Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Əcnəbi müəllimlər Azərbaycana niyə axışır?

© Photo : Baku city Education DepartmentBakıda məktəbdə müəllimlər, arxiv şəkli
Bakıda məktəbdə müəllimlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.01.2024
Abunə olmaq
İlqar Orucov ölkəmizə işləmək üçün əsasən Rusiya və Türkiyədən müəllimlərin gəldiyini bildirib.
BAKI, 9 yanvar — Sputnik. 2023-cü ildə əcnəbi və vətəndaşlığı olmayan professor və müəllim heyəti üçün 500-ə yaxın yaşama icazəsi rəsmiləşdirilib. Bunu bu günlərdə açıqlama verən Dövlət Miqrasiya Xidməti Baş idarə rəisinin müavini Tamilla Hacıyeva "Azərbaycanda beynəlxalq təhsil imkanları" adlı tədbirdə çıxışı zamanı deyib.
Azərbaycana təhsil müəssisələrində işləyən əcnəbi müəllimlərin sayı artır. 2022-ci il ərzində isə qeyd olunan kateqoriyadan olan şəxslər üçün 402 yaşama icazəsi rəsmiləşdirilib. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Təhsil üzrə ekspert İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əcnəbi müəllimlərin Azərbaycana axını universitetlərin bu müəllimlərə artan təlabatı ilə bağlıdır. Bəzi özəl orta təhsil müəssisələri də xaricdən əcnəbi müəllim dəvət edir.
"Bu gün Azərbaycan universitetlərində xeyli sayda əcnəbi müəllim çalışır. Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı fəaliyyət göstərir. Həmin filiallarda xeyli sayda Rusiyadan olan professor və müəllim heyyəti çalışır. Bununla yanaşı, Azərbaycan Diplomatik Akademiyasında (ADA) da əcnəbi müəllimlər işləyir. Əcnəbi alimlərin Azərbaycanda fəaliyyət göstərməsi təhsilin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu həm də təhsil mühitinin yenilənməsi deməkdir. Azərbaycan ali təhsil müəssisələrinə nə qədər savadlı və tanınmış alimlər cəlb edilərsə, bu, təhsilin keyfiyyətini və səviyyəsini artıracaq" - İlqar Orucov bildirib.
O əlavə edib ki, elmi-tədqiqat müəssisələrinə də xarici alimlərin cəlb edilməsi yaxşı olardı. Hazırda təəssüf ki, elmi-tədqiqat universitetlərində əcnəbi professorlar yoxdur.
Bundan əlavə İlqar Orucov bildirib ki, özəl orta təhsil müəssisələrində və təhsil mərkəzlərində də bu gün əcnəbi müəllim çalışır. Azərbaycanda yerləşən xarici dil mərkəzləri əcnəbi müəllimləri işə dəvət edir.
İ.Orucov ölkəmizə işləmək üçün əsasən Rusiya və Türkiyədən müəllimlərin gəldiyini bildirib. Əlavə edib ki, bu təkcə müəllim çatışmazlığından irəli gəlmir:
"Azərbaycandan da adekvat olaraq xarici universitetlərdə çalışan müəllimlər var. Ölkəmizə əcnəbi müəllimlər daha çox ali və peşə təhsilinə cəlb olunurlar. Həmçinin özəl liseylərdə də belə müəllimlər çalışır. Əcnəbi müəllimlərin təhsil müəssisələrimizə cəlb olunmasının yaxşı tərəfləri var. Çünki, onların təcrübəsini yerli müəllimlər də öyrənir. Həmçinin təhsil mühiti rəngarəngləşir. Onu da nəzərə almaq lazımdır ki, bu gün ölkəmizdə 12 mindən çox əcnəbi tələbə təhsil alır. Bu da əcnəbi müəllimlərin Azərbaycandakı ali təhsil müəssisələrinə cəlb olunmasını şərtləndirən amillərdəndir".
Digər təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi isə bildirib ki, bəzi universitetlər rəqabət üçün xaricdən əcnəbi mütəxəssislər cəlb edirlər. Onun sözlərinə görə, Azərbaycanda əsasən əcnəbi müəllimlərə informasiya texnologiyaları və kosmik texnologiyalar sahəsində daha çox ehtiyac duyulur:
"Həmçinin iqtisadiyyat üzrə əcnəbi müəllimlər də Azərbaycanda işə cəlb olunur. Əcnəbi müəllimlər daha çox Azərbaycanın reytinqli universitetlərinə cəlb olunurlar. Bununla yanaşı peşə təhsilinə də Türkiyədən mütəxəssislər dəvət edilirlər. Bu isə təhsildə keyfiyyətin yüksəlməsinə xidmət edir".
Xəbər lenti
0