2023-cü il Azərbaycan siyasəti üçün nə ilə yadda qaldı?
09:38 31.12.2023 (Yenilənib: 10:10 31.12.2023)
© Official website of President of Azerbaijan RepublicXankəndi şəhərində keçirilən parad, arxiv
Abunə olmaq
Fransanın Azərbaycan- Ermənistan sülh prosesində vasitəçilik istəyi ilə yanaşı öz silahlarını Ermənistana göndərməsi rəsmi Bakı soyuqqanlılıqla qarşılayır.
BAKI, 31 dekabr — Sputnik. 2023-cü il Azərbaycanın ictimai-siyasi həyatında yadda qalan hadisələrlə tarixə qovuşur. Bu il Azərbaycan xarici siyasətdə qazanılan uğurlarla yanaşı, çətin situasiyalarla da üz-üzə qalmalı oldu.
Azərbaycan-İran münasibətləri
Cari ilin yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş hücum həmin dövrə qədər gərgin olan Azərbaycan-İran münasibətlərini daha da kəksinləşdirir. İranın davamlı olaraq Azərbaycana əzələ nümayiş etdirməsi qarşısında Azərbaycan tərəfi geri addım atmır, səfirliyimizə edilmiş silahlı hücum fonunda bu ölkədəki diplomatlarını geri çağırmaqla aydın şəkildə mövqeyini ifadə edir.
© AP Photo / Vahid SalemiAzərbaycanın İrandakı səfirliyi
Azərbaycanın İrandakı səfirliyi
© AP Photo / Vahid Salemi
Təbii ki, yaxın qonşuluq və tarixi münasibətlərin birləşdirdiyi iki ölkə münasibətlərin normallaşması üçün addımlar atmaq zərurətini gərginləşən geosiyasi hadisələr fonunda daha yaxşı anlayırlar. Xüsusən də 2020-ci ildə baş vermiş 44 günlük müharibədən sonra regiona nüfuz etməyə çalışan qeyri-region ölkələrinin addımları fonunda Azərbaycan-İran münasibətləri ilə bağlı addımların atılması zərurəti yaranır.
Nəticə olaraq diplomatik yolla ölkələr arasında anlaşılmazlıqların, zidd mövqelərin uzlaşdırılması ilə bağlı il boyunca fikir mübadiləsi aparılır, görüşlər keçirilir. İlin sonlarına yaxın İran XİN rəsmisi Azərbaycan səfirliyinin Tehrandakı fəaliyyətinin bərpası ilə bağlı yol xəritəsinin hazırlandığını elan edir. Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov isə ilin yekunlarına dair mətbuat konfransında İran tərəfindən konkret addımların atılmasını gözlədiyini açıqlayır.
Laçın sərhəd-keçid məntəqəsi və antiterror əməliyyatı
Azərbaycan Ermənistan sərhədində baş verənlər də bu il təbii olaraq öz aktuallığını qorudu. Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti ölkənin "suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduğunu" bəyan etdi. Azərbaycanın bu addımı beynəlxalq arenada birmənalı qarşılanmadı. Beynəlxalq hüquqa istinad edilməli bir məqamda Azərbaycanı hədəf alan dairələr bu hadisə ilə manipulyasiyalar etməyə cəhd etdilər. Azərbaycanın yaratdığı reallıqların Ermənistan üzərindəki təzyiqi aşkar şəkildə özünü büruzə verirdi. Nəhayət Ermənistan tərəfi təxribata əl atmalı olur və iyunun 15-də Laçın sərhəd-buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəş açılır. Təxribatın cavabı Azərbaycan tərəfindən dərhal verilir və sərhəd keçid məntəqəsindən buraxılış məhdudlaşdırılır. Bu isə artıq Azərbaycana yeni siyasi hücumların baş verməsi ilə nəticələndi. Səhnədəkilər isə dəyişmir. Avropa İttifaqının bir sıra dövlətlərinin parlamentləri, Cənubi Qafqazda baş verənlərdən xəbərsiz diplomatlar, xüsusən də Aİ-nin siması kimi çıxış edən Fransanın cənfəşanlığı daha çox gözə çarpır. Sonuncu, yəni Fransa isə öz missiyasını unudaraq daha da irəli gedir. Hətta vəziyyət o yerə çatır ki, Parisin meri yük maşınları ilə gəlib Azərbaycan sərhədini keçmək istəyir, ancaq geri qayıtmalı olur.
