CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərsığorta"nın ləğvinin pərdəarxası: İstehlakçıların hüququnu Mərkəzi Bank qoruyacaq

© iStock.com / MarianVejcikSığorta
Sığorta - Sputnik Azərbaycan, 1920, 02.02.2024
Abunə olmaq
Ekspert bildirib ki, dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər 2022-ci ilin yanvarın 1-dən "Azərsığorta"dan alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ötürülüb.
BAKI, 2 fevral — Sputnik. "Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkəti ləğv edilib. Bu barədə dövlət başçısı Fərman imzalayıb. Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
"Azərsığorta" spesifik sığorta şirkətidir"
Məsələni şərh edən sığorta eksperti İlkin İbrahimov Sputnik Azərbaycan-a deyib ki, ümumiyyətlə, sığorta şirkətlərinin ləğvi "Sığorta fəaliyyəti haqqında" qanunla tənzimlənir: "Qanuna əsasən sığorta şirkəti könüllü qaydada və yaxud hansısa çatışmazlıqlara görə ləğv edilə bilər. Amma "Azərsığorta" spesifik sığorta şirkətidir. Belə ki, "Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkətinin sədrini dövlət başçısı təyin edib.
Prezident İlham Əliyevin 2021-ci il 22 sentyabr tarixli Sərəncamı ilə Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. 2022-ci ildə Azərbaycan Prezidentinin Fərmanı ilə Dövlət Sığorta Kommersiya Şirkəti "Azərsığorta" Açıq Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil edilib. Dövlət başçısının 31 yanvar 2024-cü il tarixli Fərmanı ilə "Azərsığorta" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" Azərbaycan Prezidentinin 2022-ci il 16 iyul tarixli Fərmanı ləğv edilib".
"Azərsığorta" şirkəti bütün öhdəliklərini yerinə yetirir"
O bildirib ki, keçən ilin noyabr ayından "Azərsığorta" şirkəti bütün sığorta növləri üzrə satışlarını dayandırıb: "Həmin dövrə qədər olan müqavilə öhdəliklərinin icrası isə davam edir. Hazırda "Azərsığorta" şirkəti bütün öhdəliklərini yerinə yetirir və sığorta ödənişləri ilə bağlı problemi yoxdur. Prosedur qaydalara görə, əgər sığorta hadisəsi baş verirsə, vətəndaşlar "Azərsığorta" şirkətinə müraciət etməlidirlər. Əgər vətəndaş üçün hansısa məsələdə problem yaranarsa, nəzarətedici orqan olan Mərkəzi Banka müraciət edə bilər. İstehlakçı hüquqlarının müdafiəçisi Mərkəzi Bankdır. Mərkəzi Bank da qanunamüvafiq olaraq tədbirlər görə bilər. Hesab edirəm ki, "Azərsığorta" ilə bağlı vətəndaşların heç bir problemi olmayacaq".
Ekspertin fikrincə, keçmiş təcrübələrə əsaslansaq, "Azərsığorta"nın portfelinin digər sığorta şirkətlərinə ötürülməsi ilə bağlı danışıqlar aparılacaq: "Hansı sığorta şirkəti istəyirsə, danışıq aparıb portfelin ötürülməsi ilə bağlı razılığa gəlinəcək. Məsələn, əmlak sığortası üzrə ixtisaslaşmış sığorta şirkəti portfelin bir hissəsini götürə bilər".
İcbari şəxsi sığortası sahəsində səlahiyyətlər "Azərsığorta"dan alınıb
O diqqətə çatdırıb ki, dövlət başçısının 2021-ci ilin may ayında imzaladığı Fərman ilə dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər 2022-ci ilin yanvarın 1-dən "Azərsığorta"dan alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ötürülüb. Dövlət icbari şəxsi sığorta sahəsində sığortaolunanlar deyəndə hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və başqaları nəzərdə tutulur.
Artıq "Azərsığorta" yeni sığorta şəhadətnamələri vermir
Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev Sputnik Azərbaycan-a deyib ki, hazırda "Azərsığorta" Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvüdür: ""Azərsığorta"nın verdiyi bütün sığorta şəhadətnamələrinin müddəti bitənə qədər onların təminatı davam edəcək. Artıq "Azərsığorta" yeni sığorta şəhadətnamələri vermir. Şirkətin portfelinin ötürülməsi isə qərardan asılı olacaq, yəni bunun bir neçə yolları var. Hansı yol seçiləcəksə, bu, yəqin şirkət tərəfindən elan ediləcək".
