Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Doğma yurda qayıdış ili - onlar artıq məcburi köçkün deyillər - Video

© Photo : AZƏRTACZabux kəndinə növbəti köç
Zabux kəndinə növbəti köç - Sputnik Azərbaycan, 1920, 31.12.2023
Abunə olmaq
İbrahim Mirzəyev bildirib ki, ümumilikdə indiyədək işğaldan azad edilmiş ərazilərə 1161 ailə, 4611 nəfər köçürülüb.
BAKI, 31 dekabr — Sputnik. Yola saldığımız 2023-cü il məcburi köçkünlərin işğaldan azad edilmiş torpaqlara qayıdışı ilə də yadda qaldı. Nəhayət ki, 30 ildən sonra məcburi köçkünlərin bir qismi mərhələli şəkildə öz dogma yurd-yuvalarına qayıtdılar. Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin doğma yurda qayıdışı hazırda da davam edir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Mirzəyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 25 yanvar 2023 tarixinədək azad edilmiş ərazilərə ümumi - 1161 ailə, 4611 nəfər köçürülüb. Onun sözlərinə görə, Füzuli şəhərinə - 380 ailə, 1392 nəfər, Laçın şəhərinə- 383 ailə, 1475 nəfər, Ağalı kəndinə - 175 ailə, 871 nəfər, Talış kəndinə- 20 ailə, 90 nəfər, Zabux kəndinə - 203 ailə, 783 nəfər köçürülüb. Ümumilikdə indiyədək işğaldan azad edilmiş ərazilərə 1161 ailə, 4611 nəfər köçürülüb.
İ.Mirzəyev bu prosesin növbəti ildə də davam etdiriləcəyini, Böyük Qayıdışa dair Dövlət Proqramının icrasının təmin ediləcəyini söyləyib. Komitə səlahiyyətlisi bildirib ki, müasir tələblərə cavab verən zəruri sosial-texniki infrastrukturun qurulduğu şəhər və kəndlərdə sakinlərin rahat və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb.
"Məcburi köçkünlərin doğma yurdda dayanıqlı məskunlaşması və reinteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Böyük Qayıdış Proqramı çərçivəsində hər bir dövlət qurumu ona verilmiş vəzifələrin icrası ilə bu prosesə dəstək olur. Bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrində əhalinin adaptasiyası üçün reinteqrasiya tədbirləri, icma əsaslı inkişaf layihələri həyata keçirilir" - İbrahim Mirəzyev bildirib.
Laçın şəhərinin 98 yaşlı sakini Nərgiz Xəlil qızı Əsədovanın da 30 illik həsrəti başa çatıb. O, Laçında 1927-ci ildə dünyaya gəldiyini, burada oxuyub işlədiyini söyləyir. Deyir ki, Laçın onun həyatının mənası, arzuları idi. Bildirir ki, Laçına qayıtmağına görə çox xöşbəxtdir. O, bu hissin sözlə ifadə olunmadığını, Laçında dolanışıqlarının çox yaxşı olduğunu söyləyir. Artıq bir aydan çoxdur ki, o, şəhərdəki bərpa olunmuş evində yaşayır. Laçını daha da abad görməsindən böyük sevinc və qürur hissi keçirir. Buradakı yeni həyatından, onlar üçün yaradılmış şəraitdən razılıq edən Nərgiz nənə dövlətimizin başçısı, cənab Prezident İlham Əliyevə minnətdarlıq bildirir...
Oktyabrın 11-də Qaradağ rayonundan Füzuliyə yola salınan 59 nəfərdən biri, 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində şəhid olmuş Ülvi Mikayılovun anası Günel Abbasovadır. G.Abbasova bildirib ki, Füzulidən 10 yaşında çıxıb. 31 il məcburi köçkün həyatı yaşayan Abbasova ən böyük arzusunun ata-baba ocağına qayıtmaq olduğunu söyləyir.
"Amma mən Füzuliyə belə qayıtmaq istəmirdim. Füzuli işğaldan azad olunduqda sevinmişdim ki, illərin həsrəti sona çatır. Mən nəhayət balalarımla birgə Füzulidə evimə qayıdacağam. Bu gün artıq Füzulidə köhnə məhəlləmizdə tikilən yeni evimizdəyəm. Təəssüf ki, oğlum Ülvi bu günü görmədi. O bu torpağa şəhid kimi qayıtdı", - deyə şəhid anası bildirib.
G.Abbasova Füzuliyə şəhid anası kimi qayıtmağından fəxr hissi keçirdiyini söyləyib. Bildirib ki, oğlunun 40 mərasimi üçün Bakıya qayıtmalı olsa da, hüzr mərasimindən sonra birdəfəlik öz ata-baba ocağında yaşayacaq.
Füzuliyə ilk köç karvanı ilə geri qayıdan 90 fizulilidən biri olan Musa Vəliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər dəfə yuxudan öz doğulduğu torpaqda oyanmaq möhtəşəm hissdir:
"30 il Füzuli şəhərindən ayrı düşsəm də, bütün yuxularımda oradakı evimizi görürdüm. Hər dəfə yuxudan ayılanda bunun yuxu olmadığına inanmaq istəyirdim. Bu yuxular bizim Füzuli nisgilimizin, Füzuli həsrətimizin yuxuları idi. Artıq yuxularım çindir".
Xəbər lenti
0