Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Hindistandan ət alışını artırıb: 1 kq ət ölkəmizə neçəyə başa gəlir?

© AP Photo / J. Scott Applewhiteət
ət  - Sputnik Azərbaycan, 1920, 10.02.2024
Abunə olmaq
Dünya bazarında 2021-ci illə müqayisədə 2023-cü ildə qlobal ərzaq qiymətlərində 10-11 faiz ucuzlaşma baş verib.
BAKI, 10 fevral — Sputnik. Azərbaycan Hindistandan dondurulmuş ət alışını artırıb.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən ilin yanvar-noyabr aylarında Azərbaycan Hindistandan 4,4 milyon dollar dəyərində 1705 ton dondurulmuş iribuynuzlu heyvan əti alıb. 2022-ci ilin eyni dövrü ilə müqayisədə Hindistandan ət idxalı dəyər ifadəsində 2,2 dəfə, miqdar ifadəsində 2,8 dəfə artıb.
Hindistandan 1 kiloqram ətin orta idxalı 4,4 manata başa gəlib
Keçən ilin 11 ayında 1 ton ətin orta idxal qiyməti 4408 manat, 2022-ci ilin müvafiq dövründə isə 5492 manat olub. Beləliklə, 1 ton ətin orta idxal qiyməti 1084 manat aşağı düşüb. Hesabat dövründə Hindistandan 1 kiloqram ətin orta idxalı 4,4 manata, 2022-ci ilin eyni dövründə isə 5,4 manata başa gəlib.
"Əsasən dövlət sifarişi ilə gətirilir"
İdxalda artım ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, Hindistandan dondurulmuş ət daha çox dövlət ehtiyaclarının ödənilməsi üçün alınır: "Bazarda bu ətləri çox az görə bilərik. Əsasən dövlət sifarişi ilə gətirilir".
"Keçən ildən başlayaraq dünyada qiymətlərdə sabitləşmə baş verib"
Hindistandan idxal edilən ətin ucuzlaşmasına münasibət bildirən ekspert bildirib ki, bu, dünyada inflyasiya tempinin aşağı düşməsi ilə əlaqədardır:
"Çünki 2020-2022-ci illərdə dünyada dollar ifadəsində daha yüksək inflyasiya tempi var idi. Keçən ildən başlayaraq dünyada qiymətlərdə sabitləşmə baş verib, bəzi ölkələrdə hətta qiymətlərin ucuzlaşmasını görürük. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dünya ərzaq qiymətləri indeksinə görə, 2021-ci illə müqayisədə 2023-cü ildə qlobal ərzaq qiymətlərində 10-11 faiz ucuzlaşma baş verib. Hindistandan ət idxalının ucuzlaşması bununla bağlıdır".
"Ümumiyyətlə, Hindistanda bir sıra yerlərdə mal əti daha ucuzdur. Çünki həmin yerlərdə iribuynuzlu mal-qaranın ətindən istifadə edilmir. Bu, onların inancları ilə bağlıdır. Azərbaycan Hindistan ilə yanaşı, Rusiyadan, Gürcüstandan və digər ölkələrdən də ət alır" - iqtisadçı əlavə edib.
Ölkədə ət istehsalı artıb
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda diri çəkidə 647,7 min ton ət istehsal olunub. 2022-ci illə müqayisədə ət istehsalı 3,1 faiz artıb.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, keçən il xarici ölkələrdən Azərbaycana ümumilikdə 86,7 milyon dollar dəyərində 41708 ton ət gətirilib. Ət idxalı 2022-ci illə müqayisədə dəyər ifadəsində 2,9 faiz artıb, miqdar ifadəsində isə 6,4 faiz azalıb.
Xəbər lenti
0