Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Repetitorlar da qiymətləri qaldırdı: Daha əvvəlki şərtlərlə yaşamaq olmur

© Sputnik / Elvin AhmadMəktəbli qız dərs edir, arxiv şəkli
Məktəbli qız dərs edir, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.01.2024
Abunə olmaq
Ekspert hesab edir ki, uşaqlar orta məktəb biliyi ilə ali məktəbə qəbul olmalıdırlar. Lakin Azərbaycanda məktəblilər dərsə yox, hazırlıqlara üz tuturlar ki, ali məktəbə qəbul oluna bilsinlər.
BAKI, 29 yanvar — Sputnik. Azərbaycanda repetitorların qiyməti artırmasının səbəbi bəlli olub. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən repetitorluqla məşğul olan müəllimlər bildiriblər ki, bu, mikro sahibkarların vergi xərcinin artması ilə bağlıdır. Əvvəl gəlirlərindən 5 faiz vergi ödəyirdilərsə, bu ildən 20 faiz ödəyəcəklər. Ona görə də, repetitorlar hazırlıq qiymətlərini artırıblar.
Tarix fənni üzrə hazırlıq keçən müəllim Gülnar Məmmədova bildirib ki, hazırlığın qiymətini bir şagird üçün 80 manatdan 90 manata qaldırıb. Bakının mərkəzi məktəblərində tarix fənni üzrə hazırlıq qiymətləri 120 manata qədər bahalaşıb. Evdə hazırlıq keçən, vergi ödəməyən repetitorlar qiymətləri artırmayıblar. Amma vergi ödəyən, bunun üçün ofis icarə edən müəllimlər vergi ödəmək məcburiyyətindədirlər. Bu isə hazırlıq qiymətlərinin bahalaşmasına səbəb olub.
Təhsil üzrə ekspert Kamran Əsədov da repetitorların bu ildən qiymətləri bahalaşdırdığını təsdiqləyib. O, Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan təhsil sistemi repetitorlardan asılı vəziyyətdə qalıb.
"Ali təhsil müəssisələrinin bütün pillələrinə qəbul prosesi repetitorluqdan asılıdır. Müəllimlərin işə qəbulu, eyni zamanada dövlət qulluğuna hazırlıq, ali məktəblərə qəbul repetitor və hazırlıq kurslarından asılı vəziyyətə salınıb. Orta və ali məktəblərin görməli olduqları işlərin hər birini hazırlıq kursları, repetitiorlar görürlər. İş o yerə çatıb ki, 10-11-ci siniflərdə məktəblərdə şagird tapmaq müşkül məsələdir. Onların hamısı repetitor hazırlığındadır. Valideynlər repetitor hazırlığına küllü məbləğdə vəsait xərcləyirlər. Apardığımız monitorinqlər göstərir ki, repetitorlar xidmət haqlarını son vaxtlar bahalaşdırıblar. Hazırlıq kurslarında da qiymət artımı müşahidə olunur. Burada qiymətlərin bahalaşması, vergi xərclərinin artımı və sair rol oynayır".
K.Əsədov deyir ki, qiymətlərlə yanaşı, valideynlərin digər hazırlıq xərcləri də artıb. Ali məktəblərə qəbul imtahanlarında 2-ci ixtisas qrupu üzrə coğrafiya, 1-ci ixtisas qrupu üzrə isə informatika fənlərinin olması valideynlərin xərclərini artırıb:

"Bakı şəhərində övladının ali təhsil almasını istəyən valideyn aylıq bir uşağa 350-600 manat məbləğində hazırlıq xərci ayırmalıdır. Riyaziyyat fənni üzrə hazırlıq qiyməti 100-120, ana dili-ədəbiyyat fənləri birgə 160-180 manatdır. Tarix fənni üzrə hazırlıq 80 manat idisə 100 manata çatıb. Repetitor hazıqlıq qiymətlərində 30 faiz artım var. 50 manata abituriyent hazırlığı müəllimi ancaq Bakı ətrafında kəndlərdə tapmaq olar. Bakının mərkəzində qiymətlər daha bahadır".

Ekspert əlavə edib ki, çıxış yolu ali məktəblərə qəbul imtahanlarının sadələşdirilməsidir:
"Uşaqlar orta məktəb biliyi ilə ali məktəbə qəbul olmalıdırlar. Amma bu gün Azərbaycanda məktəblilər dərsə yox, hazırlıqlara üz tuturlar ki, ali məktəbə qəbul ola bilsinlər".
Məlumat üçün bildirək ki, 2024-cü ildən Azərbaycanda muzdlu işçilərinin orta aylıq sayı 3-dən az olan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan mikro sahibkarlar gəlirlərindən 5 faiz yox, 20 faiz vergi ödəməlidirlər. Başqa sözlə, onlar üçün 75 faizlik vergi güzəşti tətbiq olunmayacaq. Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, qüvvədə olan Vergi Məcəlləsinə əsasən, gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.
Dəyişikliyə görə isə müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirlərinin 75 faizi gəlir vergisindən azad olacaq. Məsələn, xərclər çıxılmaqla 500 manat qazancı olan həmin mikro sahibkar əvvəl 25 manat vergi ödəyirdisə, növbəti ildən 100 manat ödəyəcək.
Xəbər lenti
0