Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Tütün məmulatları və alkoqollu içkilərin aksiz dərəcələri artırılıb

CC BY-SA 2.0 / J.P. C. / CigaretteSiqaret, arxiv şəkli
Siqaret, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.12.2023
Abunə olmaq
İqtisadçının sözlərinə görə, son illərdə aksiz dərəcələrinin qaldırılmasına görə tütün məmulatları və alkoqollu içkilərin qiymətlərində kəskin artım baş verməyib.
BAKI, 28 dekabr — Sputnik. Azərbaycanda istehsal olunan tütün məmulatları və alkoqollu içkilərin aksiz dərəcələri artırılıb. Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, 2024-cü ildən aksiz dərəcəsi siqarillanın hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlərin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilib. Birdəfəlik istifadə üçün elektron siqaretin, qəlyanın hər bir ədədi üçün aksiz dərəcəsi 0,25 manatdan 2 manata qaldırılıb.
Aksiz dərəcəsi araq (vodka), tündləşdirilmiş içkilər, likyor, konyakın hər litri üçün 4,0 manatdan 4,8 manata qaldırılıb. Şampan şərabı üçün aksiz dərəcəsi isə azaldılaraq 2,6 manatdan 0,2 manata endirilib.
Ekspertlər nə deyir...
İqtisadçı Razi Abasbəyli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ölkədə tütün məmulatlarının istehsalında artım var:
"Yerli tütün məmulatlarının istehsalını stimullaşdırmaq, dəstəkləmək və idxaldan asılılığı azaltmaq qarşıya məqsəd qoyulub. Son illərdə aksiz dərəcələrinin qaldırılmasına görə tütün məmulatları və alkoqollu içkilərin qiymətlərində kəskin artım baş verməyib. Məsələn, hər dəfə aksiz dərəcə qaldırılanda 1 qutu siqaretin satış qiymətində təxminən 30 qəpiyədək artım olub. Başqa sözlə, kəskin qiymət artımları olmasa da nisbətən bahalaşma baş verib. Digər tərəfdən də bu bahalaşma bazarda saxta və keyfiyyətsiz məhsulların artmasına gətirib çıxardıb".

"Vergi Məcəlləsinə dəyişiklik 2024-cü ildən qüvvəyə minəndən sonra bazarda tütün məmulatları və alkoqollu içkilərin qiymətlərində artımları müşahidə edə bilərik", - deyə iqtisadçı əlavə edib.

"Ümumdünya Səhiyyə Təşkilatı bu məhsulların satışının əngəllənməsində maraqlıdır"
Bakı Hesabat Mərkəzinin direktoru, vergi sahəsi üzrə ekspert Mehdi Babayev isə Sputnik Azərbaycan-a açıqlamasında, Vergi Məcəlləsinə bu dəyişikliyi müsbət qiymətləndirib:
"Tütün məmulatları və alkoqollu içkilər zərərlidir. Vergi qanunvericiliyinin məqsədi təkcə vergi yığmaq deyil, həm də insanların həyat-tərzini tənzimləməkdir. Bu dəyişiklik insanların alıcılıq qabiliyyətini məhdudlaşdırır ki, onlar tütün məmulatları və alkoqollu içkilər az istehlak etsin, zərərli vərdişlərdən uzaq dursunlar. Ümumdünya Səhiyyə Təşkilatı da maraqlıdır ki, insanların zərər görməməsi üçün bu məhsulların satışı əngəllənsin və təşkilat bu istiqamətdə öz tövsiyələrini verib".
"Aksiz dərəcələrinin qaldırılmasının məqsədi tütün məmulatları və alkoqollu içkilərin qiymətini artırmaqdır ki, insanların bu istiqamətdə alıcılıq qabiliyyəti azalsın",-deyə ekspert əlavə edib.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda spirtli içkilər 3,6 faiz, tütün məmulatları 4,8 faiz bahalaşıb.
© Sputnik / Murad OrujovAksiz markası, arxiv
Акциз спирнтых напитков, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.12.2023
Aksiz markası, arxiv
Yerli istehsalın rəqabət qabiliyyəti artırılır
Prezident İlham Əliyev 2023-cü il fevralın 7-də "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" Sərəncam imzalayıb. Məqsəd tütün məmulatlarının və alkoqollu içkilərin yerli istehsalının rəqabət qabiliyyətinin artırılması və ixracının genişləndirilməsi, qanunla müəyyən edilmiş dövlət ödənişlərinin icra edilməsi üçün fiskal nəzarət tədbirlərinin gücləndirilməsidir.
Əlavə edək ki, beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla dövlət tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət çərçivəsində aksiz dərəcələrinin mərhələli şəkildə artırılması və optimallaşdırılması nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0