Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dərman firmaları ilə işləyən həkimlərin "bazarı" bağlanır -VİDEO

© Sputnik / Рамиль СитдиковDərman
Dərman - Sputnik Azərbaycan, 1920, 21.01.2024
Abunə olmaq
Deputat bildirib ki, açar sözləri yazmaqla dərmanın beynəlxalq adını, dərman firmasının Azərbaycanda qeydiyyatda olub-olmamasını müəyyən etmək mümkündür.
BAKI, 21 yanvar — Sputnik. "Dərman preparatlarının protokollara uyğun, həm də müvafiq qurumların nəzarəti altında olması həkim məsuliyyətini artıracaq".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli bildirib.
"Sui-istifadə hallarını da aradan qaldıracaq"
Azərbaycanda elektron reseptlərin tətbiqinə münasibət bildirən deputat deyib ki, elektron reseptin tətbiqi həm dərmanların keyfiyyətinə nəzarət, həm də müalicə mexanizmlərinə, kliniki tibbi protokollara uyğunluğuna nəzarət sisteminin qurulması baxımından çox böyük əhəmiyyət kəsb edir.
"Elektron resept həkimlər tərəfindən çox rahatlıqla istifadə ediləcək. Açar sözləri yazmaqla dərmanın beynəlxalq adını, dərman firmasının Azərbaycanda qeydiyyatda olub-olmamasını müəyyən etmək mümkün olacaq. Elektron reseptin tətbiqi ilə həkim, əczaçılıq müəssisəsi və tibb müəssisəsi arasında onlayn əlaqə formalaşacaq. Yazılmış elektron resept sui-istifadə hallarını da aradan qaldıracaq" - Müşfiq Məmmədli bildirib.
Dərmanlar reseptə kimyəvi tərkiblə yazılacaq
Qeyd edək ki, bu günlərdə Azərbaycanda elektron reseptin təqdimatı olub. Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin Elektron səhiyyə standartlarının və təsnifatlarının nəşriyyatı şöbəsinin müdiri Kəbutər Mövsümlü mətbuata açıqlamasında bildirib ki, burada əsas məqsəd dərman preaparatlarının ticari adla yox, kimyəvi tərkiblə yazılmasıdır.
Onun sözlərinə görə, eyni zamanda, e-resept vətəndaşların tibbi məlumatlarına əlçatanlığını, tibb mütəxəssislərinin daha effektiv xidmət göstərməsini təmin edir:
"Elektron resept sistemi həkim, pasiyent və əczaçılar üçün vahid bir platforma üzərindən reseptlərin idarə olunmasını təmin edəcək. Belə ki, elektron resept kağız dövriyyəsini aradan qaldıracaq, həkimlər vətəndaşlara onlayn və sürətli şəkildə xidmət göstərəcək. Eyni zamanda, elektron resept əvvəllər təyin edilmiş dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşmağa imkan verəcək".
Kəbutər Mövsümlü bildirib ki, Elektron Resept sisteminin tətbiqi yuxarıda qeyd olunan üstünlüklərlə yanaşı, bütün sektorun şəffaflığının artırılması nəticəsində əlavə iqtisadi effekt yaradacaq: "Bu sistemin tətbiqi ilə dərman satışı sahəsində tranzaksiyalara nəzarətin real mexanizmi yaranacaq".
Elektron resept bəzi şəxslərə şamil olunmayacaq!
Həmçinin elektron reseptdə yalnız Tarif Şurasının təsdiqlədiyi və dövlət qeydiyyatına alınan dərman vasitələri qeyd olunacaq. Lakin dövlət tərəfindən pulsuz dərman preparatları ilə təmin olunan şəxslərə elektron resept şamil olunmayacaq.
"Dərman preparatları ilə təmin olunma dövlət müalicə-profilaktika müəssisələrinin aptek məntəqələri vasitəsilə həyata keçirilir. Pulsuz dərman reseptləri yazmaq hüququ olan dövlət müalicə-profilaktika müəssisələrinin siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Bir ödənişsiz reseptdə yalnız bir dərman preparatı yazılır" - Kəbutər Mövsümlü bildirib.
