Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda pensiyalar nə qədər artacaq?

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv şəkli
Azərbaycan manatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.11.2023
Abunə olmaq
İlin sonuna yaxınlaşdıqca gələn il pensiyaların nə qədər artacağı məsələsi gündəmə gəlir. Bütün pensiyalar indeksləşdirilərək artırılacaq. Məsələnin detallarını iqtisadçılar şərh ediblər.
BAKI, 28 noyabr — Sputnik. Gələn ilin əvvəlində Azərbaycanda pensiyaların indeksasiya edilməsi, yəni artırılması gözlənilir. İllik rəsmi rəqəmlər elan olunduqdan sonra əmək pensiyaları indeksasiya ediləcək, artırılacaq. Qanunvericiliyə əsasən həm əmək pensiyaları həm də pensiya kapitalı indeksasiya olunur.
Bəs, gələn il pensiyalar və pensiya kapitalı nə qədər artacaq?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, əmək pensiyaları ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir:
"Rəsmi statistikaya əsasən, bu ilin 9 ayında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 11,2 faiz artıb. Həm orta aylıq əməkhaqqı, həm də inflyasiya göstəricisi ilə bağlı rəsmi rəqəmlər hər il yanvar ayının ikinci yarısında elan olunur və həmin rəqəmlərə uyğun olaraq da indeksasiya ilə bağlı qərar verilir. Başqa sözlə, 2023-cü il üçün orta aylıq əməkhaqqı ilə bağlı rəsmi rəqəm Dövlət Statistika Komitəsi tərəfindən elan ediləcək".
"Əgər 2023-cü ildə orta aylıq nominal əməkhaqqı 11,2 faiz artsa, gələn il əmək pensiyaları 11,2 faiz artacaq. Məsələn, 600 manat pensiya alan vətəndaşın pensiyası 67,2 manat artaraq 667,2 manat olacaq",-deyə o qeyd edib.
Pensiya kapitalı inflyasiya göstəricisinə indeksasiya olunur
İqtisadçı bildirib ki, pensiya kapitalı isə ildə bir dəfə istehlak qiymətləri indeksinin (inflyasiya) illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir: "Rəsmi statistikaya görə, Azərbaycanda 10 aylıq inflyasiya 10,2 faiz olub. Əgər 2023-cü il üçün inflyasiya 10,2 faiz olacaqsa, pensiya kapitalı bu faizə uyğun artacaq. Məsələn, 50000 manat pensiya kapitalı olan vətəndaşın kapitalı 5100 manat artaraq 55100 manat olacaq. Ümumilikdə isə inflyasiya ilə bağlı dəqiq rəqəmi ilin sonunda biləcəyik".
O əlavə edib ki, pensiyaların orta aylıq əməkhaqqının illik artımına uyğun və pensiya kapitalının inflyasiyanın illik səviyyəsinə uyğun indeksləşdirilməsi ədalətlidir, normaldır. Bu, dünya təcrübəsində də belədir.
"Orta maaş nə qədər artacaqsa, pensiyalarda artım da o qədər olacaq"
Deputat Vüqar Bayramov da bildirib ki, bu il ərzində orta maaş nə qədər artacaqsa, pensiyalarda artım da o qədər olacaq: "Bu ildən tətbiq olunan vahid indeksasiya sistemi əmək pensiyası alan bütün vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. Gələn ilin yanvar ayında pensiyaların təxminən 11 faiz artırılacağı gözlənilir. Təbii ki, daha dəqiq rəqəm 2024-cü ilin yanvar ayında elan olunacaq. Bütün hallarda orta maaşda artım tempi yüksəldikcə pensiyalarda daha çox artımlar müşahidə olunacaq. Bu baxımdan orta aylıq əməkhaqqındakı artım yalnız ölkə iqtisadiyyatında muzdla çalışan işçilər üçün deyil, həmçinin pensiyaçılar üçün də əhəmiyyətlidir".
"Əmək pensiyalarının orta aylıq məbləğinin 2024-cü ildə 483 manat olacağı proqnozlaşdırılır"
Xatırladaq ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, əmək pensiyalarının orta aylıq məbləğinin 2023-cü ildə 436 manat təşkil edəcəyi gözlənilir, 2024-cü ildə isə 483 manat olacağı proqnozlaşdırılır:
"Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 466 manatdan 50 manat artaraq 516 manata, əlilliyə görə pensiyanın orta aylıq məbləğinin cari ilin sonuna gözlənilən 367 manatdan 43 manat artaraq 410 manata, ailə başçısını itirməyə görə pensiyanın orta aylıq məbləğinin isə cari ilin sonuna gözlənilən 407 manatdan 47 manat artaraq 454 manata yüksəlməsi proqnozlaşdırılır".
2019-cu ildən indiyədək 640 min pensiya, müavinət, təqaüd proaktiv təyin olunub
Əlavə edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb. Həmin e-təyinat sistemləri vətəndaşlara hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən qeyd olunan sosial ödənişlərin e-sistem üzərindən təyinatının aparılmasını təmin edir. Ümumilikdə ötən dövrdə 640 min pensiya, müavinət, təqaüd proaktiv təyin olunub. 2023-cü ilin yanvar-oktyabr ayları ərzində isə 140 minə yaxın pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb.
Məlumat üçün bildirək ki, 2023-cü il yanvarın 1-dən Azərbaycanda bütün növ pensiyaların indeksləşdirilərək artırılması mexanizmi (vahid indeksasiya) tətbiq edilir. Pensiyaların indeksləşdirilərək artırılması elektron qaydada həyata keçirilir.
Əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunub.
Xəbər lenti
0