Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda balıq və balıq məhsulları ucuzlaşa bilər

© Sputnik / Murad Orujov"8-ci km" bazarında balıq satışı
8-ci km bazarında balıq satışı - Sputnik Azərbaycan, 1920, 10.01.2024
Abunə olmaq
Rusiyanın Həştərxan vilayətinin şirkətləri ilk dəfə olaraq balıq məhsullarını Azərbaycana tədarük etməyə başlayıblar. Ekspert deyir ki, Rusiya bazarında balıq məhsullarının qiymətləri son illərin ən aşağı səviyyəsinə enib.
BAKI, 10 yanvar — Sputnik. Balıq delikateslərinin, o cümlədən qara kürü və nərə balığının istehsalı və satışı ilə məşğul olan Rusiyanın Həştərxan vilayətinin şirkətləri ilk dəfə olaraq öz məhsullarını Azərbaycana tədarük etməyə başlayıblar. Bu barədə "Kasprıba" Balıqçılıq və Balıq Emalı Müəssisələri İttifaqının rəhbəri Andrey Markin bildirib.
O bildirib ki, balıq və balıq delikatesləri Həştərxan vilayətinin brendi olaraq qalır və xaricdə bu məhsullara böyük tələbat var: "Biz ilk dəfə olaraq Azərbaycana balıq məhsullarını, əsasən də çiy balıqları ixrac etməyə başlamışıq. Həştərxan balıqlarından milli xörəklərin hazırlanmasında istifadə olunur".
Qeyd edək ki, "Kasprıba" Həştərxan vilayətində balıqçılıq və balıq emalı şirkətlərinin ittifaqıdır. Balıqçılıq sənayesi Həştərxan vilayətinin iqtisadiyyatı üçün əsas sahələrdən biridir və bu regionda 230-a yaxın müəssisə fəaliyyət göstərir.
Bəs, Həştərxan şirkətlərinin Azərbaycana balıq məhsulları tədarük etməsi ölkəmizdə balıq bazarına necə təsir göstərəcək? Balıq və balıq məhsulları ucuzlaşacaqmı?
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, bazarda təklif çoxalanda bu, qiymətlərə müsbət təsir göstərir, yəni qiymət aşağı düşür: "Ucuzlaşma Həştərxan vilayətindən balıq məhsullarının ixracının həcmindən, çeşidindən, davamlı olmasından asılı olacaq. Əgər Həştərxan vilayətindən balıq məhsullarının ixrac həcmi yüksək və çoxçeşidli olarsa, bu, Azərbaycan bazarında balıq məhsullarının qiymətlərini ucuzlaşdıra bilər".
"Rusiya bazarında balıq məhsulları xeyli ucuzlaşıb"
O diqqətə çatdırıb ki, ötən il Rusiyada balıqçılıq sahəsində məhsuldarlıq yüksək olub: "Hətta Rusiya bazarlarında balıq məhsullarının, o cümlədən qırmızı və digər kürü növlərinin qiymətləri son illərin ən aşağı səviyyəsinə enib. Ucuzlaşma həm də onunla bağlıdır ki, sanksiyalarla əlaqədar Rusiyadan digər ölkələrə ixrac müəyyən qədər məhdudlaşdırılıb. Ümumiyyətlə, Rusiyada məhsul bolluğu var".
Ölkəmizdə yerli balıq məhsullarının çeşidi çox deyil və qiymətləri də yüksəkdir deyən iqtisadçı vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərimizdə balıqçılığın inkişafı üçün böyük potensial var.
"Bazara çox məhsulun çıxarılması alıcıların xeyrinədir"
İqtisadçı Xalid Kərimli də Sputnik Azərbaycan-a deyib ki, bazara daha çox məhsulun çıxarılması alıcıların xeyrinədir: Yeni məhsulların bazara çıxarılması seçimin və rəqabətin artması deməkdir, həmçinin qiymətlərin alıcıların xeyrinə dəyişməsi faktorudur. Ümumilikdə balıq bazarında qiymətlərə təsir Həştərxandan balıq ixracının həcmindən, çeşidindən asılı olacaq".
Nazir: "Statistik göstəricilər də ölkəmizdə balıq istehlakı ənənəsinin qənaətbəxş olmadığını göstərir"
Qeyd edək ki, Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov keçən ay Bakıda keçirilən "Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya"nın 8-ci sessiyasında çıxışı zamanı bildirib ki, son illər ölkəmizdə aqrar sahənin prioritet elan edilməsi balıqçılıq sahəsində də islahatların aparılmasını zəruri edir. Balıq və balıq məhsulları qida zəncirində əhəmiyyətli yer tutur. Balıq əti ilə təminat ölkədə ümumi tələbatın böyük faizini təşkil etməsə də, tərkibində olan zəruri qida elementləri baxımından insan orqanizmi üçün vacib hesab edilir. Statistik göstəricilər də ölkəmizdə balıq istehlakı ənənəsinin qənaətbəxş olmadığını göstərir. Belə ki, Azərbaycanda heyvan mənşəli zülalın qəbulunda adambaşına düşən balıq məhsullarının payı yalnız 2%, dünya üzrə orta göstərici isə 17% təşkil edir. Ölkədə adambaşına düşən orta illik balıq və balıq məhsulları istehlakı 2008-ci ilədək 4 kiloqrama yaxın olub. Son illərdə bu göstərici artaraq 2014-cü ildə təxminən 7,2 kiloqrama, 2021-cı ildə isə 7,4 kiloqrama çatıb. Dünya üzrə bu göstərici 20,5 kiloqram, Avropada isə 24 kiloqram təşkil edir.
