Azərbaycanda COVID-in yeni ştammı yayılıb? Rəsmi açıqlama
16:47 18.01.2024 (Yenilənib: 16:57 18.01.2024)
© Sputnik / StringerGömrük hospitalında həkimlər, arxiv şəkli
© Sputnik / Stringer
Abunə olmaq
Xəstələr bunun COVID-19 virusunun yeni variantlarından biri olduğunu düşünərək təşviş keçirirlər.
BAKI, 18 yanvar — Sputnik. Son zamanlar boğaz, oynaq ağrısı, burun tutulması kimi simptomlarla müşahidə edilən xəstəliklərdə artım olduğu bildirilir. Məsələ ilə bağlı TƏBİB-dən qeyd edilib ki, hər il olduğu kimi, bu il də payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar tənəffüs yolu infeksiyalarında artım müşahidə edilir:
"Son günlərdə insanlar arasında boğaz qıcıqlanması, boğaz ağrısı, yüksək olmayan temperatur, oynaqlarda ağrı, burun tutulması simptomları ilə müşayiət olunan tənəffüs yolu infeksiyalarından şikayətlər artıb. Hətta bəzi xəstələrdə iybilmə, dadbilmə duyğusunun itirilməsi də müşahidə olunur. Xəstələr bunun COVID-19 virusunun yeni variantlarından biri olduğunu düşünərək təşviş keçirirlər, lakin buna heç bir əsas yoxdur. Tənəffüs yolu infeksiyalarının (qrip, kəskin respirator xəstəliklər və s.) bəzilərində iybilmə və dadbilmə duyğusunun itirilməsi şikayətləri müşahidə edilə bilər. Mövsümlə əlaqədar sadaladığımız şikayətlərlə həkimə müraciət sayında artım olması hər zamankı kimi gözləniləndir".
Koronavirusun viral hissəcikləri, arxiv
© Sputnik / Rospotrebnadzor Press Service
/ "Payız-qış fəsli daxil olandan bəri, TƏBİB respirator infeksiyaların artacağı ilə bağlı dəfələrlə əhaliyə çağırışlar edib, respirator gigiyena qaydalarına əməl etmələri tövsiyə olunub, qrip vaksinlərinin tətbiqi həyata keçirilib və keçirilməkdə davam edir" - cavabda qeyd edilib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-də COVID-19-un JN.1 variantına yoluxmanın son iki həftədə iki dəfə artdığını açıqlayıb. Ölkədə virus infeksiyasına yoluxanların 44%-də məhz bu ştam aşkarlanıb, xəstəxanada müalicəyə götürülənlərin sayında 10,4%-lik artım var. Əsas səbəb kimi vaksinasiya prosesində amerikalıların aktivliyinin azalması göstərilir.
ÜST JN.1 ştammının dünyanın bir çox ölkəsində, o cümlədən Hindistan və Çində də aşkarlandığını bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.