CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda süni uşaq qidalarının qiyməti yenidən bahalaşdı: 1 qutu 120 manat - Video

© Sputnik / Zulfiyya GuluyevaUşaq yeməklərinin satışı
Uşaq yeməklərinin satışı - Sputnik Azərbaycan, 1920, 02.02.2024
Abunə olmaq
Natiq Cəfərli bildirib ki, süni uşaq qidalarının qiymətini ucuzlaşdırmaq üçün dövlətin əlində alətlər var.
BAKI, 2 fevral — Sputnik. Azərbaycanda bəzi süni uşaq qidalarının qiyməti yenidən bahalaşıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında valideynlər məlumat veribl'r. Onlar bildiribl'r ki, 0-6 aylıq körpələr üçün 800 qramlıq "Kabrita Gold-1" süni uşaq qidasının qiyməti 98 manatdan 120 manata qalxıb. Bu süni uşaq qidası 5 aylıq uşağın 1 həftə qidalanmasına ancaq çatır.
Fatimə Şabanova adlı valideyn Sputnik Azərbaycan-a bildirib ki, iki il öncə bu süni uşaq qidasını 83 manata alırmış. Bu ilin yanvar ayının əvvəlinə qədər qiyməti 98 manat olub. İndi isə qiyməti yenidən bahalaşaraq 120 manata çatıb. F.Şabanova 4 aylıq körpəsinin digər süni uşaq qidalarını qəbul etdikdə bədəninin səpdiyini, bu səbəbdən yeni qidaya keçdiyini söyləyib.
Yeni ana olmuş Səbinə Əhmədova da Sputnik Azərbaycan-a "Kabrita Gold-1" süni uşaq qidasının qiymətinin bahalaşdığını bildirib. Deyir ki, övladının digər inək südü ilə hazırlanmış süni uşaq qidalarına allergiyası olduğundan, həkim tövsiyəsi ilə yeni qidaya keçməli olub:
"Övladıma əvvəl inək südü ilə hazırlanmış süni uşaq qidası verirdim. İnək südü zülalına allergiyası olduğundan, məcbur, həkim məsləhəti ilə keçi südündən hazırlanan qidaya keçdik. Bu qidanın qiyməti isə çox bahadır. Əvvəl "Kabrita Gold-1" süni uşaq qidasını 98 manata alırdıq. Yeni ildən sonra qiyməti bahalaşaraq 120 manat olub. Bir ayda dörd qutu "Kabrita Gold-1" süni uşaq qidası alırıq. Hər ay ailəmizin büdcəsindən təkcə uşaq yeməyinə 480 manat vəsait ayırırıq".
"Kabrita Azərbaycan" şirkətindən Sputnik Azərbaycan-a "Kabrita Gold-1" süni uşaq qidasının qiymətinin bahalaşdığını təsdiqlədilər. Bildirdilər ki, bahalaşma müvəqqəti xarakter daşımır. "Kabrita" markası adı altında satılan uşaq qidalarının qiymətində artım baş verib.
"Bizim süni uşaq qidaları keçi südündən hazırlandığından, xaricdə istehsal olduğundan bahalaşma yerli səbəblərlə bağlı deyil. Bundan sonra məhsullar hazırkı qiymətlərlə satılacaq. Sadəcə hər ay müxtəlif satış nöqtələrində məhsullarımıza endirimlər edirik. Analar bu endirimləri izləyib süni uşaq yeməklərini endirim olduğu dövrdə aşağı qiymətlərlə əldə edə bilərlər" - şirkətdən bildirdilər.
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, süni uşaq qidaları ölkəmizdə istehsal olunmur. Azərbaycana süni uşaq qidaları xaricdən idxal edildiyindən, son illər qiymətlərdə fantastik artım baş verib. Süni uşaq qidalarının qiymətini tənzimləmək dövlətin əlində olmasa da, qiymətlərin ucuzlaşmasına təsir etmək üçün dövlətin əlində vergi və gömrük rüsumları şəklində alətlər var:
© Sputnik / Zulfiyya GuluyevaUşaq yeməklərinin satışı
Uşaq yeməklərinin satışı - Sputnik Azərbaycan, 1920, 01.02.2024
Uşaq yeməklərinin satışı
"Uşaq yeməklərinin gömrük rüsumları, əlavə dəyər vergisi sıfırlanarsa, qiymətlər də ucuzlaşacaq. Bu gün Azərbaycanda satılan süni uşaq qidalarının qiymətinə 30-35 faiz vergi və rüsum əlavə olunur. Dövlət süni uşaq qidalarının ucuzlaşmasını istəyirsə, vergi və gömrük rüsumları aşağı salınmalı, yaxud da aradan qaldırılmalıdır. Əks halda, qiymətlər bahalaşmaqda davam edəcək. Çünki, biz süni uşaq qidalarında 100 faiz idxaldan asılıyıq".
Pediatr Vaqif Qarayev isə hesab edir ki, süni uşaq qidalarından imtina etmək lazımdır. Çünki yeni doğulmuş uşaq üçün yeganə optimal qida vasitəsi ana südüdür:
"Bəzi hallarda, anada süd olmadıqda süni uşaq qidası tövsiyə oluna bilər. Bu isə çox nadir hallarda olur. 15-20 il əvvəl bu problem olsa da, indi belə problem yoxdur. Bu məsələdə anaların da günahı var. Analar özləri uşaqlarını öz südləri ilə qidalandırmalıdırlar. Ana südünün tərkibindəki inqridiyentlər heç bir qidada yoxdur, uşaqda immunitet formalaşdırır".
Bəzi doğum evlərində tibb işçilərinin yenidoğulmuşları süni qida ilə qidalandırdığını vurğulayan Qarayev deyib ki, bu, qəbulolunmazdır.
Qeyd edək ki, Azərbaycanda yeni doğulmuş uşağa görə birdəfəlik ödəniş 500 manatdır. 1,5 yaşadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 44 manat, 1,5 yaşdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 28 manat miqdarında müəyyən edilib.
Xəbər lenti
0