CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Reabilitasiya mərkəzləri nəzarətsiz qalıb-Video

© Sputnik / Zulfiyya GuluyevaMəişət zorakılığına məruz qalmış qadınların sığınacağı
Məişət zorakılığına məruz qalmış qadınların sığınacağı - Sputnik Azərbaycan, 1920, 19.11.2023
Abunə olmaq
Cəsarət Valehov bildirib ki, belə mərkəzlərdə çalışan defektoloqlar və loqopedlərin monitorinqinin aparılması nazirliyin səlahiyyətində deyil.
BAKI, 19 noyabr — Sputnik. "Özəl reablitasiya mərkəzlərinə nəzarət Elm və Təhsil Nazirliyinin səlahiyyətində deyil".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov söyləyib. O, bildirib ki, nazirlik özəl reablitasiya mərkəzlərini yoxlaya bilməz. Belə mərkəzlərdə çalışan defektoloqlar və loqopedlərin monitorinqinin aparılması nazirliyin səlahiyyətində deyil.
Qeyd edək ki, son günlər Bakıda loqopedin uşaqla kobud davranışı sosial platformada geniş müzakirəyə səbəb olub.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, Aysel Nəbiyeva adlı loqoped nitq məhdudiyyətli uşağa qışqıraraq, topları qabdan boşaldıb: “Tez topları yığ və mənə gətir. Bu gün sən mənim səbrimi sınadın və səsindən başım ağrıdı”. Daha sonra o, “Gördün ki, adamı necə tabe edirlər?” sözlərini işlədib.
Loqoped Aysel Nəbiyeva oxu.az-a açıqlamasında bildirib ki, görüntülər yarımçıq yayılıb:
“Bu videonu mənim ailəmlə prinsipi olan xanım pul qarşılığında yayıb. Uşağın ailəsi bu barədə şikayətçi deyil, sadəcə narahatlıqları videonun yayılmasıdır. Uşağa qətiyyən şiddət göstərilməyib. Əgər belə bir şey olsaydı, çoxdan haqqımda araşdırma aparılırdı. Atılan şər-böhtandır” deyə o, bildirib.
Nə ilkdir, nə son
Xatırladaq ki, bu loqoped və psixoloqların davranış və nitq pozuntusu olan uşaqlara zorakılıq göstərdiyini əks etdirən ilk görüntü deyil. Bundan əvvəl də "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli saxlanılaraq barələrində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
Davranış və nitq pozuntusu olan uşaqların müalicəsi üçün yaradılmış reablitasiya mərkəzlərində arzuolunmaz halların tez-tez baş verməsi sözügedən mərkəzlərin nəzarətsiz qalması problemini aktuallaşdırıb.
Reablitasiya mərkəzlərinin sayı çox, sanbalı yox!
Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə hallara əksər reabilitasiya mərkəzlərində rast gəlinir. Həmsöhbətimiz bildirib ki, reablitasiya mərkəzlərinə nəzarət olmadığından bu tip məkanların sayı günü-gündən artır: "Artıq hər metrostansiyanın çıxışında belə bəzəkli mərkəzlər açılıb. Bütün şəraiti olan reablitasiya mərkəzləri gəlir mənbəyinə çevrilib. Amma reablitasiya mərkəzlərində çalışanların mütəxəssis olub-olmadığı heç kəsi maraqlandırmır. Bu sahəyə nəzarətsizlik o həddədir ki, manikür ustası, mağazada satıcı işləyənlər də gəlib defektoloq, loqoped işləyir".
Ç. Məmmədli onu da bildirib ki, reablitasiya mərkəzləri monitorinqdən keçirilməlidir.
"Monitorinq zamanı reablitasiya mərkəzlərində işləyən şəxslərin diplomunun olub-olmadığı, nəzəri və praktiki bilikləri yoxlanılmalıdır. Çünki, burada söhbət danışa bilməyən, davranış pozğunluğu olan uşaqlardan gedir. Həmin şəxslərin psixoloji vəziyyəti normal olmalıdır ki, həssas qruplarla işləyə bilsinlər. Burada uşaqların taleyi məsələsi önə çıxardılmalıdır. Təəssüf ki, Azərbaycanda kimin pulu var, həmin adam biznes məqsədilə reablitasiya mərkəzi açır. Bu qanunsuzluğun qarşısı alınmalıdır" deyə Birlik sədri söyləyib.
ASP-li uşaqlarla kimlər işləyə bilər?
