Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan regional təşkilatlarla əməkdaşlığı genişləndirsə nə qazanacaq?

© AP Photo / Luca BrunoAzərbaycan bayrağı
Azərbaycan bayrağı - Sputnik Azərbaycan, 1920, 01.02.2024
Abunə olmaq
Professor Elşad Məmmədov bildirir ki, yaxın müddətdə Azərbaycanın ŞƏT və Aİİ ilə əməkdaşlığının dərinləşməsini görə bilərik.
BAKI, 1 fevral — Sputnik. Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin inkişaf iki ölkənin əməkdaşlığını müstəlif platformalarda davam etdirilməsi üçün də münbit zəmin yaradır. Xüsusilə, Avrasiya İqtisadi İttifaqı və Şanxay Əməkdaşlıq Təşkilatının uzun müddətdir ki, Azərbaycana təklif etdiyi əməkdaşlıq imkanları müzakirə mövzusudur. Bu təşkilatlara üzv ölkələrlə Azərbaycanın iqtisadi tərəfdaşlığı hər keçən dövr ərzində yüksələn xətlə inkişaf edir.
Xüsusilə, ötən ilin ticarət dövriyyəsinə nəzər saldıqda görürük ki, Azərbaycanın ŞƏT-in üç aparıcı ölkəsi (Rusiya, Çin, Hindistan) ilə ticarət dövriyyəsinin ümumi həcmi 9 milyard dollara yaxındır.
Ekspertlərin bu təşkilatlara Azərbaycanın üzv olması ilə bağlı yanaşmaları isə fərqlidir.
Professor Elşad Məmmədov bildirir ki, yaxın müddətdə Azərbaycanın ŞƏT və Aİİ ilə əməkdaşlığının dərinləşməsini görə bilərik. Onun sözlərinə görə, istər xarici ticarət dövriyyəsində, istərsə də iqtisadi əməkdaşlıqda bu əks olunur: "Qloballaşmanın tənəzzülə uğraması kontekstində regional iqtisadi əməkdaşlıq ön plana çıxır. Regional iqtisadi əməkdaşlıq dedikdə bizim Aİİ ilə münasibətlərimizin dərinləşməsini qeyd edə bilərik".
Dünyada iqtisadi nöqteyi-nəzərdən makro bölmələrin formalaşması prosesi gedir, deyən professor bildirir ki, Aİİ həmin bölgələrdən birini öz ətrafında cəmləşdirə bilər: "Bu baxımdan Azərbaycanın bu ittifaqla münasibətlərinin dərinləşdirilməsi gözləniləndir. İqtisadi əməkdaşlıq nöqteyi-nəzərindən bu format daha konkretdir. Zənnimcə qarşıdan gələn dövrdə Aİİ ilə münasibətlərimiz prioritet istiqamətlərdən biri olacaq".
"O ki qaldı ŞƏT ilə mnünasibətlərimizə, bu təşkilatda geniş spektrli konseptual yanaşmalar prioritet təşkil edir. Düşünürəm ki, ŞƏT-in məramlarını təhlil etdikdə Azərbaycanın bu təşkilatla əməkdaşlığının dərinləşməsi gözləniləndir, çünki burada böyük perspektivlər var. Azərbaycan üçün ŞƏT-in formatı məqsədəmüvafiq kimi dəyərləndirilə bilər. Amma sırf iqtisadi əməkdaşlıq nöqteyi-nəzərdən ŞƏT daha az praktiki tutuma malikdir. Bu baxımdan Azərbaycanın Aİİ ilə əməkdaşlığında daha əlverişli olar. Bu həm ticarət dövriyyəsində, həm birbaşa investisiya, həm də bir çox istiqamətlər üzrə vahid bazarların formalaşmasında əks oluna bilər. Bu milli iqtisadiyyatımızın rəqabət qabiliyyətliyinin yüksəldilməsinə şərait yarada bilər", Elşad Məmmədov fikirlərini yekunlaşdırıb.
