SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lavrovun məntiq dərsi: Ermənistan xilas ola bilərmi?

© Sputnik / Евгений Биятов / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 20.01.2024
Abunə olmaq
Politoloq deyir ki, bu gün Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı iddiaları bəhanədir və onun ərazi bütövlüyünün pozulacağı ilə bağlı səsləndirilən fikirlərin əsası yoxdur.
BAKI, 20 yanvar — Sputnik. Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ilin yekunlarına həsr olunmuş mətbuat konfransı Cənubi Qafqaz regionu üçün maraqlı açıqlamalarla yadda qaldı. Rusiya XİN rəhbəri Azərbaycan-Ermənistan arasındakı sülh prosesi, Zəngəzur dəhlizi, "3+3" formatı ilə bağlı maraq doğuran suallara cavab verib.
Lavrovun diqqət çəkən açıqlamalarından biri Paşinyanın kommunikasiyalarla bağlı bəyanatına yanaşması oldu. Rusiya XİN rəhbəri bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın tranzitlə bağlı açıqlamalarında məntiq görmür, çünki bütün marşrutların açılması barədə razılıq var.
Lavrovun açıqlamaları ilə bağlı millət vəkili Elman Nəsirov və politoloq Zərdüşt Əlizadə Sputnik Azərbaycan-a danışıblar.
Millət vəkili bildirib ki, bu açıqlamalar Ermənistanda narahatlıq doğurub: "Ermənistan ictimai arenasında belə bir fikir var ki, Sergey Lavrov bu fikirlərlə, Rusiya prezidenti Valdimir Putinin yanaşmalarını açıqlamış oldu. Əslində Paşinyanın mövqeyinin məntiqsiz adlandırılması reallığın ifadəsi idi. Bu gün Rusiya yaxşı anlayır ki, Cənubi Qafqaz regionu qlobal güclərin maraq dairəsindədir və bu regionda təsirini itirmək həm də onun özü üçün təhlükəlidir. Ermənistanın Qərbyönümlü siyasi hakimiyyəti müxtəlif yollarla özlərinin mövcudluğunu təmin etməyə çalışırlar".
Elman Nəsirovun sözlərinə görə, Paşinyan hökumətinin və Paşinyanın özünün açıqlamalarının boşa çıxması, bu fikirlərin heç bir məntiqə söykənməməsi ilə bağlıdır:
"Ermənistan Baş naziri gah sülhdən danışır, gah da onun reallaşmasına gətirib çıxaracaq üçtərəfli sazişin müddəalarını icra etməkdən boyun qaçırır. Bu gün Ermənistan hakimiyyətinin sülh danışıqlarından Qərbin diktəsi ilə yayınması hər kəsə məlumdur. Paşinyanın ağıl verən Qərbdən olan tərəfdaşları Ermənistanı uçuruma sürükləyirlər".
Azərbaycanla sülhün regiona gətirəcəyi stabillik, inkişaf və rifah sülhə qarşı olanların maraqlarına cavab vermir, deyən Elman Nəsirov qeyd edir ki, dünyanın müxtəlif yerlərində xaos yaradan həmin qüvvələr Cənubi Qafqazı da qan çanağına çevirmək istəyir.
"Azərbaycan qonşularına qarşı ərazi iddiasında olmadığını, Zəngəzur dəhlizi ilə bağlı mövqeyini açıq şəkildə bəyan edib. Ermənistanın kommunikasiyalarla bağlı mövqeyi həm də Rusiyanın bu məsələlərlə bağlı tutduğu mövqe ilə daban-dabana ziddiyyət təşkil edir. Rusiya hesab edir ki, üçtərəfli bəyannamənin müddəalarına uyğun olaraq kommunikasiyaların açılması təmin edilməlidir. Paşinyanın mövqeyi kommunikasiyaların açılmasına deyil, Rusiyaya qarşıdır. Bu gün Rusiya-Ermənistan münasibətləri özünün ən mürəkkəb və gərgin dövrünü yaşayır. Bu isə deməkdir hadisələr istənilən formada və gözlənilməz istiqamətlərdə cərəyan edə bilər. Düşünürəm ki, Ermənistan siyasi hakimiyyətinin öz siyasi xəttində Kremlə yönəlmiş müəyyən reveranslar etməsi istisna deyil".
Politoloq Zərdüşət Əlizadə deyir ki, Azərbaycan üçün sülh danışıqları ilə bağlı ən yaxşı variant ikitərəfli danışıqların aparılması ola bilərdi: "Bu gün Ermənistan tərəfi danışıqlar prosesində Rusiyadan yayınmağa çalışır. Azərbaycan üçün isə Qərb və Rusiya meydanında danışıqları seçməli olsa, Rusiya daha əlverişli sayılır. Çünki Rusiyanın mövqeyi bizə daha yaxındır".
Zərdüşt Əlizadə isə qeyd edir ki, Ermənistan birbaşa danışıqlara həvəssiz yanaşır: "Danışıqlar o demək deyil ki, biz bizə diktə olunanı qəbul edəcəyik. Çünki Azərbaycan üçün öz maraqları daha önəmlidir. Prezident İlham Əliyev də mənafelərimizin müdafiəsi üçün nə lazımdırsa, ediləcəyini bildirib".
Ekspertin sözlərinə görə, bu gün Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı iddiaları bəhanədir və onun ərazi bütövlüyünün pozulacağı ilə bağlı səsləndirilən fikirlərin əsası yoxdur.
"Ermənistanın narahatlığı odur ki, Azərbaycan və Türkiyə arasında birbaşa əlaqə qurulmuş olacaq. Bu Ermənistanın qorxusudur. Əgər kommunikasiyalar açılarsa, Ermənistan ərazisindən Naxçıvana saatda 60 km. sürətlə gedəcək qatarın yarımsaatlıq yolu var", Zərdüşt Əlizadə bildirib.
Xəbər lenti
0