© Sputnik / Murad OrujovLaçın sərhəd-keçid məntəqəsi
Laçın sərhəd-keçid məntəqəsi
© Sputnik / Murad Orujov
Bu ilin ən əlamətdar və tarixi hadisəsi Azərbaycan ərazi bütövlüyünün tam şəkil təmin olunması idi. Bunun üçün isə Azərbaycan ordusuna 23 saat kifayət edir. Sentyabrın 19-20 tarixlərində keçirilən antiterror əməliyyatları nəticəsində qondarma rejimin təmsilçiləri təslim olmaq qərarı verirlər. Təbii ki, bütün bu proseslərə qədər antiterror əməliyyatlarını formalaşdıran səbəblər gözardı edilə bilməzdi. Xüsusən də azad edilmiş ərazilərdə Azərbaycan vətəndaşlarına qarşı törədilmiş ardıcıl mina təxribatları, qanunsuz erməni silahlı birləşmələrinin silah tədarükü ilə bağlı yayılan informasiyalar, mövqelərimizin atəşə tutulması, Azərbaycanın üç ilə yaxın bir müddətdə etdiyi güzəştləri antiterror əməliyyatları ilə əvəz etməsinə gətirib çıxardı. Baxmayaraq ki, buna görə də Azərbaycana qarşı təzyiqlər artdı. Xüsusən də, Qərb dairələri ABŞ və Fransa bu prosesdən sonra Azərbaycana qarşı sərt ritorika nümayiş etdirməyə başladı. Qərbin verdiyi bu dəstək fonunda Azərbaycan-Ermənistan danışıqları dalana dirəndi.
© Photo : Social media page of Qarabag FCXankəndi stadionunun şəkli
Xankəndi stadionunun şəkli
© Photo : Social media page of Qarabag FC
ABŞ-ın Azərbaycana qarşı haqsız iddiaları
Əvvəlcə ABŞ dövlət katibi Entoni Blinken "Azərbaycan Ermənistana hücum edə bilər" fikri ilə çıxış edir. Ardınca bu fikirlər Ağ Ev administrasiyası tərəfindən təkzib olunur. O cümlədən, Azərbaycan ABŞ Konqresində dinləmələrdən sonra, Ermənistanla sülh prosesi çərçivəsində Vaşinqton görüşlərindən imtina edir. Noyabrın 15-də ABŞ diplomatı Ceyms O"Brayn Konqresdə çıxışında deyir ki, Azərbaycanın yüksək səviyyəli şəxslərinin ABŞ-a səfərlərinin ləğv edilib və ikitərəfli münasibətlər əvvəlki kimi ola bilməyəcək. Bu da Azərbaycanda ABŞ hökumətinin birtərəfli və ədalətsiz yanaşması olaraq dəyərləndirilib. Rəsmi Bakı ABŞ-dakı dinləmələri və səsləndirilən çıxışları Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndirir.
Ardınca USAID rəhbərinin ermənipərəst açıqlamasına Bakıdan cavab gəlir. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev X platformasında paylaşdığı rəydə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri tənqid edib. O, Paueri və onun təmsil etdiyi dövləti Ermənistanın tərəfini saxlamaqda günahlandırır. Hikmət Hacıyev USAID rəhbərini vaxtikən oliqarx və pulyuma əməliyyatlarında adı hallanan Ruben Vardanyanla əməkdaşlıqda ittiham edir.
Xatırladaq ki,tanınmamış qondarma qurumun dövlət naziri vəzifəsində çalışmış Ruben Vardanyan sentyabrda Azərbaycan xüsusi xidmət orqanları tərəfindən həbs olunub.
Hikmət Hacıyev bəyan etdi ki, maskalar yırtılıb! USAID-ın Azərbaycanda fəaliyyətinə daha yer yoxdur.
ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında oktyabrda məlum telefon söhbətinin ardınca Vaşinqton Bakıya qarşı münasibətində yol verdiyi yanlışlığı, dolayısı ilə olsa da, etiraf edir. E.Blinkenin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi, Senatda anti-Azərbaycan çıxışı ilə tarixə düşmüş Ceyms O"Brayn Bakıya gəlir. ABŞ Dövlət Departamenti Ceyms O"Braynın Bakıya səfəri ilə bağlı məlumat paylaşır. Bildirilir ki, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O"Brayn dekabrın 6-da Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə müsbət və konstruktiv görüş keçirib. Xarici işlər naziri Ceyhun Bayramov isə bu barədə mətbuatın sualını cavablandırarkən bildirir ki, ABŞ ilə yaranmış gərginliyin səbəbkarı Azərbaycan olmayıb. Onun sözlərinə görə, ABŞ ilə Azərbaycan arasındakı münasibətlərlə bağlı Bakının mövqeyi aydın ifadə olunub:
"Səbəblər hər kəsə aydındır. O vaxtdan bəri biz müsbət tendensiyanın şahidi olduq".
