CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bank kartından pul oğurlayaraq xaricə qaçmağa çalışan şəxs aeroportda saxlanıldı

© AFP 2023 / THOMAS KIENZLEHava limanı, arxiv
Hava limanı, arxiv - Sputnik Azərbaycan, 1920, 29.01.2024
Abunə olmaq
Araşdırma zamanı onun sosial şəbəkələrdə səhifələr yaradaraq insanların kart məlumatlarını qanunsuz yollarla əldə etdiyi müəyyən olunub.
BAKI, 29 yanvar - Sputnik. Sosial şəbəkə vasitəsilə vətəndaşın bank kartından 15 min manat oğurlayaraq ölkədən qaçmağa çalışan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, su polisləri xidməti ərazidə olan bir nəfər vətəndaş şikayət edərək onun kartından onlayn yolla naməlum şəxsin 15 min manat oğurladığını bildirib. Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü, Gəncə şəhər sakini Vasif Məmmədov ölkəni tərk etmək istəyən zaman hava limanı ərazisində saxlanılıb.
Araşdırma zamanı onun sosial şəbəkələrdə səhifələr yaradaraq insanların kart məlumatlarını qanunsuz yollarla əldə etdiyi müəyyən olunub.
27.01.24, 19:21
“Azərpoçt” adından vətəndaşlara göndərilən saxta mesajlara aldanmayın
Son günlər sosial şəbəkədə yeni fırıldaqçılıq növü ilə bağlı paylaşımlar artıb. Azərtac-ın xəbərinə görə, onlayn alış-veriş edən şəxslər ünvan qeyd etsələr də, müxtəlif problemlər yaşadıqlarını deyirlər. Sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, bağlamalarla bağlı hər hansı problemi dəqiqləşdirmək üçün əlaqə saxlanılanda telefon nömrəsi ilə yanaşı FİN kodu da tələb edilib. Daha sonra isə göndərilmiş linkə keçid etmələri və fərdi məlumatlarını daxil etmələri tələb olunur. Əslində isə vətəndaşın heç bir poçt bağlaması olmur və vətəndaş maraq göstərib göndərilən linkə keçid etdikdə, artıq kiberdələduzların aldatma prosesi başlayır.
“Azərpoçt” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova bildirib ki, ötən ilin dekabr ayında “Azərpoçt”un 169 Çağrı Mərkəzinə belə hallarla bağlı 2000-dən çox zəng daxil olub.

“Təəssüflə bildiririk ki, 2023-cü il ərzində kiberdələduzlar “Azərpoçt” müştərilərini, eləcə də digər vətəndaşları hədəf alaraq, onlara kütləvi şəkildə saxta mesajlar göndərib. Biz qurum olaraq, bu halları araşdıranda onu da müşahidə etdik ki, kiberdələduzlar nəinki “Azərpoçt”, eləcə də digər bankların adından da istifadə edərək, insanları aldadırlar. Bəzi hallarda vətəndaşlarda belə təəssürat yaranır ki, kiberdələduzlar qeyd edilən məlumatları qurumun hər hansısa bir məlumat bazasından əldə edir. “Azərpoçt” olaraq müştərilərimizi əmin edirik ki, məlumat bazamız tam təhlükəsiz şəkildə qorunur və fərdi məlumatlarının mühafizəsi üçün mütəmadi olaraq hüquqi, texniki və təşkilati tədbirlər həyata keçirilir. Əgər belə olmasa, bu mesajlar yalnız “Azərpoçt” müştərilərinə göndərilərdi. Amma fakt budur ki, aldadıcı mesajlar bizim xidmətlərimizdən heç bir halda faydalanmayan digər vətəndaşlara da çatır” - şöbə müdiri vurğulayıb.

Afaq İbrahimova vətəndaşların bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməməsi üçün məlumatlandırma işlərinin aparıldığını, ötən ilin sonunda 50-dən çox xəbər saytlarında məlumatlar yayıldığını, eləcə də sosial media hesablarında mütəmadi informativ paylaşımlar edildiyini, belə hallarla rastlaşan vətəndaşların hüquq-mühafizə orqanlarına da müraciət edə biləcəklərini qeyd edib: ““Azərpoçt” olaraq, bir daha vətəndaşlardan qurumla bağlı şübhəli mesaj və bildirişlər aldıqda, keçidlərə daxil olmamağı, fərdi məlumatları təqdim etməməyi, dərhal 169 - Çağı Mərkəzi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmə aparmalarını tövsiyə edirik”.
Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunun müdiri Ləman Hüseynzadə “Azərpoçt” MMC adından dələduzluq hallarının davam etdiyini təsdiqləyib. Belə ki, kiberdələduzlar vətəndaşlara saxta mesajlar göndərərək, onları şübhəli və saxta keçidlərə yönləndirirlər.

“Qeyd olunan mesajlarda vətəndaşların bağlamalarının çatdırılması üçün ünvan məlumatlarını qeyd etmək tələb olunur. Keçidə daxil olduqdan sonra vətəndaşdan fərdi və bank kartı məlumatları tələb edən veb-səhifə açılır. Elektron Təhlükəsizlik Xidməti vətəndaşları tanımadıqları mənbədən göndərilən mesajların tərkibindəki keçidlərə daxil olmamağa, bank kartı və digər fərdi məlumatlarını şübhəli keçidlər vasitəsilə qarşı tərəfə ötürməməyə çağırır. Belə mesajlar aldıqda vətəndaş “Azərpoçt”dan bağlamanın həqiqətən sifariş olunub-olunmadığını müəyyənləşdirməli, “Azərpoçt” MMC-nin adından vətəndaşlara göndərilən mesajların dəqiq olub-olmamasını yoxlamaq üçün birbaşa qurumun özü ilə əlaqə saxlamalıdır. Həmçinin mesajların hansı mənbələrdən daxil olduğuna diqqət yetirmək vacibdir. Bu tip mesajlar daha çox xarici nömrələrdən və ya vətəndaşların tanımadıqları mənbələrdən göndərilir. Saxta mesajların tərkibindəki məzmun əksər hallarda düzgün tərtib olunmur, sözlərin bir-biri ilə məntiqi əlaqəsi olmur. Vətəndaşlar onlara mesajda təqdim olunan keçidin “URL”nin doğruluğunu da mütləq yoxlamalıdır” - ETX-nin nümayəndəsi açıqlama verib.

“Azərpoçt” MMC və Elektron Təhlükəsizlik Xidməti kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara diqqətli olmağı, tanımadığı şəxslərdən, eləcə də müxtəlif mənbələrdən gələn bildirişlərdə göstərilən keçidlərə daxil olmamağı, fərdi məlumatlarını təqdim etməməyi, eyni zamanda, göndərilmiş bildirişlərin doğruluğunu rəsmi mənbələrdən – “Azərpoçt”un 169 - Çağrı Mərkəzi və ETX-nin qaynar xətti - “1654”, eləcə də hər iki qurumun rəsmi feysbuk hesabına bildirməyi tövsiyə edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0