Çiçək Məmmədli bildirib ki, hökumət qurumları reabilitasiya mərkəzlərinin işinə nəzarət etməsə, belə neqativ hallar davam edəcək. Onun sözlərinə görə, reablitasiya mərkəzləri fəaliyyət göstərmək üçün heç bir qurumdan lisenziya almır. Onların çoxu QHT kimi qeydiyyatdan keçərək fəaliyyət göstərir. Həmsöhbətimiz deyir ki, defektoloq, loqopedlər işə bir ay sınaq müddəti ilə götürülməlidirlər. Bir aydan sonra onlar imtahandan keçirilməli, uşaqlara qarşı davranışları qiymətləndirilməlidir. Yalnız bundan sonra işə qəbul edilməlidirlər.
"Defektoloq və loqopedlərin nəzəri və praktik biliyi olmalıdır. Çünki, autizmin beş növünün hər birində davranış pozuntusu olur. Belə uşaqlarla işləmək o qədər də asan deyil. Azərbaycanda çox az sayda reablitasiya mərkəzi var ki, orada Autizm Spektr Pozuntusu (ASP) uşaqlarla Türkiyədəki qayda ilə reablitasiya işləri aparılır. Türk üsulu ilə reablitasiyada daha çox psixoloji təlimlərə üstünlük verilir. Ən sonda uşağın danışması üçün defoktoloji iş aparılır. Azərbaycanda isə əksər reablitasiya mərkəzləri uşaqlarda davranış pozğunluğunu aradan qaldırmamış onları danışmağa məcbur edirlər. Bu zaman isə zorakılıq üsullarından istifadə edirlər. Bu üsul dünyada qəbul edilmir. ASP-li uşaqlarda kəskin hiperaktivlik olduğundan, onlar əllərinə keçən hər əşyanı qırıb dağıdırlar. Türkiyədə belə uşaqlara reablitasiya mərkəzlərində təlimlərlə davranış qaydaları öyrədilir. Onlar əvvəlcə telefonla, əşyalarla, hətta insanlarla necə davranmalı olduqlarını öyrənirlər. Bundan sonra onlarda danışıq vərdişləri formalaşdırılır. Bizdə isə valideynlər də, loqoped və defektoloqlardan tələb edir ki, ilk növbədə uşaqda nitq qüsuru aradan qalxsın. Bu səhv reablitasiya nəticəsində zorakılıq görüntüləri ortaya çıxır" deyə o, bildirib.
Çiçək Məmmədli deyir ki, bu sahənin tənzimlənməsi istiqaməti üçün hökumətə təkliflər versə də, hələki baxan yoxdur.
O, ASP-li uşaqların valideynlərinin rəngli, bəzəkli reablitasiya mərkəzlərinin qurbanı olduğunu söyləyir. Bildirir ki, belə mərkəzlərdə reablitasiya üçün ödəniş məbləğləri fantastik qiymətədir. Odur ki, əksər valideynlər övladlarını evdə saxlamağa üstünlük verir, ictimaiyyət arasına çıxartmırlar.
Ç.Məmmədli bildirir ki, dövlətin nəzdində olan reablitasiya mərkəzlərinin sayı barmaqla sayılacaq qədər olduğundan, valideynlər illərlə reablitasiya üçün növbə gözləməli olurlar.
Reablitasiya mərkəzlərinin proqramlarına nəzarət olunmaldır!
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, reablitasiya mərkəzlərində çalışanların çoxu ixtisasları üzrə işləmir. Birlik rəhbəri deyir ki, uşaqlarla işləyən kadrların işlədiyi proqramlara da nəzarət edilməlidir. Bilinməlidir ki, ASP-li uşaqların reablitasiyası üçün hansı proqramdan istifadə edilir. Həmsöhbətimiz deyir ki, belə mərkəzlərə Nazirlər Kabineti tərəfindən nəzarətedici qurum müəyyənləşdirilməlidir ki, lisenziyalaşdırılsın.
"Həmin loqoped deyir ki, onun ailə təhsili diplomu var. Diplomun olması bu sahədə fəaliyyət üçün yetərli deyil. Ailə təhsili fakultəsini bitirən şəxs loqoped işləyə bilməz. Təkcə diplom bu sahədə işləməyə əsas vermir. Onların psixoloji biliyi, durumu yoxlanılmalıdır. Çox təəssüf ki, bu gün Azərbaycanda ASP-li uşaqların taleyi təhlükə altındadır", - deyə K. Ağazadə bildirib.
Xəbər lenti
0