Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

KTM: "Zaqatalada avtomobillə vurulan məktəblinin vəziyyəti ağır stabildir"

© Depositphotos.com / Konejotaqəza
qəza - Sputnik Azərbaycan, 1920, 10.02.2024
Abunə olmaq
Hadisə ilə əlaqəli cinayət işi başlanıb, sürücü saxlanılıb.
BAKI, 8 fevral — Sputnik. Zaqataladan Kliniki Tibbi Mərkəzə (KTM) hospitalizasiya edilən 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadənin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Bu barədə “Report”un sorğusuna cavab olaraq KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
R.Məmməd bildirib ki, onun vəziyyəti ağır stabildir, huşu yerindədir.
Qeyd edək ki, hadisə fevralın 8-i rayonun Göyəm kəndində qeydə alınıb. Belə ki, İbrahimov Emin Oqtay oğlu sürücülük hüququ olmadan “Mercedes” markalı minik avtomobili ilə Göyəm kənd sakinləri olan üç məktəblini vurub. Hadisə zamanı 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisə ilə əlaqəli cinayət işi başlanıb, sürücü saxlanılıb.
08.02.24
Zaqatalada avtomobilin iki şagirdi vuraraq öldürməsinin təfərrüatı məlum olub.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, bu gün, saat 13:00 radələrində Zaqatala şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunmuş, İbrahimov Emin Oqtay oğlu sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi “Mercedes” markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub.
Nəticədə, azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib, İbrahim İbrahimzadə isə xəsarətlə Zaqatala rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
DİN-in Baş DYP İdarəsi bir daha sürücülük hüququ olmadan sükan arxasına əyləşən şəxslərə müraciət edərək onları bu ağır yol-nəqliyyat hadisəsindən düzgün nəticə çıxarmağa, həm özlərinin, həm də neçə-neçə məsum insanın həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır.
***
Zaqatalada avtomobilin iki şagirdi vuraraq öldürməsi ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd olunub ki, fevralın 8-i saat 13 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində Emin İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə piyadalar, 2013-cü il təvəllüdlü üç azyaşlını vurub. Onlardan 2-si vəfat edib, digəri isə xəstəxanaya yerləşdirilib.
***
TƏBİB Zaqatalada şagird ölümləri ilə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb. Bu barədə TƏBİB-dən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, 08.02.2024-cü il tarixində Zaqatala rayonunun Göyəm kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 3 azyaşlıdan (kişi cinsli) 2-nin hadisə yerində ölüm faktı qeydə alınıb.
Qeyd edilib ki, onlardan 1 nəfər isə saat 13:30 radələrində bədənin çoxsaylı travmaları diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin müayinə və müalicəsi davam etdirilir.
Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatalada 3 məktəblini avtomobil vurması ilə bağlı məlumat yayıb. İdarədən verilən xəbərə görə, fevralın 8-də Zaqatala rayonu Göyəm kənd tam orta məktəbinin 5-ci sinif şagirdləri olan İbrahimzadə İbrahim Əziz oğlu, İsayev Ramazan Babək oğlu və Permadov Kamal Elçin oğlunu dərs məşğələləri qurtardıqdan sonra evə qayıdarkən yolda avtomobil vurub.
Məktəblilərdən ikisi - İsayev Ramazan Babək oğlu və Permadov Kamal Elçin oğlu elə hadisə yerindəcə dünyasını dəyişiblər. İbrahimzadə İbrahim Əziz oğlu isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır olaraq qalır.
Xəbər lenti
0