NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycanın qeyri-neft ixracı azalıb - Səbəb nədir?

© iStock.com / bugphaiYük konteynerləri
Yük konteynerləri - Sputnik Azərbaycan, 1920, 16.02.2024
Abunə olmaq
Deputat deyib ki, qeyri-neft ixracımızın bir hissəsi kənd təsərrüfatı məhsullarıdır. Ona görə də mart ayından etibarən bu istiqamətdə artımların olacağı istisna deyil.
BAKI, 16 fevral — Sputnik. Keçən ay Azərbaycanın qeyri-neft ixracı azalıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"na əsasən, 2024-cü ilin yanvar ayı ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 222 milyon dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 22 faiz azalıb. Yanvar ayında yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artaraq 70,4 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 31,1 faiz azalaraq 151,6 milyon dollar olub.
"Qeyri-neft ixracının aylıq olaraq azalması daha çox mövsümi faktorla bağlıdır"
Məsələ ilə bağlı deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda qeyri-neft ixracının artırılması əsas prioritetlərdəndir: "Çünki 2026-cı ilədək qeyri-neft ixracının 5 milyard dollara çatdırılması hədəflənir. Digər tərəfdən isə qeyri-neft ixracı ölkəyə daha çox valyutanın daxil olmasına zəmin yaradıb. Yanvarda qeyri-neft ixracında azalma aylıq azalmadır. Əslində qeyri-neft ixracında xüsusən də yarımillik və illik dövrlərə baxılması çox vacibdir. Qeyri-neft ixracının aylıq olaraq azalması daha çox mövsümi faktorlarla bağlıdır. Mövsümi faktorlar müəyyən aylarda qeyri-neft ixracının həcminə təsir edir. Digər tərəfdən, əvvəlki illərdə regionda inflyasiya səviyyəsi də ümumi qeyri-neft ixracının dəyərinə təsir göstərirdi".
"Əsas hədəf ilin yekununda qeyri-neft ixracında artıma nail olmaqdır"
O bildirib ki, ixracdan Azərbaycana daxil olan vəsaitin əhəmiyyətli hissəsi neft sektorunun payına düşür: "Bu baxımdan da qeyri-neft ixracının artırılması çox vacibdir. Qeyri-neft məhsullarının ixracında əsas hədəf illik olaraq artıma nail olmaqdır. Xüsusən də aylıq dəyişmələr ümumi tendensiyanı qiymətləndirmək üçün yetərli deyil. Ona görə də əsas hədəf ilin yekununda qeyri-neft ixracında artıma nail olmaqdır. Keçən il Azərbaycanın qeyri-neft ixracında illik müqayisədə 10 faizə yaxın artım müşahidə etdik".
"Qeyri-neft ixracında artım gözlənilir"
"Qeyri-neft ixracının bir hissəsi kənd təsərrüfatı məhsullarıdır. Ona görə də mart ayından etibarən bu istiqamətdə artımların olacağı istisna deyil" - deputat diqqətə çatdırıb.
"İxracın artması üçün beynəlxalq standartların tətbiqinə ehtiyac var"
Deputat əlavə edib ki, qeyri-neft ixracının artırılması üçün beynəlxalq standartların tətbiq edilməsinə ehtiyac var: "Beynəlxalq standartlar bu kontekstdə çox vacibdir. Beynəlxalq standartların tam tətbiq edilməməsi baxımından xüsusən də aqrar sektorda çalışan sahibkarların ixracda müəyyən çətinliyi var. Bu standartların tətbiq edilməsi həm də qeyri-neft ixrac bazarının şaxələndirilməsi baxımından vacibdir. Eyni zamanda Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvolma prosesinin sürətləndirilməsi məqsədəuyğundur. Ümumdünya Ticarət Təşkilatına üzvlük həm də ixrac baxımından yeni imkanlardır".
Meyvə-tərəvəz ixracı artıb
Qeyd edək ki, "İxrac icmalı"na əsasən, 2024-cü ilin ilk ayı ərzində bitki və heyvan mənşəli piylər və yağların ixracı 31,9 faiz, meyvə-tərəvəz ixracı 21,2 faiz, alüminium və ondan hazırlanmış məmulatların ixracı 17,4 faiz artıb.
Cari ilin yanvar ayı ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,5 faiz artaraq 74,1 milyon dollar təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər isə 19,4 faiz azalaraq 15,4 milyon dollar olub.
Azərbaycandan ən çox Rusiyaya qeyri-neft məhsulları ixrac olunub
Xatırladaq ki, keçən il Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2022-ci illə müqayisədə 9,8 faiz artaraq 3,3 milyard dollar təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"na əsasən, keçən il ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi birinci olub. Bu siyahıda qızıl ikinci, pomidor isə üçüncü yerdə qərarlaşıb.

Keçən il Azərbaycandan qeyri-neft məhsullarının ixrac edildiyi ilk beş ölkə:

- Rusiyaya 1,1 milyard dollar,
- Türkiyəyə 783,9 milyon dollar,
- Gürcüstana 332,5 milyon dollar,
- İsveçrəyə 175,3 milyon dollar,
- Qazaxıstana isə 95 milyon dollar.
Əlavə edək ki, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib ki, keçən il Azərbaycandan 110-dan çox ölkəyə 3,3 milyard dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub və bu da yeni tarixi rekord hesab olunur. Ötən il beynəlxalq sərgilərdə meyvə, spirtli içkilər, qənnadı məmulatları, fındıq ləpəsi, nar şirəsi kimi məhsulların ixracına dair müqavilələr imzalanıb.
"Hazırda Azərbaycanın xaricdə 12 ticarət evi fəaliyyət göstərir"
O qeyd edib ki, yerli məhsulların ölkə xaricində tanıdılması məqsədilə hazırda Azərbaycanın xaricdə 12 ticarət evi fəaliyyət göstərir və bu il daha iki ticarət evimizin Çinin Çendu və Nankin şəhərlərində açılışı gözlənilir: "Azərbaycanın xaricdə fəaliyyət göstərən ticarət nümayəndəlikləri sayəsində ölkənin qeyri-neft məhsullarının ixracının genişləndirilməsi sürətlə davam edir və qeyri-neft ixracının potensialı yüksək səviyyədə reallaşdırılır".
Xəbər lenti
0