SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fransa sanksiyalarla qorxudur: Azərbaycan nə cavab verəcək?

© iStock.com / Oleksandr FilonAzərbaycan və Fransa bayraqları, arxiv
Azərbaycan və Fransa bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 18.01.2024
Abunə olmaq
Diplomat hesab edir ki, Makron Fransanın fövqəl dövlət olduğunu dünyaya göstərmək üçün müxtəlif addımlar atır.
BAKI, 18 yanvar — Sputnik. Fransa Senatı Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağıran qətnamə qəbul edib. Qətnamədə Azərbaycandan qaz idxalına qadağa qoyulmasına çağırış edilir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar hökumətə çağırış edərək Fransa ilə iqtisadi əlaqələrin dayandırılmasını təklif edib.
Təkliflər sırasında "Total" şirkəti də daxil olmaqla bütün Fransa şirkətlərinin Azərbaycandan çıxarılması, Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə onların iştirakına yol verilməməsi məsələsi də var.
Azərbaycan-Fransa münasibətlərindəki gərginliklə bağlı millət vəkili Arzu Nağıyev və keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Sputnik Azərbaycan-a danışıblar.
Millət vəkili Arzu Nağıyev qeyd edir ki, son vaxtlar Fransa Azərbaycana qarşı siyasi, hərbi, iqtisadi addımlar atır:
"Fransa Senatının qəbul etdiyi birtərəfli qətnamə bir daha göstərir ki, Azərbaycan onlara öz siyasi cavablarını verməlidir. Fransa ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir, suverenliyimizə qarşı ədalətsiz addımlar atır. BMT-də Fransanın təşəbbüsü ilə Azərbaycan əleyhinə yönəlmiş tədbirlərin təşkilinə çalışılır. Fransa sərhədlərimizə doğru yaxınlaşıb".

"Müharibə vaxtı Ermənistanı dəstəkləyən Fransa bu gün regionda sülhün əldə olunmasını istəmir. Fransa Ermənistan vasitəsilə müstəmləkəçilik siyasətini davam etdirmək istəyir. Bu gün Fransanın müstəmləkəsi olan yerlərdəki vəziyyət dünya gündəmini zəbt edib. Fransa tərəfindən vaxtilə müstəmləkələrdə atılmış qəddar addımlar dünya tarixinə qara hərflərlə yazılıb. Bu gün Fransanın Azərbaycana hansısa məsələ ilə bağlı çağırış etmək, qarşımızda tələb qoymaq üçün, ən azından, mənəvi haqqı yoxdur" - millət vəkili deyib.

© SputnikArzu Nağıyev, arxiv
Arzu Nağıyev - Sputnik Azərbaycan, 1920, 18.01.2024
Arzu Nağıyev, arxiv
Onun sözlərinə görə, Azərbaycan Milli Məclisi də Fransanın bu addımlarını cavabsız qoya bilməzdi:
"Azərbaycan Fransa müstəmləkələrinin müstəqilliyini tanıya bilər. Bizim ölkəmizin yürütdüyü siyasət xarici qüvvələrin deyil, Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmət edir".
Keçmiş XİN rəhbəri Tofiq Zülfüqarov isə bildirib ki, sanksiyaların tətbiq olunması çağırışları Fransanın Azərbaycana qarşı birtərəfli mövqe tutmasının göstəricisidir:
"Buna görə də Fransadan fərqli davranış gözləmək doğru olmazdı. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanın Fransa ilə yox, onun administrasiyası ilə problemləri var. Şübhə etmirəm ki, Azərbaycan mövcud Fransa administrasiyasının tutduğu mövqeyə qarşı cavab addımları atacaq və adekvat şəkildə Makron hökumətinin iqtisadi və siyasi cavabı veriləcək".
© Photo : Courtesy of Tofiq ZulfygarovTofiq Zülfüqarov, arxiv
Tofiq Zülfüqarov - Azərbaycanın Latviyadakı sabiq səfiri  - Sputnik Azərbaycan, 1920, 18.01.2024
Tofiq Zülfüqarov, arxiv
Tofiq Zülfüqarov deyir ki, o, Fransaya qarşı iqtisadi sanksiyalarla bağlı çağırışları doğru hesab etmir:

"Çünki "Total"ın Azərbaycanla əməkdaşlığı ikitərəfli xeyir verir. Çünki həmin şirkətlər ən azından öz mənafeləri naminə mövcud Fransa siyasi kursuna təsir göstərə bilərlər. Bizim məqsədimiz dostlarımızın sayını artırmaq olmalıdır. Fransız şirkətləri ilə bağlanmış hər bir müqavilə Azərbaycanın xeyrinədir. Bizə xeyir gətirən şirkəti niyə cəzalandırmalıyıq?!"

"Azərbaycanın siyasi xətti budur ki, biz heç kimi özümüzə böyük qardaş seçmək fikrində deyilik. Makron Fransanın fövqəl dövlət olduğunu dünyaya göstərmək üçün müxtəlif addımlar atır. Fransa Senatı tərəfindən qəbul edilmiş qətnamə də bununla bağlıdır. Ancaq Azərbaycan nə Fransaya görə, nə də Makronun ambisiyalarına görə öz mövqeyini dəyişməyəcək. Əminəm ki, Azərbaycan Prezidenti bu təzyiq nəticəsində mövqeyində dəyişiklik etməyəcək. Çünki Azərbaycan Prezidenti xalqın dəstəyinə əsaslanaraq siyasi iradə nümayiş etdirib, zəfərlər və nailiyyətlər qazanıb. Hesab edirəm ki, Fransanın addımlarının arxasında Makronun sağlam olmayan siyasi ambisiyaları dayanır" - Tofiq Zülfüqarov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan Prezidenti İlham Əliyev Syerra-Leonenin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - Sputnik Azərbaycan, 1920, 18.01.2024
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Prezident: Neokolonializmə qarşı mübarizə prioritet istiqamətlərimizdəndir
Xəbər lenti
0