Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

ABŞ-ın Ermənistandan istifadə etməsi dağıdıcı proseslərə səbəb ola bilər - Millət vəkili

© SputnikMillət vəkili, Elşad Mirbəşiroğlu
Millət vəkili, Elşad Mirbəşiroğlu - Sputnik Azərbaycan, 1920, 23.11.2023
Abunə olmaq
Millət vəkili qeyd edib ki, ABŞ terrorizmdən öz geosiyasi maraqlarının təminatı üçün alət ikimi istifadə edir.
BAKI, 22 noyabr — Sputnik. Azərbaycan-ABŞ münasibətlərində gərginlik yüksələn xətlə davam edir.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın 30 il davam etmiş işğala məruz qaldığı dönəmdə ABŞ Ermənistanın yanında dayanıb.
Millət vəkili Elşad Mirbəşiroğlu Azərbaycan-ABŞ münasibətlərindəki gərginliyin səbəbləri ilə bağlı Sputnik Azərbaycan-a danışıb.
Millət vəkili bildirib ki, ABŞ hər zaman dünyanın müxtəlif regionlarında münaqişələrin yaranmasında, xüsusilə də silahlı qarşıdurma mərhələsinə keçməsində maraqlı olub. Bu ölkə münaqişə amilindən istifadə edərək həmin regionlara müdaxilə etmək, orada öz geosiyasi ambisiyalarını təmin etmək vasitəsi kimi baxır:
"Bu baxımdan Cənubi Qafqaz bölgəsi özünün strateji əhəmiyyəti ilə böyük güc mərkəzlərinin diqqətindədir. Xüsusilə də ABŞ Cənubi Qafqaza öz geosiyasi ambisiyalarının reallaşdırılmasının əsas regionlarından biri kimi yanaşır. Ermənistan hər zaman alət rolunda çıxış edən bir dövlət kimi bu gün ABŞ üçün çox yaxşı fürsətdir. ABŞ-ın Ermənistanı aşkar şəkildə dəstəkləməsi də əsasən onun regionda ambisiyalarının reallaşdırılması ilə bağlıdır. ABŞ özünün əsas rəqibi olan Rusiyanı bütün istiqamətlərdə regionlarda zəiflətməyə çalışır. ABŞ anlayır ki, Ermənistandan da rahatlıqla istifadə edə biləcək".
Elşad Mirbəşiroğlu qeyd edir ki, son onilliklərdə Qərb Ermənistandan fəal şəkildə istifadə etməkdədir. Ermənistan isə bunun müqabilində öz arzularının, maraqlarının təmin olunmasının istəyir. Bu arzular bütövlükdə region üçün çox təhlükəlidir. ABŞ Ermənistanın çirkin niyyətlərinin gerçəkləşməsinə dəstək olarsa, bu, regionumuzda dağıdıcı proseslərə səbəb ola bilər:
"Çünki Ermənistanın Azərbaycana qarşı revanşist niyyətləri qalmaqdadır. Bu baxımdan əminliklə deyə bilərik ki, ABŞ-ın Azərbaycana qarşı mövqeyində hansısa obyektivlik, qərəzsizlik gözləmək doğru olmaz. ABŞ Konqresi tərəfindən 1992-ci ildə Azadlığa dəstək aktına 907-ci düzəlişin qəbul edilməsi Azərbaycanın müstəqilliyinin ilk illərindəcə müstəqilliyimizə vurulmuş çox böyük zərbə idi. Həmin dövrdə Ermənistan Azərbaycan torpaqlarını sistemli şəkildə işğal edirdi, soyqırımlar törədirdi. Bu baxımdan, Ermənistanın Azərbaycana təcavüzündə həm də ABŞ-ın rolu var".
Milltə vəkilinin sözlərinə görə, ABŞ-ın hakim dairələri erməni lobbisinin təsiri altındadır. Digər tərəfdən, ABŞ ermənilərin idarə olunmasının rahat olduğunu bilir. Odur ki, erməni ictimai rəyini öz xeyrinə dəyişmək üçün Ermənistanın cinayətlərinə göz yumurdu:
"ABŞ həm də artıq varlığına son qoyduğumuz keçmiş "Dağlıq Qarabağ" ərazisindəki separatçı xunta rejiminə maliyyə dəstəyi göstərir və bununla Azərbaycan ərazisində separatizmə rəvac verirdi. Baxmayaraq ki, onlar müxtəlif siyasi arenalarda separatizmi təhlükəsizliyə təhdid kimi qiymətləndirirdilər. Yəni bu yanaşmasında da ABŞ qeyri-səmimi və obyektivlikdən çox uzaq olub. Təsadüfi deyil ki, keçmiş xunta rejiminin rəhbərləri də ABŞ-ın dəstəyindən öyünürdülər. ABŞ və Fransanın dəstəyi separatçıları ürəkləndirirdi".
