Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mikro sahibkarların sosial sığorta haqlarının 25 faizi vergilərdən çıxılacaq - DETALLAR

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv şəkli
Azərbaycan manatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.01.2024
Abunə olmaq
Mikro sahibkarlıq subyektlərinin maliyyə-iqtisadi vəziyyəti təhlil edilərkən mövcud vəziyyətdə onların əldə etdikləri gəlirlərin sabit sosial xarakterli xərclərinin ödənilməsi üçün yetərli olmadığı müəyyənləşdirilib.
BAKI, 24 yanvar — Sputnik. Azərbaycanda mikro sahibkarlıq subyekti olan fiziki şəxslərin ödədikləri sosial sığorta haqqı məbləğlərinin 25 faizi vergilərdən çıxılacaq.
Dövlət Vergi Xidmətinin məlumatına əsasən, Vergi Məcəlləsinə edilmiş son dəyişiklikdə mikro sahibkarlıq subyektlərinin fəaliyyətinin davamlılığının təmin edilməsi və sosial sığorta yükünün dövlət büdcəsi vəsaiti hesabına kompensasiyası məqsədilə onların özlərinə görə ödədikləri sosial sığorta haqqı məbləğlərinin 25 faizinin dövlət büdcəsinə ödənilməli olan vergi məbləğindən çıxılması təsbit olunub.
Məsələni Sputnik Azərbaycan-a şərh edən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, "Sosial sığorta haqqında" qanuna görə, tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər minimum aylıq əməkhaqqının 50 faizi, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər: "Hazırda minimum əməkhaqqı 345 manatdır. Məsələn, fərdi sahibkar Bakıda tikinti sahəsinə aid fəaliyyətlə məşğuldursa, aylıq 172,5 manat məcburi dövlət sosial sığorta haqqı ödəyir. Əgər fərdi sahibkar Bakıda qeyri-tikinti sahəsində fəaliyyət göstərirsə, hər ay 86,25 manat məcburi dövlət sosial sığorta haqqı ödəyir".
"Sosial sığorta haqqı məbləğləri bölgələrə görə dəyişir"
Ekspert bildirib ki, "Sosial sığorta haqqında" mövcud qanuna əsasən, məcburi dövlət sosial sığorta haqqı məbləğləri bölgələrə görə dəyişir: "Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər minimum aylıq əməkhaqqının 50 faizi, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon mərkəzlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında sosial sığorta haqqı ödəməlidir. Məsələn, fərdi sahibkar Sumqayıt şəhərində pərakəndə ticarət fəaliyyəti ilə məşğul olur. Bu halda onun qeyd edilən sahibkarlıq fəaliyyəti üzrə ödəməli olduğu aylıq məcburi dövlət sosial sığorta haqqının məbləği 77,63 manatdır".
"Mikro sahibkar daha az vergi ödəyəcək"
Ekspert diqqətə çatdırıb ki, yeni dəyişikliyə əsasən, bundan sonra məsələn, fərdi sahibkarın Bakıda ödədiyi 86,25 manat məcburi dövlət sosial sığorta haqqının 21,56 manatı vergi ilə əvəzləşdiriləcək: "Yəni bu 21,56 manat, fərdi sahibkarın dövlət büdcəsinə ödəməli olduğu vergi məbləğindən çıxılacaq. Başqa sözlə, mikro sahibkar daha az vergi ödəyəcək. Və yaxud 172,5 manat məcburi dövlət sosial sığorta haqqının 43,12 manatı fərdi sahibkarın ödədiyi vergilərdən çıxılacaq".
"Sosial sığorta yükü dövlət büdcəsi vəsaiti hesabına kompensasiya ediləcək"
Qeyd edək ki, Dövlət Vergi Xidmətindən bildiriblər ki, Dünya Bankı Qrupunun "Əlverişli biznes mühiti" layihəsinin "Vergitutma" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsində dövriyyəsi aşağı olan fiziki şəxslərin özlərinə görə ödədiyi sosial sığorta haqlarının məbləğinin optimallaşdırılması nəzərdə tutulub.
Mikro sahibkarlıq subyektlərinin maliyyə-iqtisadi vəziyyəti təhlil edilərkən mövcud vəziyyətdə onların əldə etdikləri gəlirlərin sabit sosial xarakterli xərclərinin ödənilməsi üçün yetərli olmadığı müəyyənləşdirilib. Belə olan halda, bu cür xərclər yeni fəaliyyətə başlayan mikro sahibkarlıq subyektləri üçün əlavə maliyyə yükü yaratdığından sosial sığorta haqlarının vergi öhdəlikləri ilə əvəzləşdirilməsi nəzərdə tutulub.
Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə mikro sahibkarlıq subyektlərinin fəaliyyətinin davamlılığının təmin edilməsi və sosial sığorta yükünün dövlət büdcəsi vəsaiti hesabına kompensasiyası məqsədilə onların özlərinə görə ödədikləri sosial sığorta haqqı məbləğlərinin 25 faizinin dövlət büdcəsinə ödənilməli olan vergi məbləğindən çıxılması təsbit olunub.
"Bununla da həm çəkilən xərclərin kompensasiyası həm də qeyri-rəsmi dövriyyələrin "ağardılması" hədəflənir, eyni zamanda, dəyişiklik sosial–iqtisadi siyasət çərçivəsində böyük kütləni əhatə edən mikro sahibkarlıq subyektlərinə dövlət dəstəyinin təzahürü kimi çıxış edir" - Dövlət Vergi Xidmətinin məlumatında bildirilib.
Hansı sahibkarlar mikro sahibkar hesab olunur?
Xatırladaq ki, sahibkarlıq subyektlərinin bölgüsü Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları" ilə tənzimlənir. Qərara əsasən, işçilərinin orta sayı 1-10 nəfər olan və illik gəliri 200000 manatdan az olan şəxslər mikro sahibkarlıq subyekti kimi tanınır.
Xəbər lenti
0