CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Pazfarm"istifadəçilərinin pulunu kim qaytaracaq? - şəbəkə marketinqinin fırıldaqları

© AP Photo / Alastair Grantxaker
xaker - Sputnik Azərbaycan, 1920, 20.11.2023
Abunə olmaq
Mütəxəssis bildirib ki, onlayn şəbəkə oyunu quranlar həmin vəsaitləri xaricdəki kriptovalyuta hesablarına qəbul etdiklərindən vəsaitin geri qaytarılması mümkünsüz olur.
BAKI, 20 noyabr — Sputnik. Azərbaycanda yüzlərlə insanın minlərlə manat xərclədiyi "Pazfarm" şəbəkəsi vəsaitləri mənimsəyərək aradan çıxıb.
Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Platformada 100 min manatdan çox pulu batan insanlar olub.
Platformanın qurbanlarından biri də Röyal Məmmədlidir. Şikayətçi bildirib ki, avtomobilini sataraq vəsaiti bu oyuna yatırıb.
"Maşınımı satıb platformaya pul qoymuşam. Ümumilikdə 12 min manat pul itirmişəm. Tanışlarımı, dostlarımı da şəbəkəyə dəvət etmişdim" deyə şikayətçi bildirib.
Qeyd edək ki, Azərbaycanda yüzlərlə insanın minlərlə manat xərclədiyi "Pazfarm" şəbəkəsinin vəsaitləri mənimsədiyi geniş rezonansa səbəb olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı texnobloger Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb. O, bildirib ki, platformada 50 min manata qədər pulu batan insanlar var.
"Pazfarm" insanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanan pul qazandıran platforma idi. Təsisçilər vəsaitləri kriptovalyutalar ilə aldıqları üçün hazırda batan pulların geri qayıtması mümkünsüz görünür. Zərərçəkənlərin sayı çoxdur. İnsanlar təlaş içində hüquq mühafizə orqanlarına müraciət edirlər", – o, yazıb.
Fərid Pərdəşünas Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Pazfarm" tək deyil, bununla bağlı bir neçə şəbəkə olub. Onun sözlərinə görə, zəncir şəbəkəsinə əsaslanan onlayn şəbəkəyə qoşulan insanlar oyuna müəyyən qədər pul yatırım edirlər. Bundan sonra həmin şəxs etdiyi yatırımdam pul qazanır. Bu isə insanları bu oyunu oynamağa şirnikləndirir.
"Bu şəbəkə oyunundan həqiqətən qazananlar olub. Bunlar əsasən şəbəkənin ilk ayında qoşulanlardır. Şəbəkə oyunu yeni başlananda çox adam qoşulduğundan, şəbəkənin əlində pul olur. Buna görə də pulu paylamağa vəsait sərf edirlər. Bu oyundan günə 10-20 ABŞ dolları qazananlar olub. İnsanlar oyunun pul qazandırdığını görüb daha da çox yatırım edirlər ki, çox qazansınlar. Şəbəkə isə zənciri elə qurub ki, oyuna adam gətirənlər daha çox qazana bilir. Ona görə də, oyuna qoşulanlar öz dost-tanışlarını, qohum-əqrabalarını bura cəlb edirlər. Bu zəncir böyüdükcə qazanılan vəsaitin məbləği də artır. Zəncirə ilk qoşulanlar kifayət qədər məbləğ qazanırlar. Bu oyuna 9-10-cu aylarda qoşulanlar böyük vəsaitlərlə gəlirlər və inanırlar ki, bir ilə yaxın müddətdə oyun insanların etimadını qazanıb. Oyuna küllü məbləğdə yatırım olduğunu görən zəncir marketinqini quranlar həmin vəsaiti götürərək aradan çıxırlar" deyə mütəxəssis bildirib.
F. Pərdəşünas bildirib ki, zəncir marketinqini quranların əsas işi pulu paylamaq və öz gəlirlərini götürməkdir. Onun sözlərinə görə, zəncir marketinqi oyuna yeni oyunçular qoşulmadıqda "partlayır". Bu əsasən oyuna qoşulanlar oyunun 9-10-cu ayında yeni adam cəlb edə bilmədikdə baş verir. Şəbəkə paylamağa pul tapmır. Bu zaman zəncirə yeni qoşulanların pulu batmış olur.
Mütəxəssis bildirib ki, onlayn şəbəkə oyunu quranlar həmin vəsaitləri xaricdəki kriptovalyuta hesablarına qəbul etdiklərindən vəsaitin geri qaytarılması mümkünsüz olur.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirib ki, "Pazfarm" şəbəkəsinin insanların vəsaitlərini mənimsəməsindən məlumatlıdırlar və faktla araşdırma aparılır.
Xəbər lenti
0