CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycandakı yol qəzalarında ölüm sayı artıb - ekspert şok statistikanı açıqladı

© AFP 2023 / YANN SCHREIBERQəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.02.2024
Abunə olmaq
Ərşad Hüseynov bildirib ki, dövlət proqramında gözlənilən nəticələrdən biri onun icrasının yekununda yol-nəqliyyat hadisələrində ölüm sayının 30 faiz azaldılması olsa da, reallıq bunun əksini göstərir.
BAKI, 16 fevral - Sputnik. Azərbaycanda yol nəqliyyat hadisələrində ölənlərin sayı artıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə nəqliyyat məsələləri üzrə ekspert, hüquqşunas Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin 2023-cü ildə baş vermiş cinayət sayılan yol-nəqliyyat hadisələri ilə bağlı açıqladığı statistikanı təhlil edəndə aydın olur ki, ağır nəticəli hadisələrin sayı artıb.
"Yollarımız getdikcə daha təhlükəli olmaqdadır. Yol qəzaları ilə bağlı statistikada diqqətçəkən məqamlar var. 2023-cü ildə baş verən yol-nəqliyyat hadisələrin sayı 2022-ci illə müqayisədə azalıb. 2022-ci ildə - 1668 yol nəqliyyat hadisəsi, 2023-cü ildə - 1636 belə hadisə baş verib. Hadisələrin sayı təxminən 1,9% azalıb. Qəzalarda yaralananların sayı da təxminən 6,1% azalıb (2022-ci ildə - 1456 nəfər, 2023-cü ildə - 1367 nəfər). Amma bu, vəziyyətin yaxşılaşması deyil. Əksinə, vəziyyət bir az da pisləşib. 2022-ci ildə yol-nəqliyyat hadisələrində ölənlər – 834 nəfər, 2023-cü ildə ölənlər- 862 nəfər olub. Hadisələrdə ölənlərin sayı təxminən 3,4% artıb" - Ərşad Hüseynov bildirib.
Ekspert onu da deyib ki, bu rəqəmlər ölkəmizin yollarında vəziyyətin getdikcə daha təhlükəli olmasını göstərir. Çünki dünya təcrübəsində yollarda təhlükəsizlik səviyyəsi birbaşa olaraq qəzalarda ölənlərin sayı əsas götürülməklə müəyyənləşdirilir. Artan təhlükə isə onunla olunur ki, baş verən qəzalar əvvəlki illə müqayisədə daha ağır nəticəlidir. Bu səbəbdən, hadisə sayı azalsa da, ölənlərin sayı artıb:
"Başqa sözlə, ölkəmizdə yol hərəkəti təhlükəsizliyi səviyyəsi əhəmiyyətli dərəcədə pisləşib. Ən acınacaqlısı odur ki, bütün bunlar 2018-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"nın icrasının yekunlaşdırılmalı olduğu ilə aiddir. Məlumat üçün bildirim ki, dövlət proqramında gözlənilən nəticələrdən biri onun icrasının yekununda yol-nəqliyyat hadisələrində ölüm sayının 30 faiz azaldılması idi. Amma rəqəmlər az qala bunun tərsini göstərir. Proqramdan əvvəlki ildə (2018-ci ildə) belə hadisələrdə ölənlərin sayı 722 nəfər idisə, 2023-cü ildə bu göstərici 862 nəfərədək artıb. Yəni təxminən 19,4%-lik bir artım baş verib".
26.12.23, 10:56
Azərbaycanda yol qəzalarında ölən və xəsarət alan uşaqların sayı açıqlanıb
2023-cü ilin 11 ayı ərzində yol qəzalarında istər piyada, istərsə də sərnişin qismində yaşı 7-yə qədər olan 21 uşaq dünyasını dəyişib, 40 uşaq isə xəsarət alıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polkovnik-leytenant Rövşən Tağıyev məlumat verib.
Onun sözlərinə görə, yol-nəqliyyat hadisələrində uşaqların və yeniyetmələrin dünyasını dəyişməsi ciddi şəkildə narahatlıq doğurur:
"Bütün hərəkət iştirakçılarını, xüsusən sürücüləri yollarda uşaq və yeniyetmələrə qarşı diqqətli olmağa çağırır, valideynlərdən isə uşaqları yollarda nəzarətsiz buraxmamalarını xahiş edirik. Hər bir valideyn uşaqlarının gündəlik hərəkətlərinə, istifadə etdikləri marşrutlara diqqət yetirsinlər".
Xəbər lenti
0