Şirkətin könüllü ləğvi ilə əlaqədar ləğvetmə komissiyası yaradılacaq
Maliyyə Nazirliyinin və Azərbaycan İnvestisiya Holdinqinin birgə məlumatında bildirilib ki, Dövlət Sığorta Kommersiya Şirkətinin ləğvi onun öhdəliklərinin yerinə yetirilməsinə mane olmayacaq. Qeyd edilib ki, 2022-ci ildə Dövlət Sığorta Kommersiya Şirkətinin hərbi qulluqçuların və hüquq-mühafizə orqanları əməkdaşlarının dövlət icbari şəxsi sığortasından ibarət olan əsas fəaliyyəti və səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsindən sonra şirkətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılsa da, onun olduqca yüksək rəqabət mühiti ilə xarakterizə olunan daxili sığorta bazarında xüsusi çəkisi azalıb, özəl sığorta şirkətlərinə münasibətdə xüsusi üstünlüklərə malik olmaması səbəbindən rentabelli fəaliyyətinin təmin edilməsi mümkün olmayıb, nəticədə şirkətin təsisçisi olan dövlətin maliyyə itkilərilə qarşılaşması riskləri artmışdı.
Yaranmış vəziyyəti nəzərə alan şirkətin menecmenti tərəfindən şirkətin Direktorlar Şurasına və Azərbaycan İnvestisiya Holdinqinə (AİH) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq şirkətin könüllü qaydada ləğv edilməsi barədə müraciət olunub. Həmin müraciət AİH və Şirkətin Direktorlar Şurası tərəfindən təhlil edilərək dəstəklənib və AİH-nin Müşahidə Şurasına təqdim olunub.
AİH-nin Müşahidə Şurası təqdim olunmuş təklifə baxaraq şirkətin könüllü qaydada ləğvi ilə bağlı Azərbaycan Prezidenti qarşısında vəsatət qaldırıb və Azərbaycan Prezidentinin 2024-cü il 31 yanvar tarixli Fərmanı ilə şirkət ləğv edilib. Şirkətin könüllü ləğvi ilə əlaqədar Maliyyə Nazirliyi və AİH-nin nümayəndələrindən ibarət ləğvetmə komissiyası yaradılacaq və sığorta fəaliyyəti üzrə şirkətə verilmiş lisenziyasının ləğvi üçün Mərkəzi Banka müraciət ediləcək.
Qarşıdakı dövrdə ləğvetmə prosesi çərçivəsində şirkətin mövcud sığorta portfeli üzrə bildirilən sığorta iddiaları operativ şəkildə tənzimlənəcək, kreditorlar qarşısında bütün öhdəliklər təmin ediləcək. Şirkətin ləğv edilməsi öz vəsaitləri və təkrarsığorta təminatları hesabına tam təmin ediləcək və dövlət büdcəsi üçün əlavə maliyyə yükü yaranmayacaq.
Xatırladaq ki, keçən ilin dekabr ayında Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayev mətbuata deyib ki, "Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkətinin fəaliyyəti ilə bağlı hələlik qərar verilməyib, müzakirələr davam edir:
"Azərbaycan İnvestisiya Holdinqinin tərkibinə qatıldıqdan sonra "Azərsığorta"dan icbari şəxsi sığortalar alınaraq Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə ötürülüb. Bu isə sığorta şirkətinin maliyyə göstəricilərinə və fəaliyyətinə təsirsiz ötüşməyib. Sığorta şirkəti hazırda fəaliyyətini öz resursları hesabına davam etdirir. Bununla belə, sığorta şirkətindəki durum hazırda müzakirə predmetidir. Hər hansı bir qərar verilərsə bu barədə məlumat veriləcək".
© AR Ministry of Taxes Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayev, arxiv şəkli
 Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.02.2024
Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayev, arxiv şəkli
Şirkət ötən il 16,6 milyon manat ödəniş edib
Əlavə edək ki, "Azərsığorta" 1991-ci ildə yaradılıb. Bu ilin yanvarın 1-nə "Azərsığorta"nın yığım portfeli 28,8 milyon manat təşkil edib. Sığorta şirkəti 2023-cü ildə ümumilikdə 16,6 milyon manat ödəniş edib.
Xəbər lenti
0