Politoloq İlqar Vəlizadə deyir ki, hazırda Azərbaycan heç bir təşkilatın üzvü olmaq niyyətində deyil: "Ancaq Aİİ regional siyasətin müəyyənləşməsində güclü faktor olaraq mühüm rol oynayır. Xüsusilə son dövrlərdə Aİİ-nin cənub qonşumuz İranla əməkdaşlığının genişlənməsini nəzərə alsaq, bu Azərbaycanın da mənafeyinədir. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın aparıcı tərəfdaş ölkələri Aİİ-nin üzvüdür. Baş verənləri nəzərə alaraq deyə bilərik ki, Azərbaycan Aİİ ilə mütləq institusional münasibətlər qurmalıdır. Son dövrlər Azərbaycan hökumət rəsmiləri Aİİ-nin toplantılarında iştirakçı kimi təmsil olunur. Qəbul olunan qərarlarda Azərbaycanın da yanaşmaları nəzərə alınır".
Politoloqun sözlərinə görə, Aİİ pan-Asiya siyasi və iqtisadi düzənin bir parçasıdır: "Bu düzənə nəzər salsaq görərik ki, onun ən böyük təşkilatı ŞƏT-dir. Bu təşkilat daim inkişafdadır və üzvlərinin sayı daim artmaqdadır. Düşünürəm ki, yaxın illərdə optimal bir münasibətlər formatı müəyyənləşdiriləcək. Çünki Azərbaycan müəyyən qədər tranzit ölkə kimi çıxış etdiyi üçün iqtisadi imkanlarını da gücləndirmiş olar".
"Azərbaycanın gündəmində hazırda nə Aİİ-yə, nə də ŞƏT-ə üzvlük var. Azərbaycanın bu təşkilatlara üzvlüyünə Qərbin hansı münasibət bəsləməsi biiz o qədər də maraqlandırmır. Biz öz suveren qərarlarımızı verərək seçim edirik. Əgər onlar bu təşkilatlarla münaibətlərimizi təzyiq aləti kimi istifadə etmək niyyətinə düşsələr, bunu edəcəklər. Bu baxımdan bizim bu təşkilatlara üzv olacağımız təqdirdə hansısa təzyiqlərlə üzləşəcəyimiz ilə bağlı fikirlər əsas deyil", İlqar Vəlizadə fikirlərini yekunlaşdırıb.
Siyasi analitik Nadir Şəfiyev deyir ki, Azərbaycan üçün indi daha çox enerji daşyıcılarının daha çox ölkələrə çatdırılması, eyni zamanda öz logistika imkanlarından istifadə etməklə əməkdaşlıların genişləndirilməsi prioritet təşkil edir: "Belə olan halda həmin təşkilatlara üzv olan ölkələrlə və elə təşkilatların özü ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xeyrinədir. Eyni zamanda Azərbaycanın müasir siyasəti onu göstərir ki, Azərbaycan dövləti özünü hansısas təşkilatların nizamnaməsi ilə çərçivələmək istəmir. Ona görə də müxtəlif təşkilatların üzvləri əməkdşalığı genişləndirməyə çalışır.Bu baxımdan yaxın gələcəkdə Azərbaycanın bu təşkilatlara üzv olacağını düşünmürəm. Amma bu təşkilatın rəhbərliklər və rəhbər strukturları ilə münasibətləri dərinləşdirəcək".
"Azərbaycan bu gün Qərb platformasında da əməkdaşlıq imkanlarını genişləndirir. Münasibətlərin korlanmasına baxmayaraq iqtisadi müstəvidə əlaqələr davam etdirilir. Bu onu göstərir ki, Azərbaycan Qərblə əlaqələri kəsmir. Bu gün qonşu dövlətlərin Aİİ ilə imzaladığı sazişlər Azərbaycan üçün əlverişli hesab edilmir. Xaricdən gətirilən mallar gömrük rüsumu olmadan keçərsə, bu istehsal sahələrinin məhvinə səbəb ola bilər", - analitik qeyd edib.
Xəbər lenti
0