CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda narkotik istifadəçilərinin sayı sürətlə artır - Deputat

© AFP 2024 / RODGER BOSCHNarkotik, arxiv şəkli
Narkotik, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.12.2023
Abunə olmaq
Deputat bildirib ki, narkoloji dispanserlərə gedənlərin 70%-i orada 10-15 dəfə müalicə alıb yenidən narkotikə başlayanlardır.
BAKI, 30 dekabr-Sputnik. "Azərbaycanda narkotik istifadəçilərinin sayı sürətlə artır. Bunu statistika ilə öyrənmək mümkün olmasa da, bölgələrdən alınan məlumatlarda, seçicilərlə görüşdə, boşanmaların sayındakı artımda bu, özünü göstərir". Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, narkoloji dispanserlərə gedənlərin 70%-i müalicədən sonra yenidən narkotikə başlayır:

"Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası hamını reabilitasiya mərkəzinə yönəldə bilməz. Narkoaludəçiyə mütləq psixoloji dəstək lazımdır. Narkoloji dispanserlərə gedənlərin 70%-i orada 10-15 dəfə müalicə alıb yenidən narkotikə başlayanlardır. Büdcədən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasına ayrılan vəsait artırılmalıdır. Komissiyanın işinin qənaətbəxş olması üçün reabilitasiya mərkəzləri yaratmaq lazımdır. Bu istiqamətdə bütün imkanları səfərbər etməliyik ki, narkomaniyanın qarşısını alaq".

© Sputnik / Murad OrujovMillət vəkili Fazil Mustafa
Millət vəkili Fazil Mustafa - Sputnik Azərbaycan, 1920, 30.12.2023
Millət vəkili Fazil Mustafa
"Xaricdən də belə təhdidlər var. Xaricdən də ölkəmizə narkotikin daxil olması danılmaz faktdır. Bunun qarşısını biz indi almasaq, gələcəkdə çox ağır nəticələri olacaq”,-deyə deputat diqqətə çatdırıb.
F.Mustafa Azərbaycanda sağlam insan naminə səfərbərlik ili elan edilməsini təklif edib:

"Narkomaniyaya qarşı mübarizə metodlarını konkret istiqamətlərdə dəyişməliyik. Ölkədə bu sahə üzrə müvafiq dövlət komissiyası fəaliyyət göstərir. Adı mübarizə olsa da, komissiyanı lazımi resurslarla təmin etməmişik. Qaynar xətt xidməti var, ancaq bu narkomana kömək etmir. Komissiyanın işi məsləhət vermək, yaxud narkotik istifadəçisini realibitasiya mərkəzinə yönləndirməkdir".

Dövlət komissiyası...
Qeyd edək ki, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası Azərbaycan Prezidentinin 1996-cı il 26 avqust tarixli 485 nömrəli fərmanı ilə yaradılıb. Komissiyanın əsas vəzifələri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdən, bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ibarətdir.
Xatırladaq ki, komissiya öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı funksiyaları həyata keçirir:
narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqramı hazırlayır və onun həyata keçirilməsini təmin edir;
Azərbaycan Respublikasında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyətini və bu sahədə fəaliyyət göstərən təşkilatların tələbatını öyrənir və lazımi tədbirlər həyata keçirir;
narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair müvafiq qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim edir;
komissiyanın səlahiyyətinə aid olan məsələlərə dair təkliflər hazırlayıb Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edir;
narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair beynəlxalq müqavilələrə Azərbaycan Respublikasında riayət olunmasını təmin edir;
Azərbaycan Respublikasının dövlət orqanları və ictimai təşkilatları ilə xarici ölkələrin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ixtisaslaşdırılmış qurumları arasında əlaqələr yaradılmasına, xarici dövlətlərlə müqavilələr bağlanılmasına kömək göstərir;
narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasına daxil olan yardımın qəbul olunmasını, uçotu və təyinatı üzrə istifadə edilməsini təşkil edir;
narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalq proqramlar çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan nümayəndə heyətlərinin və mütəxəssislərin iştirakı barədə təkliflər verir, onların hesabatını dinləyir və müvafiq qərarlar qəbul edir;
Azərbaycan Respublikasında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair elmi-praktiki konfranslar və seminarlar təşkil edir, bu sahədə elmi-tədqiqat işlərinin aparılmasına kömək göstərir;
narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ixtisaslanmış xidmətlərin əməkdaşlarının peşə hazırlığının artırılması sahəsində kompleks tədbirlər hazırlayır və müvafiq orqan və təşkilatlarla birlikdə həyata keçirir;
antinarkotik təbliğatı gücləndirilməsi istiqamətində mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə, ictimai birliklərə birgə tədbirlər hazırlayıb həyata keçirilməsini təmin edir;
Azərbaycan Respublikasının Prezidenti tərəfindən komissiyaya həvalə edilən digər vəzifələri həyata keçirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0