Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ötən il icbari tibbi sığorta sistemində hansı yeniliklər baş verib

© Sputnik / Zulfiyya GuluyevaAkademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının polikilinika
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının polikilinika - Sputnik Azərbaycan, 1920, 13.01.2024
Abunə olmaq
2024-cü ildə ürək-damar sistemi xəstəlikləri, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin sığortaya daxil edilməsi hədəflənib.
BAKI, 13 yanvar — Sputnik. Artıq icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqinin 4-cü ilindəyik. Digər illərdə olduğu kimi, 2023-cü ildə də əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən davamlı tədbirlər görüldü. Sputnik Azərbaycan yola saldığımız ilin icbari tibbi sığorta sistemində nə ilə yadda qaldığını oxuculara təqdim edir.
Pulsuz xidmətlərin sayı 3315-ə çatdırılıb
Agentlikdən sorğumuza verilən cavabda bildirilib ki, cari ildə vətəndaşlar sığorta çərçivəsində daha geniş tibbi xidmətlərdən yararlanmaq hüququ əldə ediblər. 2023-cü ildə Xidmətlər Zərfi təkmilləşdirilərək təminata alınan tibbi xidmətlərin sayı 2550-dən 3315-ə çatdırılıb. Yeni xidmətlər sırasına bir sıra tibbi xidmətlərlə yanaşı, vətər, əzələ köçürülməsi, habelə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən edilən qaraciyər, böyrək və sümük iliyi əməliyyatları da əlavə olundu.
Bu ilin yanvar-oktyabr aylarında 4,5 milyon şəxs icbari tibbi sığorta çərçivəsində tibbi xidmət alıb. Bu o deməkdir ki, ölkə əhalisinin 47%-i icbari tibbi sığortadan yararlanıb. Ötən illə nisbətdə xidmət sayında 30% artım müşahidə olunub. Bu günədək (2023-cü ilin sentyabr ayından dekabr ayınadək) icbari tibbi sığorta çərçivəsində 23 sayda transplantasiya əməliyyatı icra olunub.
Özəl xəstəxanaların sayı 152-ə çatdırılıb
Dövlət xəstəxanalarında vətəndaşların xidmətlərə əlçatanlığı ilə bağlı aparılan işlərlə yanaşı, özəl tibb müəssisələrində də sığortadan istifadə genişləndirilib. Ötən il Agentlik 111 tibb müəssisəsi ilə müqavilə bağlamışdırsa, bu il daha 42 müəssisə ilə müqavilə bağlanılaraq, sayı 152-yə çatdırılıb. Təkcə bu il 115 mindən çox əməliyyat və prosedur Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində sığorta ilə qarşılanıb. 2022-ci illə müqayisədə 2023-cü ildə özəl tibb müəssisəsinə verilən göndəriş sayında 17% artım olub. Göndərişlərin 94%-i planlı göndərişlərin payına düşüb.
Göndərişlərin verilməsi qaydası dəyişdirilib
Agentlik tərəfindən vətəndaşlara göndərişlərin verilməsi qaydasında dəyişiklik edilib. Əsas dəyişiklik vətəndaşların vaxt, maliyyə vəsaiti itirmədən öz yaşadığı inzibati ərazi daxilində və ya tibbi ərazi bölməsi (TƏB) ərazisində dövlət və ya özəl tibb müəssisəsində xidmətdən yararlanmasını təmin etməkdir. Əvvəlki qaydadan əsas fərqi və üstünlük ondan ibarətdir ki, vətəndaşa xidməti TƏB daxilindəki dövlət xəstəxanasında göstərmək mümkün deyilsə, vətəndaşa seçim hüququ verilir. Belə ki, ya vətəndaş TƏB-dən kənarda yerləşən dövlət tibb müəssisəsini seçir, yaxud da özünün aid olduğu TƏB-in ərazisindəki müqaviləli özəl tibb müəssisəsini seçir.
