CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir qeydiyyat ünvanında neçə avtomobilə parklanma yeri verilə bilər? Rəsmi cavab

© Photo : Baku Transport AgencyParklanma yeri
Parklanma yeri - Sputnik Azərbaycan, 1920, 30.01.2024
Abunə olmaq
AYNA iş yerlərinin yaxınlığındakı parklanma yerlərində işçilərə güzəştlərin edilməməsi barədə şikayətlərə də cavab verib.
BAKI, 30 yanvar — Sputnik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Sputnik Azərbaycan-ın parklanma yerləri ilə bağlı şikayətlərə dair sorğusuna cavab verib. Qurumdan rəsmən bildiriblər ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər. Eyni zamanda bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı iş yerlərinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb.

"Eyni yaşayış ünvanı üzrə qeydiyyatda olan hər vətəndaşın adına olan avtomobil üçün bir parklanma talonu verilir. Konkret olaraq qeyd etdiyiniz məsələyə gəlincə, ailədə üç nəfərin avtomobili varsa, bu nəqliyyat vasitələrinin hər biri ayrı-ayrılıqda bu ünvanda qeydiyyatda olan sakinlərin adına olmalıdır. Yalnız bu halda həmin ailənin hər bir üzvünə fərdi parklanma talonu verilir".

Qeyd edək ki, paytaxt sakinləri hər ünvana yalnız bir avtomobilin qeydiyyata salındığından narazılıq edirdilər. Digər narazılıq isə iş yerlərində işləyənlərə parklanma güzəştlərinin edilməməsi ilə bağlıdır.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hansı iş yerində parklanma yeri yoxdursa, orada çalışan işçilərə pulsuz parklanma imkanı yaradılmalıdır.
"Əgər vaxtıilə bina inşa olunanda parklanma nəzərə alınmayıbsa, bu, işçinin günahı deyil. Ona görə də, iş yerlərinə güzəşt edilməlidir. Hər işləyən vətəndaş 8 saat ərzində işdə olur, buna görə xeyli məbləğdə vəsait xərcləyir. Bu da həmin işçinin büdcəsinə təsir göstərir" - E.Cəfərov bildirib.
Qeyd edək ki, bir neçə gün öncə stilist Anar Ağakişiyev Instagram paylaşımında "Azparking"dən şikayətlənmişdi. O, yaşadığı yerin qarşısında parkinqin ödənişsiz olduğunu, lakin sahibi olduğu salonun qarşısında parkinqə görə ayda 300 manat ödəyini bildirib. Xarici vətəndaş olduğu üçün xərclərinin çox olduğunu qeyd edərək buna görə xüsusi imtiyazların nəzərdə tutulmasını istəyib.
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu da Azərbaycan Milli Konservatoriyasının önündəki ödənişli parkinqdən şikayətlənib.
"Biz burada maşınlarımızı pulsuz saxlayırdıq. Lakin bir neçə gün öncə parklanmanı ödənişli etdilər. Belə qərarlar verəndə tələbələri də nəzərə almaq lazımdır" - ifaçı şikayətlənib.
Xatırladaq ki, ötən il iyunun 25-də Nazirlər Kabineti "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği"ni təsdiq edib. Təsdiq edilmiş sənədə görə, Bakının parklanma yerləri "Mərkəz", I, II, III və IV zonalar olmaqla 5 yerə bölünüb. Hər saat üçün "Mərkəz"də 1 manat, I zonada 0,70 manat, II zonada 0,40 manat və III zonada isə 0,30 manat ödəniş tələb olunacaq.
Sonuncu IV zonada isə parklanma ödənişsizdir. Bundan əlavə digər parklanma zonalarında həftə sonu və həftə içi 22:00-dan 07:00-dək avtomobillərin parklanması ödənişsiz olacaq.
Xəbər lenti
0