Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

TƏBİB: Cəlilabadda ölən azyaşlıya dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub

© Photo : Department of Paediatrics and Adolescent Medicine, Princess Margaret Hospital, Hong KongСыпь вирусного происхождения на теле
Сыпь вирусного происхождения на теле - Sputnik Azərbaycan, 1920, 28.01.2024
Abunə olmaq
Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıya dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub.
BAKI, 28 yanvar — Sputnik. TƏBİB Cəlilabad rayonunda ölən körpə ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, 27.01.2024-cül il tarixində Cəlilabad rayonunun Günəşli kənd sakini 2023-cü il təvəllüdlü azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıya dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub, zəruri tibbi xidmət göstərilib.
Həkimlərin bütün səylərinə baxmayaraq, 28.01.2024-cü il tarixində saat 19:40 radələrində ölüm qeydə alınıb.
***
Cəlilabad rayonunda azyaşlı oğlan uşağı vəfat edib.
"Report"un Muğan bürosunun məlumatına görə, onun bir müddət əvvəl səhhəti pisləşib və ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
O, bu gün paytaxt xəstəxanalarından birinə təxliyə olunan zaman yolda vəfat edib.
İlkin məlumata görə, azyaşlı qızılcadan dünyasını dəyişib.
Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
06.01.24
Şəkidə 6 yaşlı uşaq xəstəxanada ölüb.
Yanvarın 5-dən 6-a keçən gecə rayonun Sarıca kənd sakini, 2017-ci il təvəllüdlü Y. M. müalicə olunduğu Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində dünyasını dəyişib.
Azyaşlının xəstəxanada qızılca xəstəliyindən müalicə olunduğu bildirilir.
04.01.24, 17:00
Cəlilabad rayon sakini qızılca xəstəliyindən vəfat edib.
"Report"un məlumatına görə, rayonun Sabirabad kənd sakini İbayeva Sevil Cabbar qızı bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Məlumata görə, o, ötən ayın 26-da xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış.
Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.
18.12.23
Lənkəranda qızılca xəstəliyindən ölüm halı qeydə alınıb.
Sputnik Azərbaycan-a faktı Lənkəran Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.
Bildirilib ki, Şirinsu qəsəbə sakini, 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadədə bir həftə bundan əvvəl yüksək hərarətlə həkimə müraciət edib. Uşağın halı pisləşdiyi üçün dünən yaxınları tərəfindən təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər uşağa yardım göstərsələr də, onu xilas etmək mümkün olmayıb.
TƏBİB Lənkəranda qızılcadan ölən uşaqla bağlı açıqlama verib. Qurumdan Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci il təvəllüdlü uşaq (cinsi kişi) dekabrın 17-də saat 06:00 radələrində huşsuz vəziyyətdə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə gətirilib.
Məlumata görə, vəziyyəti ağır olan xəstə saat 10:45-də mərkəzin reanimasiya şöbəsinə köçürülüb. Azyaşlıya virus mənşəli meninqoensefalit diaqnozu qoyulub. Görülən reanimasiyon tədbirlərə baxmayaraq, saat 15:00 radələrində azyaşlının ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, bununla son bir ay ərzində Azərbaycanın müxtəlif bölgələrində qızılcadan artıq səkkizinci uşaq dünyasını dəyişib.
15.12.23, 12:33
TƏBİB-dən qızılcadan ölən uşaqla bağlı açıqlama
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Şəmkirdə dörd yaşlı uşağın ölümü barədə açıqlama verib. Qurumdan Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, serebral iflic xəstəliyindən əziyyət çəkən 2019-cu il təvəllüdlü uşağın səhhətində yaranan problemlərlə bağlı dünən valideynləri tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə müayinəyə gətirilib.
Qeyd edilib ki, həkim müayinəsi zamanı xəstədə qızılca virusu aşkar edilib və stasionar müalicəyə ehtiyac olduğu bildirilib. Uşağın valideynləri stasionar müalicədən imtina ediblər. Daha sonra uşaq valideynləri tərəfindən elə həmin gün saat 15:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirərkən xəstəxanaya qədər ölüm qeydə alınıb.
***
Şəmkirdə 4 yaşlı oğlan uşağı qızılca xəstəliyindən vəfat edib. Sputnik Azərbaycan xəbər verir, 2019-cu il təvəllüdlü Şəmkir rayon sakini H.Allahyarovun vəziyyəti qızılca xəstəliyindən ağırlaşaraq, Gəncə şəhərinə gətirilən zaman yolda ölüb. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, bundan əvvəl Şirvanda 12 yaşlı uşaq qızılca sonrası ağırlaşmadan ölüb. Şirvan sakini, 2011-ci il təvəllüdlü Ömər Kürdoğlu oğlu Şahbazzadə bir müddət əvvəl qızılcaya yoluxub. Evdə müalicə alan 12 yaşlı Ömərin müalicəsinin düzgün aparılmaması uşaqda ağırlaşmaya səbəb olub. Bununla da qızılcadan uşaq ölümlərinin sayı altı olub.
