CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cinayət təqibi üzrə qiyabi icraat həyata keçiriləcək

© Sputnik / Kamal AlmuradlıPPX
PPX - Sputnik Azərbaycan, 1920, 22.12.2023
Abunə olmaq
Deputat bildirib ki, Cinayət-Prosessual Məcəlləsinə "Cinayət təqibi üzrə qiyabi icraat" adlanan yeni fəslin əlavə edilməsi təklif olunur.
BAKI, 22 dekabr - Sputnik. Milli Məclisin iclasında Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik müzakirə edilib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov bildirib ki, layihədə Cinayət-Prosessual Məcəlləsinə "Prosessual sənədlərin rəsmi qaydada verilməsi""Cinayət təqibi üzrə qiyabi icraat" adlanan iki yeni fəslin əlavə edilməsi təklif olunur:

"Əlavə edilməsi nəzərdə tutulan IV-I fəsildə prosessual sənədlərin çatdırılması, çağırış vərəqəsi, qəbzin məzmunu və prosessual sənədləri qəbul etməkdən imtina qaydaları ətraflı olaraq müəyyən edilir. Əlavə olunacaq LIV-II fəsil isə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunan təqsirləndirilən şəxsin barəsində aşağıdakı 2 halda - təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizləndikdə və Azərbaycan Respublikasının ərazisindən kənarda olan təqsirləndirilən şəxs çağırışa gəlməkdən qəsdən boyun qaçırdıqda - cinayət təqibinin qiyabi icraat qaydasında aparılması imkanını nəzərdə tutur. Сinayətlərin məcmusu üzrə həmin Məcəllənin digər maddələri ilə də ittiham olunan təqsirləndirilən şəxs barəsində cinayət təqibi qiyabi icraat qaydasında aparıla bilər".

© Photo : Courtesy of Bahruz MaharramovMilli Məclisin deputatı Bəhruz Məhərrəmov
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov - Sputnik Azərbaycan, 1920, 22.12.2023
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov
Bildirilib ki, cinayət təqibinin qiyabi icraat qaydasında həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxslərin təqsiri məhkəmə hökmü ilə sübuta yetirildikdə, həmin şəxslərin, xüsusilə də sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətləri törətmiş şəxslərin əmlakı cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirə edilməklə zərərçəkənlərə və dövlətə dəymiş ziyanın ödənilməsinə, mülki iddianın təmin edilməsinə yönəldiləcək.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Qeyd edək ki, sənədə əsasən, qiyabi icraat barədə qərar həm məhkəməyədək icraat, həmçinin birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində aparılan icraat zamanı qəbul edilə bilər. Məhkəməyədək icraat zamanı cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə qərar müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun yuxarı prokurorla razılaşdırılmış təqdimatı əsasında yalnız məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən qəbul olunur.
Cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə qərar yalnız təqsirləndirilən şəxs barəsində axtarış elan olunduğu vaxtdan 3 ay keçdikdən sonra qəbul edilə bilər.
Eyni zamanda dəyişikliklərə əsasən barəsində cinayət təqibi üzrə qiyabi icraat nəticəsində qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı qəbul edilmiş şəxsin ərizə verərək, həmin qərarın ləğv edilməsini və cinayət işinə yenidən baxılmasını tələb etmək hüququ müəyyən edilir.
Qiyabi hökm və ya digər yekun qərar bu Məcəllə ilə nəzərdə tutulmuş ümumi qaydada çıxarılır və icra edilir.
Barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarında olduqda qiyabi hökmün və ya digər yekun qərarın icra olunması üçün bu Məcəllədə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş tədbirlər görülür.
Qiyabi hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindikdən sonra barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs könüllü gəldikdə və ya cəzanı icra edən orqanın sərəncamına verildikdə qiyabi hökm və ya digər yekun qərar çıxarmış məhkəmə cəzanı icra edən orqanın təqdimatı əsasında qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi məsələsinə baxır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0