Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İnam Kərimov seçkilərin necə keçiriləcəyindən danışıb

© Sputnik / Murad Orujovİnam Kərimov
İnam Kərimov - Sputnik Azərbaycan, 1920, 08.01.2024
Abunə olmaq
Ali Məhkəmənin sədrinin fikrincə, ölkədə ədalətli, şəffaf, azad seçkilərin keçirilməsi üçün bütün şərtlər mövcuddur, amma əsas iş Mərkəzi Seçki Komissiyasının üzərinə düşür.
BAKI, 8 yanvar — Sputnik. Təbii ki, seçkilərin demokratik, azad və şəffaf həyata keçirilməsi üçün başlıca şərt ölkədə olan ictimai-siyasi sabitlikdir. Deyə bilərəm ki, ölkəmizdə ədalətli, şəffaf, azad seçkilərin keçirilməsi üçün bütün şərtlər və lazımi şərait mövcuddur.
Bunu Ali Məhkəmənin sədri İnam Kərimov seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan tədbirdə deyib.
Onun sözlərinə görə, ölkədə seçki ilə bağlı əsas yük həmişə olduğu kimi, Mərkəzi Seçki Komissiyasının üzərinə düşür: "İnanıram ki, bu il də qarşıya qoyulan vəzifələr Mərkəzi Seçki Komissiyası tərəfindən yüksək peşəkarlıqla yerinə yetiriləcək. Bu işdə məhkəmə hakimiyyəti olaraq, biz də üzərimizə düşən öhdəlikləri yerinə yetirməyə hazırıq".
Xatırladaq ki, MSK 2023-cü il dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.
Daha əvvəl isə MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.
MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da Namizəd Səfərov namizədliyinin irəli sürülməsini təsdiq edib.
Ötən ilin dekabrın 31-də isə MSK-nın iclasında namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Temirxanın namizədliyinin irəli sürülməsi təsdiq olunub.
MSK-nın bu il yanvarın 6-da keçirilən toplantısında isə Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Xəbər lenti
0