CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanunsuz tikilmiş hansı evlərə sənəd veriləcək? Deputat açıqladı

© iStock.com / sommartƏlində evin açarını tutan şəxs
Əlində evin açarını tutan şəxs - Sputnik Azərbaycan, 1920, 02.02.2024
Abunə olmaq
Tahir Rzayev bildirib ki, vulkanlaırn yaxınlığında tikilən evlərə sənəd verilməsi mümkün deyil.
BAKI, 2 fevral — Sputnik. İlk növbədə problemsiz ərazilərdə inşa olunmuş evlərin qeydiyyata alınması, sənədləşdirilməsi nəzərdə tutulur.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında icazəsiz tikililərlə bağlı hazırlanan qanun layihəsinə münasibət bildirən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev bildirib. O qeyd edib ki, bu məsələ istiqamətində işlər sürətləndirilir.
"Elə tikililər var ki, onların heç bir sənədi yoxdur. Onlarla bağlı qərar vermək çox çətindir. Təhlükəli zolaqlarda inşa edilmiş tikililər var. Onlarla bağlı müəyyən tədbirlərin görülməsi çox vacibdir" - deputat deyib.
Onun fikrincə, sənədsiz evlərin hamısının sənədləşdirilməsi mümkün deyil:
"Azərbaycanda yüz minlərlə qanunsuz tikililər, dövlət qeydiyyatına alınmayan evlər var. İnsanlar orada 20-30 ildir ki, yaşayırlar. Qanunsuz tikililərin aparılması qadağan olunsa da, bu cür evlər inşa edilib. İnsanlar illərdir ki, mühafizə zolağında, yüksək gərginlikli elektrik xətlərinin altında, neft borularının üzərində, dəmir yolu xətlərinin kənarında, məqbul olmayan, təhlükəsizliyi təmin olunmayan ərazilərdə ev tikiblər. Ona görə də, bu gün belə evlərə hüquqi sənəd vermək mümkün deyil".
Deputatın sözlərinə görə, bununla belə, dövlət bu barədə fikirləşir, dövlət başçısı bu istiqamətdə müəyyən tapşırıqlarını verib.
Tahir Rzayev bildirib ki, sürüşmə zonasında və vulkanların ətrafında tikilən evlərə də sənəd verilə bilməz:
"Çünki sürüşmə əraziləri təhlükəli zonalar hesab edilir. Vulkanların ətrafı da təhlükəli zonadır. Orada yaşamaq insanların həyatı üçün təhlükəlidir. İnsanlar müvəqqəti həyatlarını düşünməməlidirlər".
Tahir Rzayev qanunla neftli ərazilərdə, kənd təsərrüfatı təyinatlı torpaqlarda evlərin inşasının da qanunsuz olduğunu bildirib:
"İllər öncə bələdiyyələr neft şirkətləri ilə danışıb bəzi saziş ərazilərindən bələdiyyənin istifadə etməsi üçün razılıq almışdılar ki, orada müəyyən işlər görülə bilər. Sonra o torpaqlar bələdiyyələr tərəfindən qanunsuz satıldı və evlər inşa olundu. Bununla belə o torpaq dövlətindir, dövlətin də səlahiyyyəti var ki, orada vətəndaşın yaşaması mümkündürsə, o torpağı alıb vətəndaşa versin. Amma mümkün olmayan ərazilərdə bunu etmək çətindir. Qanunla insanların rifahı üçün nə mümkündürsə ,onu edəcəklər. Bu günə qədər 57 minə qədər evə sənəd verilib. 10 minlərlə qanunsuz tikilinin isə sənədi hazırlanır".
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti icazəsiz tikililərlə bağlı qanun layihəsi hazırlayır. Dünən bunu jurnalistlərə açıqlamasında qurumun rəisi Mətin Eynullayev bildirib.
"Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüz minlərlədir. Problemin əhatə dairəsinin mürəkkəbliyini nəzərə alaraq onun həllinin mərhələli şəkildə görülməsini nəzərdə tuturuq. Özbaşına tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün qtisadiyyat Nazirliyinin təşəbbüsü ilə aidiyyəti dövlət orqanlarının əlaqələndirilmiş fəaliyyəti çərçivəsində müvafiq layihələrin hazırlanmasına dair işçi qrupu yaradılıb. Öncədən konsepsiyanı işləyib hökumətə təqdim etmişdik. Konsepsiya bəyənilmişdi və onun icrası ilə bağlı işçi qrupunun yaradılması barədə tapşırıq verilmişdi. Biz bu barədə müzakirələr aparmışıq, bir neçə iclas olub. Hazırda məsələnin həlli istiqamətində qanun layihəsi üzərində iş aparılır" - o, qeyd edib.
Mətin Eynullayev belə evlərin sayının yüz minlərlə olduğunu bildirib. O, mühafizə zolaqları ilə bağlı bütün məlumatların toplanıldığını vurğulayıb: "Bu, növbəti addımda qeydiyyatsız yaşayış sahələrinin də amnistisyasında bizə böyük bir üstünlük qazandıracaq. Bəzi hallar var ki, əvvəllər bir boru xəttinin keçdiyi ərazi mühafizə zonası olub, sonradan həmin boru xətti istismardan çıxarılıb. Belə olduqda məlumatlara düzəlişlər edirik".
Eynullayevin sözlərinə görə, problemin iki həll yolu var: "Birincisi, biz mühafizə zonasından keçən xətti başqa istiqamətə çəkməliyik. Bu da o halda mümkündür ki, başqa istiqamət mövcud olsun. Çünki sənədsiz evin tikildiyi ərazidəki xətti çəkməklə başqa ərazidə tikililər varsa, onları da eyni vəziyyətə gətirmiş oluruq. İkinci yol odur ki, o tikintilərin qalıb-qalmaması ilə bağlı müvafiq qərar qəbul olunsun".
Xəbər lenti
0