CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Şərq qadını" jurnalının 100 illiyinə: onun ilk nömrəsi necə bərpa olunur - Video

© Photo : Courtesy of Sabina Efendiyeva"Şərq qadını" jurnalı
Şərq qadını jurnalı - Sputnik Azərbaycan, 1920, 01.12.2023
Abunə olmaq
Onun əsası azərbaycanlı pedaqoq, pedaqoq, jurnalist və tərcüməçi Mədinə Qiyasbəyli tərəfindən qoyulub. O, qadınların savadsızlığı və cahilliyi ilə onların təhsili uğrunda mübarizə aparırdı.
BAKI, 1 dekabr — Sputnik. Bu gün, noyabrın 30-da "Şərq qadını" jurnalının ilk nömrəsinin nəşrinin 100 illiyi tamam olur. Bu, Azərbaycanda ilk qadın nəşridir.
Jurnalın ilk nömrəsi uzun illərdir ki, Milli Tarix Muzeyində saxlanılır. Onu 1974-cü il sentyabrın 25-də Azərbaycan SSR əməkdar həkimi Yevsey Qindesin qızı Raisa Qindes ora təhvil verib. Qadın bu nömrədə atasının pediatriya ilə bağlı məqaləsi olduğu üçün onu özündə saxlayıb.
Yüz il ərzində jurnalın kağızı quruyaraq çox kövrək olub. Bununla əlaqədar muzeyin rəhbərliyi eksponatı bərpa etmək və onu yalnız bundan sonra daha geniş auditoriyaya təqdim etmək qərarına gəlib.
© Photo : Courtesy of Sabina Efendiyeva"Şərq qadını" jurnalı
Журнал Şərq qadını («Женщина Востока») - Sputnik Azərbaycan, 1920, 01.12.2023
"Şərq qadını" jurnalı
Qadınlar haqqında ilk jurnal
Tarix Muzeyinin Sənədli mənbələr toplusunun rəhbəri Esmira Rəhimova "Sputnik Azərbaycan"a bildirib ki, jurnal AzSSR Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə təsis edilib. Onun 40 səhifəli, 1000 nüsxə tirajla ilk nömrəsi 1923-cü il noyabrın 30-da Bakıda işıq üzü görüb.
Jurnalın əsası azərbaycanlı maarifçi, pedaqoq, jurnalist və tərcüməçi Mədinə Qiyasbəyli tərəfindən qoyulub. O, qadınların savadsızlığı və cahilliyi ilə, onların təhsili uğrunda mübarizə aparırdı. Bu işdə ona Azərbaycanın ilk qadın publisisti Şəfiqə Əfəndizadə, müəllim Mina Mirzəyeva və ölkənin digər tanınmış xanımları dəstək olublar. Jurnalın redaktoru ilk azərbaycanlı inqilabçı qadınlarından biri olan Ayna Sultanova idi.
Nəşr aylıq dərc olunurdu. Burada qadınların emansipasiyası, sağlamlığının qayğısına qalması, savadsızlığın aradan qaldırılması, ictimai həyatda iştirakı, uşaqların tərbiyəsi və s. məsələlərə toxunulub.

"Jurnalın üz qabığında daş divarın fonunda üç qadın təsvir edilib. Onlardan birinin üzü örtülü, ayaqları zəncirlidir. Üzü bir qədər açıq vəziyyətdə olan ikinci qadın Şərqə baxır. Üçüncüsü isə ikincinin gözünü açmaqdan ötrü onun əlindən tutub və sanki deyir: "Əsrlər boyu yuxuda olan Şərq qadını, oyan! Yeni həyat səni çağırır, Şərq qadını", - deyə Rəhimova bildirib.