Millət vəkili qeyd edib ki, Fransanın Ermənistana dəstəyini Avropa İttifaqından ayrıca qiymətləndirmək olmaz. Bütövlükdə Aİ-nin Cənubi Qafqaza yanaşmasında Fransadan fərqli mövqe tutduğuna inanmaq yanlış olar. Ona görə də, Azərbaycan Ermənistana münasibəti həm də bütövlükdə Qərbin mövqeyi kimi qəbul edir:
"ABŞ-ın və Fransanın Azərbaycana qarşı qərəzli siyasətində bir tandem var. Bu tandem bütövlükdə Cənubi Qafqaz regionu üçün təhlükə yarada bilər. Bir neçə gün əvvəl iraqlı həmkarı ilə görüşən Azərbaycan prezidenti İlham Əliyev Fransanın mövqeyinin nə qədər təhlükəli olduğunu bir daha təkrarladı. Bu gün Ermənistan Qərbdən aldığı dəstək, onların verdiyi cəsarətlə revanşist xülyalara düşüb. Məhz Qərbin "dəstəyi" nəticəsində sülh danışıqları prosesində hələ də hər hansı sənədə imza atmayıb. Ermənistan hər vasitə ilə yekun sülh sazişini imzalamaqdan yayınmağa çalışır. Ermənistan kənardan aldığı dəstəklə vəziyyətin dəyişəcəyinə ümid edir. 907-ci düzəlişin yenidən qüvvəyə minməsi Ermənistanın təhlükəli çirkin planlarına aşkar siyasi, mənəvi dəstək verilməsi kimi qiymətləndirilməlidir".
Deputat xatırladıb ki, müxtəlif vaxtlarda ABŞ prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin hüquqi təsir qüvvəsini dayandırılırdı. Çünki həmin dövrdə Azərbaycanın dəstəyinə ehtiyac duyulurdu. Azərbaycan beynəlxalq terrorizmlə mübarizənin aktiv iştirakçısı kimi çıxış edirdi və bu, bu gün də belədir. Halbuki ABŞ özü heç zaman beynəlxalq terrorizmlə səmimi mübarizə aparmayıb:
"Əgər belə olsa idi, ilk növbədə erməni terrorizmi ilə mübarizəyə dəstəyini göstərərdi. ABŞ özündə terrorizmlə mübarizəyə dair vahid konsepsiya mövcud deyil. ABŞ-dakı hökumət qurumlarının bir-birinə zidd yanaşmaları mövcuddur".
Elşad Mirbəşiroğlu qeyd edib ki, ABŞ terrorizmdən öz geosiyasi maraqlarının təminatı üçün alət ikimi istifadə edir:
"Biz bu gün görürük ki, Azərbaycan xalqına qarşı davamlı terror aktları törətmiş, dünyanın müxtəlif yerlərində terror hücumları etmiş şəxslərə ABŞ dəstək verir. ABŞ idarəolunan rejimləri sevir. Azərbaycan isə tam müstəqil, milli maraqlarına söykənən suveren siyasətini yürüdür. ABŞ Azərbaycanı öz istəklərinə uyğun davranmağa məcbur edə bilmir. Belə olan halda Azərbaycan qarşı təcavüzkar, işğalçı Ermənistan dövlətini dəstəkləyir".
Deputat xatırladıb ki, Prezidenti Co Bayden ABŞ-ın müxtəlif regionlardakı münaqişələrdə iştirakını ölkəsinin gələcəyinə sərmayə adlandırıb. Bu cür yanaşma beynəlxalq təhlükəsizlik və dünyanın gələcəyi üçün təhdid ifadə edir. İndi isə ABŞ növbəti təhlükəli niyyətlərini Cənubi Qafqazda həyata keçirməyə çalışır.
"ABŞ-ın son zamanlardakı strategiyaları iflasa uğrayır, gözlənilən nəticələri vermir. ABŞ-ın Cənubi Qafqazla bağlı planları da fiaskoya uğrayacaq. Bugünkü Azərbaycan beynəlxalq arenada olduqca təsirli yerə, mövqeyə malik ölkədir. Azərbaycana qarşı Ermənistan kimi heç bir perspektiv vəd etməyən, qonşuları ilə normal münasibətlər qura bilməyən ölkədən istifadə edilməsi yaxşı heç nə verməyəcək" - Mirbəşiroğlu əlavə edib.
Xəbər lenti
0