CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tütün istifadəsinin məhdudlaşdırılması ilə bağlı qanunun monitorinqi keçiriləcək

Abunə olmaq
Qanuna əsasən, tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə bir sıra yerlərdə tütün çəkilməsi qadağandır.
BAKI, 18 yanvar — Sputnik. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun tətbiqinin monitorinqi məqsədilə dinləmələrin keçirilməsi nəzərdə tutulur.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
Əmək və sosial siyasət komitəsinin 2024-cü ilin yaz sessiyası üçün iş planı barədə məlumat verən Musa Quliyev bildirib ki, yaz sessiyasında Azərbaycan Prezidentinin və digər qanunvericilik təşəbbüsü subyektlərinin təqdim edəcəyi qanun layihələri, Azərbaycan qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında və digər qanun layihələri müzakirə ediləcək.
Qeyd edək ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun Azərbaycan əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.
Tütün çəkilməsinə icazə verilməyən yerlər...
Qanuna əsasən, tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır:
təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;
tibb müəssisələrində və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;
idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində;
restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində;
ticarət obyektlərində;
məişət obyektlərində;
sosial xidmət müəssisələrində;
yerləşdirmə vasitələrində;
teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;
uşaq meydançalarında;
yerüstü qapalı və yeraltı piyada keçidlərində;
müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;
metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda;
hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində;
hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;
liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;
taksafonlarda;
yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində;
mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində.
Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri bu göstərilən yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə "tütün çəkmək qadağandır" yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.
Yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı, habelə onlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır.
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Məsələn, yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi yüz manat məbləğində cərimə tətbiq edilir.
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinin qarşısının alınmamasına görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.
Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə əlli manat məbləğində cərimə tətbiq edilir.
Əlavə edək ki, Daxili İşlər Nazirliyi (DİN) "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" qanunun tələblərindən irəli gələn vəzifələrin icrasını diqqət mərkəzində saxlayır. Respublikanın şəhər, rayon polis orqanları aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə monitorinqlər keçirir, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0