DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

HƏMAS İsraillə iki həftədən az davam edəcək hər hansı bir atəşkəsi rədd edir

© Sputnik / Issam Al-Rimavi / Mediabanka keçidHƏMAS
HƏMAS  - Sputnik Azərbaycan, 1920, 21.12.2023
Abunə olmaq
Bundan əvvəl Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün İsraillə yeni saziş üzrə danışıqlar apardığına dair xəbərləri təkzib edib.
BAKI, 21 dekabr — Sputnik. Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında İsraillə iki həftədən az davam edəcək hər hansı bir atəşkəsi rədd edir. Bu barədə Əl-Ərəbiyyə telekanalı mənbələrə istinadən xəbər verir.
"Həmas 14 gündən az davam edən hər hansı atəşkəs razılaşmasını rədd edir", - telekanalın açıqlamasında deyilir.
Bundan əvvəl Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbərinin media müşaviri Taher Əl-Nunu hərəkatın Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün İsraillə yeni saziş üzrə danışıqlar apardığına dair xəbərləri təkzib edib.
Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində oktyabrın 7-də İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan sonra hərəkatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub, burada həm hərbçilərə, həm də mülki şəxslərə atəş açıb, həmçinin 200-dən çox insanı girov götürüb. İsraildə, səlahiyyətlilərin son məlumatlarına görə, təxminən 1,2 min adam öldürülüb, bu rəqəmə mülki vətəndaşlar, əsgərlər, xarici vətəndaşlar və işçilər daxildir, həmçinin 5 mindən çox adamın yaralandığı bildirilir.
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Bir neçə gün ərzində İsrail hərbçiləri Qəzza ilə sərhədə yaxın bütün məskunlaşma məntəqələrini nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Oktyabrın sonunda İsrailin anklavda əməliyyatının quru mərhələsi başlayıb. Qəzza şəhəri İsrail quru qüvvələri tərəfindən mühasirəyə alınıb və anklav faktiki olaraq cənub və şimal hissələrə bölünüb.
İsrailin zərbələri başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 20 min nəfərə çatıb, 52 mindən çox yaralı var.
HƏMAS Qəzza zolağında təxminən 200-250 girov olduğunu iddia edib. Atəşkəs başa çatdıqdan sonra İsrail hakimiyyəti 126 israilli və 11 əcnəbinin HƏMAS-da girov qaldığını, qaçırılan 110 nəfərin isə sərbəst buraxıldığını açıqlayıb.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putinin mövqeyinə görə, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və döyüş mənbəyi olub.
Xəbər lenti
0