Zəngəzura ərazi iddialarımız yoxdur - Şəfiyev
© Photo : AZERTAGZəngəzur dəhlizinin tikintisi, arxiv
© Photo : AZERTAG
Abunə olmaq
Politoloq deyib ki, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirəcək yola nəzarət etmək məsələsində sadəcə Ermənistan artıq prinsipə gedib, bu mövqe də onlara Qərbdən tövsiyə olunub.
BAKI, 28 dekabr — Sputnik. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanla anklav məsələlərinin delimitasiya çərçivəsində həll oluna biləcəyini deyib.
"Report" xəbər verir ki, qurumun 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında F.Şəfiyev qeyd edib ki, sülhə mane olan məsələlər həll olunub.
"Sadəcə ortada anklav məsələləri var, ola bilsin ki, onlar delimitasiya çərçivəsində həll olunacaq", - əlavə edib.
© Sputnik / Murad OrujovBeynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev
Azərbaycan və COP29
F.Şəfiyev bildirir ki, Azərbaycan bir sıra beynəlxalq tədbirlərə, o cümlədən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) böyük diqqət göstərir.
"Biz ətraf mühitlə məşğul olan təşkilat deyilik, mütəxəssislərimiz də yoxdur. Amma bu mövzuda müvafiq alimləri, ekspertləri dəvət etməyi nəzərdə tuturuq. Qoşulmama Hərəkatı, nəqliyyat-logistika, Orta Dəhliz də bizim diqqət mərkəzimizdə olacaq. Türk Dövlətləri Təşkilatı da əsas prioritetlərimizdəndir. İddia var ki, Azərbaycan neft ölkəsidir, niyə COP29 orada keçirilir? Amma maraqlıdır ki, Kanada və Britaniyanın neft ixracına baxsaq, onlar dünyada ilk 10-luqda yer alırlar. Ona görə də bu kimi məqalələrə qara piar kimi baxmalı, buna hazır olmalıyıq", - o bildirib.
Təbrizdə Ermənistan konsulluğunun açılmasına münasibət
Fərid Şəfiyev Təbrizdə Ermənistan konsulluğunun açılmasının siyasi bir addım olduğunu bəyan edib.
"Konsulluğun məhz orada açılması bizə mesajdır, məncə. Ancaq onun orada açılmasında təhlükə görmürəm. Bununla belə, İranın Azərbaycana münasibətində bəzi problemlər görürəm, belə ki, səmimi və ardıcıl deyil. İranla münasibətlərimiz yaxşıya doğru gedir, ona görə çox mənfi danışmaq istəməzdim. Ancaq belə bir sualım var, onlar əlaqələrimizin tezliklə və əsaslı həll olunmasını nə dərəcədə istəyirlər?", - F.Şəfiyev qeyd edib.
Fransa olsa, çətin ki biz onu qəbul edək
Şəfiyev bildirib ki, Rusiya qoşunları Ermənistan sərhədini onsuz da hər yerdə qoruyur.
"Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirəcək yola nəzarət etmək məsələsində sadəcə Ermənistan artıq prinsipə gedib, bu mövqe də onlara Qərbdən tövsiyə olunub", - F.Şəfiyev deyib.
Mərkəz sədri bildirib ki, Azərbaycan İranla yol məsələsini danışandan sonra onlar sülh qovşağı təklif edib, çünki təcrid olunacaqlarını düşünüblər:
"Öz ərazisində Ermənistan buna nəzarəti kimə həvalə edəcəksə həmin qüvvə bizi qane etməlidir. Məsələn nəzarət edəcək qüvvə Fransa olsa, çətin ki biz onu qəbul edək".
F.Şəfiyev deyib ki, bu, daha çox Rusiya-Ermənistan məsələsidir, nəinki Azərbaycan-Ermənistan.
"Bizim Zəngəzura ərazi iddialarımız yoxdur. Sülh sazişi imzalansa, ərazi bütövlüyü tanınsa, burada sadəcə ərazilərin kimə məxsus olması müəyyən olunacaq. Burada xəritənin tərtibi Komissiya tərəfindən həll olunacaq", - deyə ekspert bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.