Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

TRACECA çərçivəsində yük daşıyıcılarına vahid icazə sənədi veriləcək

© Depositphotos.com / Gorodenkoff Yük maşını, arxiv şəkli
Yük maşını, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.11.2023
Abunə olmaq
TRACECA-nın Baş katibi bildirib ki, TRACECA proqramı çərçivəsində ölkələr arasında vahid tranzit icazəsinin tətbiqi ilə bağlı saziş hazırlanıb.
BAKI, 22 noyabr — Sputnik. Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində yük daşıyıcılarına vahid icazə sənədi veriləcək.
Bunu "Report"a açıqlamasında TRACECA-nın Baş katibi Asset Assavbayev bildirib.
Onun sözlərinə görə, TRACECA proqramı çərçivəsində ölkələr arasında vahid tranzit icazəsinin tətbiqi ilə bağlı saziş hazırlanıb: "Bu saziş gələn ilin sonuna icra edilə bilər. Belə ki, gələn ilin əvvəlində biz sazişi imzalamaq niyyətindəyik. Bundan sonra sənəd müxtəlif ölkələrdə ratifikasiya olunmalıdır. Bu proses ilin sonuna qədər uzana bilər. Biz prosesi tezləşdirmək istəyirik, çünki ölkələr vahid tranzit icazəsinin tətbiqində maraqlıdır. Hazırda Azərbaycan, Qazaxıstan və Tacikistanla prosedur işləri aparılır. Türkiyə və Özbəkistan kimi ölkələr sazişə qoşulmaqla bağlı məsələləri nəzərdən keçirirlər".
A.Assavbayev vurğulayıb ki, sazişin məqsədi yüklərin TRACECA boyunca keçidini asanlaşdırmaqdır: "Hazırda nəqliyyat vasitələri üçün ən aktual problem hər bir ölkədə tranzit icazəsinin alınması zərurətidir. Ölkələr tranzit daşımalar cəlb etməyə çalışırlar və buna lazımi şərait yaradırlar, amma sənədləşmə ilə bağlı proseslər daşıyıcıları ruhdan salır. Məsələn, Tacikistan yük daşıyıcısı yüklərini Türkiyə gətirmək üçün Qazaxıstan, Özbəkistann, Azərbaycan və Gürcüstandan tranzit icazəsi almalıdır. Buna görə də biz bu sazişi qəbul etmək, icra etmək istəyirik. Məqsədimiz bu məsələni optimallaşdırmaqdır. Sazişin imzalanmasından sonra TRACECA ölkələrindən olan daşıyıcılar bir tranzit sənədi ilə bütün üzv ölkələrdən yüklərini icazə almadan daşımaq şansını əldə edəcəklər. Bu icazə sənədi elektron formada veriləcək. Tranzit sənədi icra edildikdən sonra dəhlizdən ildə 30 000 yük maşını keçə biləcək".
Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi Proqramı (TRACECA)
Xatırladaq ki, Avropa İttifaqının TRACECA - “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin ticarət və nəqliyyat nazirlərinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları tərəfindən TRACECA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilib.
TRACECA Proqramı Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeni müstəqillik qazanmış dövlətlərinin nəqliyyat infrastrukturunun bərpasına yardım göstərilməsi, Avropa və Asiyanı birləşdirən ən qısa nəqliyyat dəhlizinin yaradılması və bununla regionun Qərbə inteqrasiyası, həmçinin bu dövlətlərin iqtisadiyyatlarının dirçəldilməsinə və inkişafına yönəldilmiş Avropa İttifaqı proqramlarının reallaşdırılmasına xidmət edən etibarlı nəqliyyat sisteminin qurulması məqsədini daşıyır.
7-8 sentyabr 1998-ci il tarixlərində Bakı şəhərində 9 ölkənin dövlət başçısı - Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna, 13 beynəlxalq təşkilat və 32 dövlətdən nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib və TRACECA Proqramı əsasında “Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb, Bakı Bəyannaməsi qəbul edilib.
Xəbər lenti
0