Onun sözlərinə görə, ödənişsiz şərtlərlə dərman almaq hüququna malik olan şəxslər və ya onların qanuni nümayəndəsi yaşayış yeri üzrə poliklinikaya müraciət edib, bu hüquqları təsdiq edilən əsas sənədləri təqdim etməlidirlər:
"Bəzi pasiyentlər üçün verilən reseptlərdə 2 və ya 3 möhür tələb olunur. Bu, elektron reseptdə də saxlanılıb. Bundan başqa, elektron reseptdə firma dərmanlarının və ya bioloji aktiv qida maddələrinın yazılması mümkün olmayacaq. Misal olaraq reseptdə yazılan dərman sayı 10 ədəddir, lakin müraciət etdiyi aptekdə yalnız 5 ədəd qalıb. Onda aptekdə olan qədər alınır və elektron resept aktiv qalır, vətəndaş başqa əczaçılıq müəssisəsində müraciət edib dərman vasitələrini ala biləcəklər. Yəni qalan dərman sayına görə yenidən resept yazılmasına ehtiyac olmayacaq. Onu da nəzərə alaq ki, resept oxunuşu əczaçılar üçün müəyyən çətinlik yaradırdı, elektron resept sisteminin təşkili ilə bu problem arandan qaldırılmış olur".
Qida əlavələri də resepdə yazılamayacaq
Əczaçı-mütəxəssis, provizor Elman Hüseynov Sputnik Azərbaycan-a deyib ki, elektron resept layihəsi pasiyentin xeyrinə hazırlanmış sistemdir.
"Bütün dərman preparatları kimyəvi tərkibi ilə yazılacaq. Artıq pasiyent də dərmanı aptekdən kimyəvi adı ilə alacaq. Qeydiyyatdan keçməmiş dərman preparatları elektron reseptdə yazıla bilməyəcək. Qida əlavələri də reseptdə yazılmayacaq. Dünyada belədir ki, eyni tərkibdə yeddi-səkkiz antibiotik var. Aptekdə əczaçı hansı preparatı uyğun bilirsə, onu da verəcək. Qiymətlər də fərqli olacaq" - provizor bildirib.
O, həmçinin qeyd edib ki, eskpertizadan keçməmiş dərman preparatının sistemdə adı çıxmayacaq. Həmçinin həkimlər dərman firmaları ilə sövdələşmə əsasında işləyə bilməyəcəklər.
Məlumat üçün bildirək ki, rəqəmsal resept (Elektron resept) sistemi Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır.
Elektron resept tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını nəzərdə tutur. Elektron resept sistemi vətəndaşlara dərman vasitələrinin yazılması və əldə olunması prosesində tam şəffaflığı və əlçatanlığı təmin edir. Pasiyent müayinə olunduqdan sonra ona yazılacaq hər bir dərman preparatı, elektron sistemdə vahid olaraq yerləşdirildikdə, ümumi sistemdən görünəcək. Elektron reseptdən istifadə üçün "Reseptim" tətbiqini yükləmək lazımdır. Vətəndaşlar FİN-ə (fərdi identifikasiya nömrəsi) uyğun olaraq elektron resepti əldə edə biləcəklər.
Elektron resept tətbiq edildikdən sonra bütün əczaçılıq və tibb müəssisələrinin inteqrasiyası da təmin ediləcək. Vətəndaşlar qeydiyyat prosesi zamanı öncəliklə "Asan login"də qeydiyyatdan keçməlidirlər. Bundan sonra sistemə pasiyent kimi daxil olmaq üçün açılan pəncərədə "pasiyent" profilini seçmək lazımdır. Daha sonra "Dərmanlar" səhifəsində yerləşən axtarış sahəsində müvafiq dərman adını, istehsal ölkəsini, qəbul formasını və s. görmək mümkündür. Siyahıda həmçinin Tarif Şurasının müəyyən etdiyi maksimum qiymət də qeyd olunub. Xatırladaq ki, bu ilin yanvar ayının 16-da Azərbaycanda elektron reseptin təqdimatı olub.
Xəbər lenti
0