Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Şərti sərhəddə atəşkəsi hədəfə alanların məqsədi nədir?

© Photo : official site of the President of RAErmənistan-Azərbaycan sərhədindəki hərbi postlar
Ermənistan-Azərbaycan sərhədindəki hərbi postlar - Sputnik Azərbaycan, 1920, 13.02.2024
Abunə olmaq
Millət vəkili deyir ki, Ermənistan özünü beynəxlaq aləmdə göyərçin kimi təqdim edir, amma baş verənlər bu ölkənin mahiyyətini ortaya qoyur.
BAKI, 13 fevral — Sputnik. Azərbaycan-Ermənistan şərti sərhədində aylar sonra atəşkəs pozuldu. Uzun müddət idi ki, nisbi sakitliyin hökm sürdüyü sərhəd bölgəsindəki vəziyyət hər iki ölkənin siyasi liderləri tərəfindən sülh danışıqları prosesində müsbət məqam kimi vurğulanırdı.
Şərti sərhəddə Ermənistan tərəfindən açılan atəş Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisinin yaralanması ilə nəticələnib. Ermənistan tərəfi verdiyi açıqlamada atəşin açılması ilə bağlı araşdırmaların aparıldığını bildirdi. Azərbaycan baş verənlərə görə, Ermənistan hərbi, siyasi rəhbərliyinin məsuliyyət daşıdığını bildirərək fervalın 13-də "Qisas əməliyyat"ı keçirərək hərbçimizə atəş açılmış erməni döyüş postunu məhv edib.
Qeyd etməliyik ki, bütün bu baş verənlər həm də Azərbaycanın Avropa İttifaqına xəbərdarlıq etməsi ilə eyni günə təsadüf edir. Fevralın 12-də Xarici İşlər Nazirliyinə (XİN) çağırılan Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalkoya bildirilib ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyəti ciddi narahatlıq doğurur.
Sputnik Azərbaycan sərhəddə baş verənlərlə bağlı millət vəkili Elman Nəsirovun və hərbi məsələlər üzr ekspert Üzeyir Cəfərovun fikirlərini öyrənib.
Millət vəkili Elman Nəsirov son baş verənləri Ermənistanın təxribatı adlandırıb və qeyd edib ki, bu ölkə sülh danışıqlarında görüntü xarakteri yaratmaq üçün Azərbaycana mina xəritələrinin formulyarlarını təqdim edib. Onun sözlərinə görə, baş verənlər fonunda regionda, xüsusən də Ermənistan sərhədində "binokl diplomatiyası" icra edən Aİ missiyasının fəaliyyətini də diqqətdən kənar qoymaq olmaz:
"Aİ missiyasının hansı məqsədlərə xidmət etməsi suallar doğurur. Azərbaycan dövləti lap əvvəldən bu missiyanın əleyhinə olub. Bizə yaxşı bəlli idi ki, bu missiyanın məqsədi bölgədə sabitliyin qorunub saxlanması deyil".
Aİ missiyasının başqa strateji hədəflərinə çatmaq üçün bölgədə olduğunu deyən millət vəkili hesab edir ki, onların mülki missiyasının hərbi-mülki və hərbi missiyaya çevrilməsinin konturlarını sezməmək mümkün deyil. Onun sözlərinə görə, Ermənistan özünü beynəxlaq aləmdə göyərçin kimi təqdim edir, amma baş verənlər bu ölkənin mahiyyətini ortaya qoyur.
Elman Nəsirov baş verənlərdən sonra Aİ missiyasının susqunluğuna diqqət çəkib və deyib ki, Avropa İttifaqının məlum missiyasının fəaliyyətində sual doğuran məqamlar yetərincədir.
Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov isə bildirib ki, baş verənlər Ermənistan ordusundakı nizam-intizamın hansı səviyyədə olmasını göstərir:
"Ermənistan MN-in hərbi polisinin açıqlamasında qeyd olundu ki, onlar açılan atəşlə bağlı araşdırma aparırlar. Bu da orduda başıpozuqluğu təsvir etmək üçün aydın məlumat verir. Ermənistan tərəfi bu təxribatı həyata keçirib, amma burada kənar qüvvələrin olması da istisna deyil. Düşünürəm ki, gərginlik müəyyən istiqamətlərdə qalacaq, ancaq bunun geniş miqyaslı hərbi toqquşmalara çevriləcəyini düşünmürəm".
Ekspertin sözlərinə Ermənistan tərəfi törətdiyi təxribatın cavabını alıb: "Azərbaycan ordusunun cavab zərbəsi məncə, dərs olmalıdır. Bu təxribatı hansı könüllü qrupun törətməsi ilə bağlı Ermənistan mətbuatında yayılan xəbərlər də göstərir ki, bu ölkədə nizamsızlıq hökm sürür. Düşünürəm ki, təxribatı törədən qrup məqsədyünlü şəkildə ora gətirilib".
Ekspertlərin dediklərindən də aydın olur ki, son baş verənlər məqsədyönlü şəkildə icra olunub. Görünən odur ki, Cənubi Qafaqz ölkələrinin dinc mühitdə münasibətlərini bərpa etməsindən narahat olan qüvvələr prosesi daha da alovlandırmaq üçün fəaliyyətlərini yenidən aktivləşdirirlər. Xüsusən də bir müddət əvvəl ABŞ-ın öz vətəndaşlarına Ermənistanın Azərbaycanla sərhəd bölgəsinə getməməklə bağlı xəbərdarlığından sonra yaşananlar hər şeyi daha aydın göstərir.
Xəbər lenti
0