Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qızılcaya yoluxan uşaqlar niyə ölür?

© iStock.com / MumemoriesQızılca
Qızılca - Sputnik Azərbaycan, 1920, 16.12.2023
Abunə olmaq
Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri bildirib ki, xəstəliyin özünün müalicə üsulu mövcud deyil.
BAKI, 16 dekabr — Sputnik. Qızılca can almaqda davam edir. İki gün əvvəl daha bir uşaq qızılcadan həyatını itirib. Belə ki, Şəmkirdə 4 yaşlı oğlan qızılca xəstəliyindən vəfat edib. 2019-cu il təvəllüdlü Şəmkir rayon sakini H.Allahyarovun vəziyyəti qızılca xəstəliyindən ağırlaşıb və xəstə Gəncə şəhərinə gətirilən zaman yolda dünyasını dəyişib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. Bununla da qızılcadan dünyasını dəyişən uşaqların sayı 7-yə çatıb.
Qızılcadan ölüm hallarına səbəb uşaqlara vaxtında düzgün müalicənin tətbiq edilməməsi göstərilir. Övladı qızılcadan ölən valideynlər uşağını həkimə apardıqlarını, evdə həkimin təyin etdiyi müalicənin davam etdirildiyini söyləyirlər. Bununla belə müalicəyə cəlb olunan uşaqlar arasında da bu xəstəlikdən ölüm hallarının baş verməsi valideynlərin narahatlığını artırır.
Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev bildirib ki, qızılcadan ölüm halı bütün dünyada müşahidə olunur. Onun sözlərinə görə, qızılcaya yoluxan hər 100 uşaqdan 8-də ölüm halı baş verə bilər.
© Sputnik / Irade JELILNəsib Quliyev, arxiv
Ölkənin baş pediatrı Nəsib Quliyev - Sputnik Azərbaycan, 1920, 16.12.2023
Nəsib Quliyev, arxiv

"Hər kəs yadda saxlamalıdır ki, qızılcanın spesfik müalicəsi yoxdur. Xəstəyə simptomatik yardım göstərilir, baş verən əlamətlərə qarşı müalicə tətbiq olunur. Xəstəliyin özünün müalicə üsulu mövcud deyil. Qızılcanın qarşısını almağın bir yolu var, o da peyvəndləmədir. Ona görə də, xəstəliyə yoluxmazdan öncə kimdə hansı fəsadların baş verəcəyini heç kəs müəyyən edə bilməz!".

N.Quliyev bildirib ki, qızılcaya yoluxma dövründə kimdə ağırlaşma, pnevmoniya, beyin iltihabı inkişaf edirsə, bu müalicə üsulundan asılı səbəbdən deyil. Həkim vurğulayıb ki, bu, xəstəliyin gedişinin ağırlığı ilə müəyyən olunur:
"Bəzən uşaqlarda qızılcanın törətdiyi toksiki-infeksion şok inkişaf edir. Baş-beyin zədələnir, miningesifalit və ağır dərəcəli pnevmoniyanın inkişafı nəticədə ölümə səbəb olur. Kimdə bu fəsadlar baş verirsə, ölüm riski var. Bu gün qızılca xəstəliyinin müalicəsi mümkün deyilsə, yanaşı xəstəlikləri olan uşaqlarda ölüm hadisələrinin baş verməsi müalicə metodları ilə əlaqələndirilə bilməz. Bu xəstəliyin gedişində kimdə ağır fəsad baş verirsə, onda da ölümə səbəb ola bilər".
Kafedra müdiri onu da bildirib ki, qızılca özü çox ağır infeksion xəstəlikdir. Yalnız peyvənd vaxtında edilərsə xəstəliyin qarşısını almaq mümkündür. Xəstəlik baş veribsə, həmin uşaqda hansı fəsadların baş verəcəyini heç bir həkim əvvəldən söyləyə bilməz.
Bununla belə, N.Quliyev deyir ki, qızılcaya yoluxan uşaqlar vaxtında hospitalizasiya olunarsa, bütün yardımlar nəticə verə bilər. Ona görə də, qızılcaya yoluxan uşaqların səhhətindəki dəyişikliklər təqib olunmalı, izlənilməlidir.

"Hər orqanizmin xəstəliyə cavab reaksiyası var. Kimdə hipererqik cavab müşahidə olunursa, orqanizmdə ciddi dəyişikliklər baş verirsə belə uşaqlarda ölüm riski yüksək olur. Yanaşı xəstəlikləri və xroniki xəstəlikləri olan uşaqlar qızılcaya yoluxduqda onların vəziyyəti daha da kəskinləşir", - deyə N.Quliyev bildirib.

Xatırladaq ki, bundan əvvəl Şirvanda 12 yaşlı uşaq qızılca sonrası ağırlaşmadan ölüb. Şirvan sakini, 2011-ci il təvəllüdlü Ömər Kürdoğlu oğlu Şahbazzadə bir müddət əvvəl qızılcaya yoluxub.
Evdə müalicə alan 12 yaşlı Ömərin müalicəsinin düzgün aparılmaması uşaqda ağırlaşmaya səbəb olub. Bununla da qızılcadan uşaq ölümlərinin sayı 7-ə çatıb.
Yada salaq ki, bir müddət öncə Qobustan qəsəbəsində qızılcadan ölən Baxışlı Elmirin atası Elbrus Baxışov Sputnik Azərbaycan-a açıqlamasında bildirmişdi ki, uşaq polikilinikada müayinə olunaraq ona müalicə təyin olunub. Evdə körpənin müalicəsi aparılsa da, o tələf olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0