Nazir Azərbaycanın ABŞ ilə münasibətlərin inkişafında maraqlı olduğunu bildirib:
"Biz hər zaman yaxşı tərəfdaş olmuşuq. Müxtəlif sahələrdə əməkdaşlıq edib, çoxsaylı layihələr həyata keçirmişik. Azərbaycan hər zaman etibarlı tərəfdaş olub".
Fransa ilə münasibətlərdə görünməmiş böhran
Azərbaycanın bu il münasibətlərində ən gərgin məqamlar həm də Fransa ilə münasibətlərdə qeydə alındı. Fransanın Azərbaycan-Ermənistan sülh prosesində vasitəçilik istəyi ilə yanaşı öz silahlarını Ermənistana göndərməsi rəsmi Bakı tənqidlə qarşılayır. Ermənistana göndərilən istənilən hərbi yükün sonrakı taleyi isə artıq hər kəsə məlumdur.
Ermənistana göndərilən silahların təyinatına nəzərə saldıqda görünən odur ki, Fransa Cənubi Qafqazda bu ölkə vasitəsilə hərbi mövcudluğunu daha da gücləndirmək istəyir. Çünki Fransa Avropa İttifaqının Mülki Monitorinq misisyası adı altında öz jandarm qüvvələrinin əməkdaşlarını bölgəyə göndərib.
İl ərzində davam edən sərt ritorikalı açıqlamalar diplomatik böhran şəraitini yetişdirir. Rəsmi mənbələrdə təsdiqlənməsə də Fransanın casus rezidentura şəbəkəsinin ifşa olunması ilə bağlı informasiyalar yayılır. Sonrakı mərhələdə isə Fransa səfirliyinin iki əməkdaşının "persona non qrata" elan edilməsi ilə bağlı rəsmi məılumat yayılır. Səfirliyin iki diplomatından arzuolunmaz şəxs kimi 48 saat ərzində ölkə ərazisini tərk etmək tələb olunur.
Oxşar addımı Fransa da Azərbaycana qarşı atır və Fransadakı Azərbaycan səfirliyinin iki əməkdaşı arzuolunmaz şəxs elan edilir. Yəni qısa desək, bu ildən gələn ilə doğru Fransa Azərbaycan münasibətlərində körpülər yandırılır, münasibətlərdəki böhranla bağlı hadisələrin hansı müstəvidə davam edəcəyi maraqla gözlənilir.
Beynəlxalq əmıkdaşlıq: 3+3, Qoşulmama hərəkatı, MDB, TDT və digər platformalar
Bu il Azərbaycan bir sıra böyük tədbirlərə ev sahibliyi etdi. Bunlardan ən yadda qalanı iyulun 5-6-da Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlərinin iclası oldu. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi və çıxışı ilə başlayan nazirlər iclası zamanı hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması, habelə Cənubi Sudanın Hərəkata yeni üzv qəbul edilməsi kimi Azərbaycanın 2019-2023-cü illəri əhatə edən sədrliyinin uğurları xüsusi olaraq vurğulandı.
Ümumilikdə 2023-cü ildə Azərbaycan region ölkələri ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı təmasları intensivləşdirdi. Türk Dövlətləri Təşkilatı, Xəzəryanı ölkələr, "3+3" formatı, MDB ölkələri ilə əməkdaşlıq çərçivəsində keçirilən görüşlər bu fikri gücləndirən əsas məqamlardan hesab edilir.
Növbədənkənar seçkilər
2023-cü il Azərbaycan siyasəti gözlənilməz qərarla qarşılaşdı. Prezident İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı sərəncam imzaladı. Mərkəzi Seçki Komissiyası 2024-cü il fevralın 7-də seçkilərin keçirilməsinə qərar verdi.
MSK-nın dekabrın 30-da keçirilmiş iclasında Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alındı.
Gerçəkləşməyən ümidlər
Bu ildən gələn ilə keçən arzu isə Azərbaycan və Ermənistan arasında əldə edilməyən sülh oldu. Hərçənd ki, tərəflər ilin sonuna yaxın xoşməramlı addımlar atmaqdan çəkinmədilər. Noyabrın 30-da Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sərhəddə vasitəçisiz keçirilən görüşündən sonrakı addımlar sülh sazişinin tezliklə bağlanacağı ümidlərini alovlandırdı. Bu görüşün ardınca dekabrın 7-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Ermənistan Respublikası Baş naziri Aparatının qəbul etdikləri Birgə Bəyanat iki dövlət arasında etimad yaradılması yolunda mühüm irəliləyiş hesab edilir.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı qarşılıqlı sülh gündəliyinin irəli aparılması və ölkələrimiz arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişi adlandırıb.
Bakı və İrəvan arasında baş verən son proseslər 2024-cü ildə Azərbaycan və Ermənistan arasındakı sülh prosesinin sürətlənəcəyinə ümid verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.