CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dekabrın 15-dək vəfat etmiş şəxslərin adları seçici siyahılarından çıxarılıb

Seçki - Sputnik Azərbaycan, 1920, 20.12.2023
Abunə olmaq
Nazir müavini bildirib ki, eyni zamanda səsvermə gününədək səsvermə hüququ yaranacaq 18 yaşı tamam olan şəxslərin də siyahısı hazırlanıb.
BAKI, 20 dekabr — Sputnik. Cari il dekabrın 15-dək vəfat etmiş şəxslərin adları seçici siyahılarından çıxarılıb və Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
Bunu ədliyyə nazirinin müavini Toğrul Musayev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
Nazir müavini bildirib ki, eyni zamanda səsvermə gününədək səsvermə hüququ yaranacaq 18 yaşı tamam olan şəxslərin də siyahısı hazırlanıb: "Vətəndaşların seçki hüquqlarının pozulmasından şikayət Seçki Məcəlləsinə əsasən tənzimlənəcək. Vətəndaşlar bununla bağlı məhkəmələrə müraciət edə bilər. Apelyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət də verilə bilər. Həmçinin əhali ilə bağlı məlumatların real vaxt rejimində MSK-ya çatdırılması istiqamətində zəruri işlər görülür".
Prezidentin köməkçisi: Tələbələrlə bağlı seçici siyahılarına yenidən baxılmalıdır
Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib ki, biz dünyasını dəyişmiş insanların seçici siyahısında qalmasını tamamilə yığışdırmalıyıq.
O bildirib ki, ən həssas məsələ odur ki, şəhidlərimizin adının da seçici siyahılarında olmasına yol verməməliyik: "Bütün şəhidlərin siyahısı MSK-ya təqdim olunub. Biz çalışmalıyıq ki, dünyasını dəyişmiş heç bir şəxs seçici siyahısında qalmasın".
O bildirib ki, tələbələrlə bağlı seçici siyahılarına bir daha baxış keçirilməlidir: "Tələbələrlə bağlı seçici siyahılarına yenidən baxılmalıdır. Artıq bununla bağlı icra hakimiyyətlərinə tapşırıq verilib. Bir tələbə də bizim diqqətimizdən kənarda qalmamalıdır. Onların harada səs verdiyi müəyyənləşdirilməlidir. Tələbə ya oxuduğu yerdə, ya da yaşadığı yerdə səs verməlidir".
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Xəbər lenti
0