03.12.23, 19:10
Qızılcadan ölən 2 yaşlı uşağın peyvənd olunmadığı məlum olub
2021-ci il təvəllüdlü azyaşlı Qaradağ rayonunun Qobustan qəsəbəsindən təcili yardım ambulansı vasitəsilə təxliyə olunub.
APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, azyaşlı 30.11.2023-cü il tarixində saat 21:32 radələrində 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına qəbul olunub. Daxil olarkən xəstənin ümumi vəziyyəti ağır, dəri və selikli qişalar sianozlu (göyümtül rəngdə) olub. Ağciyərlər üzərində zəifləmiş sərt tənəffüs fonunda tək-tək yaş xırıltılar duyulub.
Xəstə süni tənəffüs aparatına qoşulub.
Aparılan bütün intensiv terapiya və reanimasiyon tədbirlərə baxmayaraq, xəstənin ürək tənəffüs fəaliyyəti bərpa olunmayıb və 02.12.2023-cü il tarixində saat 17:00-da bioloji ölüm baş verib.
Xəstənin anamnestik və reyestr məlumatlarına əsasən, qızılcaya görə peyvənd olunmadığı məlum olub.
02.12.23
Qobustanda daha bir uşaq qızılcadan dünyasını dəyişib. Belə ki, Baxışlı Elmir Elbrus oğlu iki yaşında qızılcadan vəfat edib.
Atası Elbrus Baxışov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, evdə digər iki övladı da qızılca olub, onlar sağalsa da, qızılcaya yoluxmuş balaca Elmiri xilas etmək olmayıb.
"Uşağı polikilinikaya müayinəyə aparmışdım. Həkim nə təyin etmişdisə edirdik. Dekabrın 8-də iki yaşını qeyd edəcəkdik, amma balam tələf oldu”, - atası deyib.
29.11.23
Azərbaycan Uşaqlar Birliyinin sığınacağında qızılcaya yoluxanların sayı 12 nəfərə çatıb. Bu barədə Sputnik Azərbaycan-a Birliyin sədri Kəmalə Ağazadə məlumat verib.
O, bildirib ki, onların 10 nəfəri sığınacaqdan, iki nəfəri isə ayrı-ayrı sanatoriyalardan xəstəxanaya yerləşdirilib.
K.Ağazadənin sözlərinə görə, artıq sığınacağa 20 saylı polikilinikadan həkim və tibb bacısı təyin olunub, uşaqlar nəzarət altında saxlanılır. Qeyd edək ki, dünən Qaradağ rayonunda yerləşən 195 saylı məktəbdə 20 şagird qızılcaya yoluxub.
28.11.23, 15:16
Azərbaycan Uşaqlar Birliyinin sığınacağında da qızılca xəstəliyi yayılıb. Bu barədə Sputnik Azərbaycan-a Birliyin sədri Kəmalə Ağazadə məlumat verib.
O, bildirib ki, artıq sığınacağın 10-a yaxın kiçik sakini xəstəxanaya yerləşdirilib. O, iki uşağın vəziyyətinin ağır olduğunu söyləyib. K.Ağazadə deyib ki, sığınacağa yerləşdirilən uşaqlara hansı peyvəndlərin vurulduğundan xəbərsiz olduqlarından, onları bu xəstəlikdən qorumaq çətindir.
***
Bakının Qaradağ rayonunda qızılcaya yoluxma qeydə alınan 195 saylı məktəbdə dezinfeksiya tədbirləri görülüb, məktəbə tibb işçisinin göndərilməsi üçün polikilinikaya məktub göndərilib.
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Qaradağ Rayon Gigiyena və Epidemilogiya Mərkəzinin direktoru Sevil Bədəlova söyləyib. O, bildirib ki, sözügedən məktəbdə şagird sayı çox olduğundan, xəstəliyə sürətli yoluxma baş verir.
"Bizə pediatrlardan təcili bildiriş daxil olan kimi məktəbdə Epidemiloji şöbə və Yeniyetmə şöbəsi araşdırma aparıb. 195 saylı məktəbdə tibb işçisi olmadığından, biz ərazi üzrə polikilinikaya məktubla müraciət etmişik ki, oraya tibb işçisi göndərilsin. 195 saylı məktəbdə qızılcaya 20-ə yaxın yoluxma faktı qeydə alınıb. Bu rəsmi aparılan statistikadır. Qeyri-rəsmi də yoluxma halları var. Hətta biz bəzi həkimlərə bizə vaxtında bildiriş vermədikləri üçün cəzalandırmışıq", - deyə GEM rəhbəri söyləyib.
***
Bakının Qaradağ rayonunda 195 saylı ümumtəhsil müəssisəsində şagirdlər arasında qızılca xəstəliyi yayılıb.
Bu barədə sosial şəbəkədə məktəbin müəllimi Aynur Cavid paylaşım edib. O, bildirib ki, sinifində 30 şagirddən 19-u qızılca xəstəliyinə yoluxub. A.Cavid Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2-ci sinif şagirdləri arasında qızılcaya yoluxanların çoxu xəstəliyi ağır keçirirlər.
Qeyd edək ki, bundan əvvəl də ümumtəhsil müəssisələrində qızılcaya yoluxma halları qeydə alınıb.
Xəbər lenti
0