Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda dağıdıcı zəlzələ gözlənilirmi? Seysmoloqdan həyəcan doğuran açıqlama

© AP Photo / Unal CamTürkiyədə zəlzələnin fəsadları
Türkiyədə zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 07.12.2023
Abunə olmaq
Seysmoloq Ənvər Əliyev deyib ki, Azərbaycan zəlzələlərin olduğu qurşaqda yerləşir.
BAKI, 7 dekabr — Sputnik. "Bu gün baş verən zəlzələ iyunda dənizdə baş verən zəlzələnin davamıdır. Çünki bugünkü zəlzələ də həmin sınma xətinin üzərinə düşüb".
Sputnik Azərbaycan-a bu sözləri ekoloq, seysmoloq Ənvər Əliyev deyib. O, bildirib ki, Xəzərin şimal -şərq və cənub bölgəsinə, Kürün deltasına qədər qövsvari sınma xətti var.
"Zəlzələ tarixən labüd hadisədir. Ona görə də təşvişə düşmək olmaz. Bugünkü zəlzələdən sonra baş verən afterşoklar yerin enerjisinin çıxması ilə nəticələnir. Ona görə də, bundan sonra daha güclü zəlzələlər baş vermir" - seysmoloq söyləyib.
O, bildirib ki, yerin sınma xətti boyunca zəlzələlər müşahidə olunur. Bakı şəhərində dağıdıcı zəlzələlər indiyədək müşahidə olunmayıb.
Bununla belə ekoloq-seysmoloq hesab edir ki, bu, bizə rahat olmağa əsas vermir:

"Seysmik zonalarda şəhərsalma mədəniyyəti var. Yaponiyada hansı qayda ilə şəhərləri salırlar, bununla bağlı təcrübələrdən istifadə edilməlidir. Azərbaycanda tikilən binalar özülünün möhkəmliyinə görə fərqlənir. Bakıda inşa olunan binaların möhkəmliyinə nəzarət güclü olsa da, paytatxda binalar mümkün qədər yoldan kənarda tikilməlidir. Təəssüf ki, bizdə binalar yolların üstündə tikilib. Bu da zəlzələ baş verərsə, təxliyəni çətinləşdirəcək. Biz hər zaman zəlzələyə hazır olmalıyıq. Bilməliyik ki, zəlzələlərin olduğu qurşaqda yerləşirik".

Seysmoloqun qeydinə görə, Bakı və Abşeron yarımadası ilə bağlı digər təhlükə ondadır ki, yaşayış binaları çox yaxın inşa olunub:
"Binanın hündürlüyü boyunda binalar arasında məsafə qoyulmalıdır. Amma gəlin görək biz buna əməl edə bilirikmi? Təəssüf ki, yox! Bakıda binalar elə yaxın inşa olunub ki, zəlzələ baş versə, bir-birinin üstünə aşacaq. Bu, əlbəttə ki, ölkə iqtisadiyyatının problemidir. Kəndlərdən insanlar paytaxta axışır. Bunun qarşısı zamanında alınmalıydı ki, Bakıya bu qədər insan köçüb yaşamasın. Paytaxtı həddindən çox yükləmişik, eyni zamanda binaları yolların üstündə tikmişik. Nəzərə almalıyıq ki, zəlzələ ocaqları hər zaman oyaqdırlar".
O, əlavə edib ki, zəlzələni gününə, saatına qədər proqnozlaşdırmaq mümkün deyil: "Zəlzələnin olacağı gözlənilirdi. Amma bunu demək olmaz ki, bu saatda olacaq, həmin vaxt evdə olmayaq".
Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:15:41-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.
AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan verilən məlumata görə, zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında bəzi yerlərdə 5, bəzi yerlərdə 3 bala qədər hiss olunub. Zəlzələ ocağının dərinliyi 70-km-dir.
Sputnik Azərbaycan-a Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, bu gün baş verən zəlzələdən sonra afterşoklar qeydə alınıb: "Amma bu olsa da, qorxulu deyil. Daha böyük təkanların olacağı, dağıdıcı zəlzələ gözlənilmir” .
Xəbər lenti
0