© Photo : Courtesy of Sabina EfendiyevaSəbinə Əfəndiyeva
Художник-реставратор Сабина Эфендиева - Sputnik Azərbaycan, 1920, 01.12.2023
Səbinə Əfəndiyeva
Jurnal respublikanın ədəbi-bədii fikrinin formalaşmasında, mədəniyyətin inkişafında, qadınlar arasında yazıçı-publisistlərin yetişməsində mühüm rol oynayıb. Azərbaycanın bir çox tanınmış yazıçı və jurnalistləri - Cəlil Məmmədqulizadə, Süleyman Sani Axundov, Abdulla Şaiq, Yusif Çəmənzəmənli öz materiallarını "Şərq qadını"nın səhifələrində dərc ediblər. Onlar qadınların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çıxış ediblər.
Nəşrin ilk nömrələri ərəb əlifbası ilə çap olunub. Sonrakı illərdə müəlliflər latın əlifbasına, daha sonra kiril əlifbasına keçiblər. Hazırda isə o, yenidən latın əlifbasında çap olunur.

"1938-ci ildə jurnalın adı dəyişib "Azərbaycan qadını" oldu. Böyük Vətən Müharibəsi illərində onun nəşri müvəqqəti olaraq dayandırıldı, 1951-ci ilin martında isə yenidən bərpa edildi. Burada qadınların elm, mədəniyyət və incəsənət, təhsil, iqtisadiyyat və digər sahələrdəki nailiyyətləri haqqında materiallar dərc olunurdu", - deyə Rəhimova qeyd edib.

1976-cı ildə jurnal rekord tirajla - 217 min nüsxə ilə dərc olundu. Nəşrin hazırlanmasında Mirvarid Dilbazi, Həbibə Fəxri, Ələviyyə Babayeva, Sabir Gəncəli və başqaları fəal iştirak ediblər. Uzun illər ona yazıçı Xalidə Hasilova rəhbərlik edib.
SSRİ-nin dağılması ilə müşayiət olunan siyasi, iqtisadi və sosial böhran Azərbaycanda çıxan əksər dövri mətbuatın taleyinə də təsirsiz ötüşmədi. Bu, getdikcə daha az çıxmağa başlayan və geniş oxucu auditoriyasını itirən "Azərbaycan qadını" jurnalına da təsir etdi.
1990-cı illərin ortalarında jurnalın nəşri bərpa olundu. Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə onun redaktoru təyin edildi.
"Şərq qadını" jurnalı necə bərpa olunur
Səbinə Əfəndiyeva əfsanəvi eksponatın bərpası üzərində işləyir. O, "Sputnik Azərbaycan"a açıqlamasında 14 ildən artıqdır ki, Tarix Muzeyində bərpaçı rəssam kimi fəaliyyət göstərdiyini, əsasən qəzet, kitab və afişalarla işlədiyini deyib. Onun sözlərinə görə, hər bir eksponat fərdi yanaşma tələb edir.
© Photo : Courtesy of Sabina Efendiyeva"Şərq qadını" jurnalı
Журнал Şərq qadını («Женщина Востока») - Sputnik Azərbaycan, 1920, 01.12.2023
"Şərq qadını" jurnalı

"Bu, uzun və əziyyətli işdir. Əvvəlcə jurnalın səhifələrini bir-birindən ayırmaq, sonra onları yığılmış kirdən distillə edilmiş su ilə təmizləmək, bütün cırılmış hissələri isə bərpa kağızı ilə yapışdırmaq lazımdır. Jurnal səhifələrinin, toz və çirkin adətən ən çox toplandığı yer olan künclərindəki qırışlar xüsusi bərpa aləti ilə ütülənərək hamarlanacaq. Bu, onun ömrünü bir neçə onilliklərə uzatmağa kömək edəcək", - deyə bərpaçı rəssam qeyd edib.

Əfəndiyeva hesab edir ki, "Şərq qadını"nın ilk buraxılışının "müalicəvi" proseduru bir aya yaxın vaxt aparacaq. Bərpadan sonra muzey ziyarətçiləri jurnalla tanış ola biləcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0