Agentlik tərəfindən görülən bütün tədbirlər vətəndaşlara vaxtında, keyfiyyətli xidmətlərin göstərilməsinə yönəlib. Bu səbəbdən də Agentlik xəstəxanaların maddi-texniki bazasının yaxşılaşdırılmasına dəstək göstərir. Sığortanın tətbiqindən sonra 349 sayda ambulans alınıb. Sığortanın tətbiqindən əvvəl ambulanslara olan ehtiyacın ödənilən hissəsi 40% idisə, hazırda 64% təşkil edir.
İnstrumental müayinələrin aparılması, mürəkkəb cərrahi prosedurların icrası üçün Agentlik tərəfindən 2023-cü il ərzində 150 milyon manatdan çox məbləğdə tibbi avadanlıq, cihaz, tibbi alət, dərman vasitələri, tibbi sərf və s. alınıb. Avadanlıqlar müayinə zamanı yüksək keyfiyyətli görüntü əldə etməyə, xəstəliklərin dəqiq diaqnozunun təyininə, vaxtında aşkarlanmasına imkan verir.
İşğaldan azad edilmiş ərazilərdə səhiyyə sistemi işə salınıb
Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə 2021-ci ildən başlayaraq Şuşa, Zəngilan, Laçın, Ağdamda, 2023-cü ildə isə Hadrutda modul tipli xəstəxanalar quraşdırılıb. Gələn il Cəbrayıl və Qubadlı rayonlarında modul tipli xəstəxanaların quraşdırılması nəzərdə tutulub. Bu xəstəxanalarda əməliyyat və intensiv terapiya otaqları, eyni zamanda bütün palatalarda oksigen xətti mövcuddur. Xəstəxanalarda təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, anesteziologiya-reanimasiya və stasionar xidmətlər göstərilir.
CC0 / FirmBee / internetMobil telefon, arxiv
mobil internet - Sputnik Azərbaycan, 1920, 13.01.2024
Mobil telefon, arxiv
“E-tabib” mobil tətbiqində randevu sistemi yaradılıb
Həmçinin 2023-cü ildə dövlət tibb müəssisələrində növbə sıxlığının qarşısının alınması üçün Agentlik tərəfindən “E-tabib” mobil tətbiqində randevu sistemi yaradılıb. Belə ki, dövlət tibb müəssisələrində növbə sıxlığının qarşısının alınması üçün “e-Tabib” mobil tətbiqi vasitəsilə randevu sisteminin tətbiqinə ilkin olaraq test rejimində Yeni Klinikada başladılıb. Gələn ildən daxili infrastrukturu onlayn platformaya cavab verən digər dövlət tibb müəssisələrində də randevu sisteminin mərhələli şəkildə işə başladılması həyata keçiriləcək.
Əhalinin icbari tibbi sığorta haqqında məlumatlılığının artırılması üçün çoxsaylı maarifləndirmə tədbirləri həyata keçirilib. Təkcə bu il icbari tibbi sığorta sistemi çərçivəsində tibb müəssisələrinə müraciət prosesi, Xidmətlər Zərfi, göndərişlərin verilməsi qaydası, ailə həkimi və s. barədə məlumatlandırmaq üçün 17 657 nəfərin iştirakı ilə 249 sayda maarifləndirmə tədbiri keçirilib.
Bu il hansı yeniliklər olacaq?
Əlavə olaraq bildirək ki, Xidmətlər Zərfi üzərində təkmilləşdirmə işləri davam edir. Mərhələli şəkildə ambulator müalicədə resept əsasında yazılan bəzi dərman vasitələrinin sığorta hesabına qarşılanması nəzərdə tutulub. 2024-cü ildə ürək-damar sistemi xəstəlikləri, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin sığortaya daxil edilməsi hədəflənib. Vətəndaşların dərmanlarla təmin edilməsi məqsədilə apteklərlə müqavilələrin bağlanılması, dərman vasitələrinin pozitiv siyahısının hazırlanması nəzərdə tutulub. Təkliflər layihə şəklində hazırlanıb, razılaşdırılma üçün aidiyyəti qurumlara təqdim edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0