"Son illərdə akvakultura sahəsinin inkişafı üçün hüquqi baza təkmilləşdirilir"
Nazir vurğulayıb ki, dünyada baş verən geosiyasi hadisələr, iqlim dəyişmələrinin mənfi təsirləri, eləcə də əhalinin təbii artımı qida tələbatının qarşılanmasını təhdid altında qoyur, o zaman geniş istehsal imkanları olan akvakultura sahəsinin inkişaf etdirilməsinə ciddi zərurət yaranır. Son illərdə akvakultura sahəsinin inkişafı üçün hüquqi baza təkmilləşdirilir. "Balıqçılıq haqqında" qanuna edilmiş əlavə və dəyişikliklər, "Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə", "Balıqçılıq subyektinin uçotunun aparılması Qaydaları" və digər bu kimi vacib əhəmiyyətli qərarlar qəbul edilib.
Nazir: "Balıq məhsullarının istehsalı daxili tələbatı tam ödəmək üçün yetərli deyil"
Nazir bildirib ki, eyni zamanda, balıqçılığın inkişafı ilə bağlı bir sıra infrastruktur problemləri mövcuddur: "Hazırda ölkədə istehsal olunan balıq mənşəli məhsullarla özünütəminetmə səviyyəsi aşağıdır və yerli istehsal daxili tələbatı tam ödəmək üçün yetərli deyildir. Bu da ölkədə akvakulturanın zəif inkişaf etməsindən irəli gəlir. Ölkədə balıqçılıq sahəsi əsasən ekstensiv üsulla inkişaf etdirilib, daha çox nohurçuluqda çəkikimi balıq növlərinin yetişdirilməsinə və təbii yemləməyə üstünlük verilib. Təsərrüfat fəaliyyətinin hazırda ekstensiv üsullarla aparılması balıq istehsalında məhsuldarlığın aşağı düşməsinə və istehsal edilən balıq məhsullarının keyfiyyət göstəricilərinə mənfi təsir edir. Balıq məhsulları istehsalının keyfiyyət göstəricilərinin və həcminin qənaətbəxş olmaması emal sənayesini kifayət qədər xammalla təmin etməyə imkan vermir, bu da balıq və balıq məhsulları idxalının artmasına səbəb olur. Aşağı məhsuldarlığa malik balıq növləri yem təminatı baxımından da təsərrüfatlar üçün əlverişli deyildir. Bütün bunlar təbii və süni su hövzələrinin və torpaqların səmərəsiz istifadəsinə, kənd təsərrüfatı təyinatlı torpaqların balıq nohurçuluğu üçün istifadəsi və dövriyyədən çıxarılmasına, balıq və balıq məhsullarının qiymətinin yüksək olmasına, idxal həcminin artmasına və ixrac imkanlarının azalmasına səbəb olur".
"Daxili su hövzələrində balıq məhsullarının məhsuldarlığını artırmaq mümkündür"
"Bundan əlavə, şirin su və kənd təsərrüfatı istehsalı üçün torpaq ehtiyatlarımızın məhdud olduğu nəzərə alındıqda, balıqyetişdirmə fəaliyyətinin genişləndirilməsi yeni innovativ biotexnologiyaların, o cümlədən qapalı su təchizatı sistemlərinin tətbiqi və dəniz akvakulturasının inkişafı daha çox diqqət tələb edir. Daxili su hövzələrində balıqartırma-meliorativ tədbirlərinin həyata keçirilməsi nəticəsində balıq məhsullarının məhsuldarlığını artırmaq mümkündür. Ölkəmizdə akvakulturanın inkişafı istiqamətində beynəlxalq təcrübələr nəzərə almaqla müasir tələblərə cavab verən sənaye üsulu ilə sağlam və dayanıqlı balıqçılıq təsərrüfatlarının artırılmasını, balıqçılığın idarəetmə strukturunun təkmilləşdirilməsini, akvakultura ilə məşğul olmaq istəyən sahibkarlar üçün prosedurların sadələşdirilməsini vacib hesab edirik. Qeyd olunan məsələlərdə nəaliyyətin əldə edilməsi üçün aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və maraqlı tərəflərlə birgə qarşılıqlı sıx fəaliyyət göstərməliyik",-deyə nazir əlavə edib.
Azərbaycanda 2023-cü ildə su hövzələrinə buraxılan balıqların sayı açıqlanıb...
Xatırladaq ki, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev yalnız 2023-cü il ərzində Xəzər dənizinin və daxili su hövzələrinin balıq ehtiyatlarının artırılması məqsədilə 600 min ədəddən çox nərəcinsli, 15 min ədəddən çox qızılbalıq və 8 milyon ədəddən çox çəkikimi balıq körpələrinin su hövzələrinə buraxıldığını deyib.
R.Hacıyevin sözlərinə görə, son 5 il ərzində ümumilikdə 30 milyon müxtəlif növ balıq körpəsi su hövzələrinə buraxılıb: "Lakin balıq ehtiyatlarının mühafizəsi və süni şəkildə artırılması problemin həllinə tam şəkildə kömək edə bilmir. Bunun üçün ən optimal yol hazırda dünyada ümumi balıq ovu və istehsalının yarısını təşkil edən əmtəə akvakulturasının inkişaf etdirilməsidir. Akvakulturada suyun səmərəli istifadəsi, təkrar dövriyyə sistemlərinin tətbiqini, qidalanma təcrübələrinin optimallaşdırılması və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi vacib elementlərdəndir. Yeni strateji mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə "Azərbaycan Respublikasında akvakulturanın inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" hazırlanıb".
Nazir müavini qeyd edib ki, Dövlət Proqramının əsas məqsədi əmtəə akvakulturasının dayanıqlı inkişafı ilə balıq və balıq məhsullarının daxili istehsalının və istehlakının artırılması, habelə təbii su hövzələrində su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsini təmin etməkdir.
Xəbər lenti
0