***
Lənkəran rayonunda azyaşlı qız qızılcadan ölüb.
Rayonun Veravul kənd sakini, 2018-ci il təvəllüdlü X.Qurbanlı yüksək hərarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Müayinə nəticəsində uşağa dəqiqləşdirilməmiş meninqoensefalit və qızılca diaqnozu qoyulub. Zəruri yardımlar göstərilsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
15.02.24, 17:00
Qızılcadan ölən yeniyetmə ilə bağlı TƏBİB-dən açıqlama
TƏBİB qızılcadan ölən uşaqla bağlı açıqlama verib.
Qurumdan Sputnik Azərbaycan-a bildirilib ki, azyaşlıda 03.02.2024-cü il tarixindən infeksion mənşəli xəstəliyə yoluxma halı qeydə alınıb.
Tibb müəssisəsinə vəziyyəti son dərəcə ağır, şok vəziyyətində, intoksikasiya əlamətləri ilə daxil olub. Ona qızılcanın ensefalitlə ağırlaşması, kəskin tənəffüs çatışmazlığı, ürək-damar çatışmazlığı, kəskin böyrək çatışmazlığı, hipovolemik şok diaqnozu təyin edilib. Pasiyentin 13.02.2024-cü il tarixində vəziyyəti pisləşib, tənəffüs və ürək-damar çatışmazlığı əlamətləri qeyd edilib. Həmin gün saat 19:40 radələrində pasiyentdə ürək fəaliyyətinin dayanması halı baş verib, aparılan reanimasiyon tədbirlər nəticə verməyib.
Ölüm səbəbi kəskin ürək-damar, tənəffüs çatışmazlığı və kəskin böyrək çatışmazlığı olaraq qeyd olunur.
***
Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi qızılcadan vəfat edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, məktəbin 8-ci sinif şagirdi, 14 yaşlı Nuray Süleyman qızı İbrahimova qızılca xəstəliyinin ağırlaşması səbəbindən həyatını itirib.
Səbail Rayon 15 saylı Uşaq Polikilinikasından faktı Sputnik Azərbaycan-a təsdiqləyiblər. Polikilinikanın həkimi, Gülnarə Ağayeva bildirib ki, Nuray onun sahəsində qeydiyyatda olub. Yeniyetməyə nəinki qızılcaya qarşı, digər vaksinlər də vurulmayıb.
"Anası uşaqları yaxınının hüzürü düşdüyündən Ağdaş rayonuna aparıb. Qız orada qızılca olub. Amma həkimə aparmayıblar. Valideyn bildirib ki, başı anasının yasına qarışdığından uşağın vəziyyəti ağırlaşıb. Bakıya təcili yardımla modul xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Uşaq ananın səhlənkarlığının qurbanı olub" - həkim bildirib.
O, bu yaxınlarda ailənin digər uşağının da qızılcaya yoluxduğunu söyləyib. Bildirib ki, anası uşaqlara peyvəndin vurulmamasına görə imtina ərizəsi yazıb.
Qeyd edək ki, son vaxtlar ölkədə azyaşlı və yeniyetmələr arasında qızılca xəstəliyinin ağır keçməsi halları kəskin artıb və xeyli uşaq vəfat edib. Fevral ayında bununla qızılcadan dörd uşaq ölümü qeydə alınıb.
09.02
Cəlilabad rayonunun Alar kənd sakini, 14 yaşlı yeniyetmənin qızılcadan öldüyü rəsmi təsdiqini tapmayıb. Bu barədə Sputnik Azərbaycan-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycanda daha bir nəfərin qızılcadan vəfat etdiyi barədə məlumat yayılıb. Cəlilabad rayon Alar kənd sakini, 2010-cu il təvəllüdlü İbayev Yusif Bəhruz oğlu qızdırma əlamətləri ilə xəstəxanaya aparılsa da, vəfat edib. İlkin məlumata görə, 14 yaşlı yeniyetmə qızılcanın yaratdığı fəsadların ağırlaşması səbəbindən həyatını itirib.
Yeniyetmənin atası Bəhruz İbayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, övladının yüksək hərarəti olduğu üçün ərazi üzrə tibb məntəqəsinə aparıb. Həkim məntəqəsindən uşağı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparmaq tövsiyyə olunub. Yanvarın 24-də yeniyetməyə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ağırlaşmış qızılca diaqnozu qoyularaq göndərişlə Bakıya Kliniki Tibbi Mərkəzə göndərilib. Kliniki Tibbi Mərkəzdə 10 gün müalicə olunsa da, uşağın həyatını xilas etmək mümkün olmayıb. Həkimlər onun sətəlcəm olduğunu bildiriblər.
Bəhruz İbayev oğlunun sağlam uşaq olduğunu, heç bir yanaşı xəstəliyinin olmadığını bildirib. Fevralın 5-də Kliniki Tibbi Mərkəzdən oğlunun nəşini ona veriblər.
Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeniyetmə qızılcadan ölməyib. Ona rayon xəstəxanasında dəqiqləşdirilməmiş meningoensefalit diaqnozu qoyulub. Bundan sonra xəstə Qarayev adına Klinik Tibbi Mərkəzə göndərilib.
"Uşaq valideyn məsuliyyətsizliyinin qurbanı olub. Çünki, valideynləri uşağı yüksək hərarəti ola-ola yeddi gün evdə saxlayıblar. Yanvarın 23-də uşaqda yüksək hərarətdən sudurqa başlayıb. Valideyn övladının səhhətinin ağırlaşdığını gördükdən sonra rayon xəstəxanasına aparıb. Oradan uşaq Qarayev adına Klinik Tibbi Mərkəzə göndərilib. Burada da yeniyetməyə ensefalit, pnevmoniya diaqnozu qoyulub. Uşaq ağırlaşdıqdan sonra müalicəsinə başlanıldığından, həyatını xilas etmək mümkün olmayıb" - Könül Ələkbərov bildirib.
Xəbər lenti
0